“Əlibaba müəllimin vəfatına görə hələ də özümə gələ bilmirəm. Çox ağlamışam. Uşaqlıqdan onun pərəstişkarı olmuşam. O gün dəfn mərasimində də iştirak etdik. Əlibaba müəllim ölməzdi, oğlu qəfildən xərçəng xəstəliyindən dünyasını dəyişdi və buna qədər o bilməyib ki, oğlu xəstədir. Ona görə də səkkiz gün sonra Əlibaba müəllim bu dərdə dözməyib özü də dünyasını dəyişdi”.
Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Möhlət Müslümov deyib. Xalq artisti Əlibaba Məmmədovun mədəniyyətimizə çox böyük töhvələr verdiyini bildirib:
“Amma Əlibaba müəllim muğam sənətimizə çox böyük töhvələr verdi. Oxuyanlar üçün dağ boyda repertuarlar qoyub getdi. Əlibaba müəllimlə sonuncu dəfə oğlu dünyasını dəyişməmişdən öncə danışdıq. Hətta dedim ki, səni gətirim bizə. Dedi ki, yox, artıq yeriyə bilmirəm. Sonra eşitdim oğlu dünyasını dəyişib və buna görə bir neçə dəfə zəng vurdum telefona cavab vermədi. Amma insult olmağını bilmirdim, dedilər ki, xəstəxanaya yerləşdiriblər və orda da dünyasını dəyişib. Baxmayaraq ki, mən tar ifa edirdim, amma Əlibaba müəllimin pərəstişkarıydım və insan kimi də onu çox istəyirdim. O, da həmişə mənə gənc vaxtımda dəstək olub. Onda tarda yeniliklər edəndə çoxları məni qınayırdı, amma Əlibaba müllimlə Habil Əliyev dəstək oldu. Onunla məclislərə düşürdük. O, “Dəşti” muğamının yaradıcısı idi, düzdü, bunu həmişə kamançada ifa ediblər. Amma sanballı toy olanda Əlibaba müəllim bilirdi “Dəşti” sifariş verəcəklər və ona görə də məni özüylə aparırdı.
Bu çox böyük itkidir, onun getməyilə böyük bir sütun çökdü. Biz ola bilsin ki, hələ bunu hiss etmirik. Əgər pandemiya olmasaydı, onun dəfnində kimlər olardı Allah bilir. Ona borcumuz çoxdur”.
Vasif Əlihüseyn