BDU-da Ağdaban soyqırımının qurbanları anılıb
Cəmiyyət
1659
11 Apr 2022 | 15:45

BDU-da Ağdaban soyqırımının qurbanları anılıb

Bakı Dövlət Universitetində (BDU) Kitabxanaçılıq-informasiya fakültəsinin təşkilatçılığı ilə Ağdaban soyqırımının 30-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. 
 
Əvvəlcə Ağdaban soyqırımı qurbanlarının və Qarabağ uğrunda şəhid olan bütün soydaşlarımızın əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. 
 
Sonra Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatı və “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi tərəfindən ərsəyə gətirilən, Ağdaban soyqırımına həsr olunan sənədli film nümayiş etdirilib. Sənədli filmdə qanlı cinayətin dəhşətləri hadisə şahidlərinin məlumatları və digər tarixi faktlarla öz əksini tapıb.
 
Anım tədbirində BDU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Hacıbaba Mustafayev, Kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri Knyaz Aslan və fakültənin tələbələri çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, 1992-ci ilin aprelin 7-dən 8-nə keçən gecə baş verən Ağdaban soyqırımı tarixdə bəşəriyyətə qarşı törədilmiş ən böyük cinayətlərdən biridir. Soyqırım zamanı Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi yandırılıb, kəndin 800 nəfərə yaxın əhalisinə amansız işgəncələr verilib, kənd sakinlərindən 33 nəfər vəhşicəsinə öldürülüb. Diri-diri yandırılanlardan 8 nəfəri 90-100 yaşlı qoca, 2 nəfəri uşaq, 7-si qadın olub. Xeyli insan girov götürülüb və itkin düşüb. Hadisə zamanı klassik Azərbaycan ədəbiyyatının nümayəndələri ağdabanlı şair Qurbanın və onun oğlu Dədə Şəmşirin nadir və qiymətli əlyazmaları məqsədli şəkildə məhv edilib.
 
Natiqlər Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə tarixi zəfərlə bitən 44 günlük Vətən müharibəsində Ağdaban soyqırımının qurbanlarının da qisasının alındığını, artıq ikinci ildir ki, bu dəhşətli soyqırımının ildönümünün əvvəlki illərdən fərqli olaraq yalnız ürək ağrısı ilə deyil, Qarabağımızın azadlığı şəraitində həm də təsəlli və qürur hissləri ilə qeyd olunduğunu vurğulayıblar.
Link kopyalandı!
Son xəbərlər