““Bir neçə gün öncə “Ata ocağı” serialının 900-cü seriyası efirə getdi. Bu münasibətlə Xəzər tv ailəsi həmin günü serialımıza həsr etdi. Səhər tezdən “Səhər mərkəzi” verilişində həmkarım, xalq artisti Qurban İsmayılov ilə qonaq olduq. Daha sonra isə həmin gün serialın digər əməkdaşları və iştirakçıları ilə birgə “Təsir dairəsi” verilişinə dəvət aldıq. Göstərdikləri diqqətə görə telekanalın rəhbəri Murad Dadaşov başda olmaqla bütün əməkdaşlarına öz təşəkkürümü bildirirəm”
Bunu Moderator.az-a açıqlamasında xalq artisti Həmidə Ömərova bildirib. O daha sonra əlavə edib.

““Ata ocağı” serialı artıq 5-ci mövsümdür ki, çəkilir. Serialın mərkəzində bir ailə, onun problemləri var. Təkcə söhbət bir ailədən getmir, bu ailəni əhatə edən qonşular, qohumlar, tanışlar və onların ailə problemləri də ön plana çıxır. Təbii ki, tamaşaçı auditoriyasını ona görə itirmirik ki, göstərilən problemlərin əksəriyyətini tamaşaçılar sanki hardasa özlərində görüblər, kənardan baxanda özlərini tanıyırlar. Ailə problemləri bitmək bilmir, ona görə də tamaşaçıların ən çox sevərək baxdıqları verilişlər məhz bu problemlərə həsr olunur. Neçə ildir ki, biz bu serialı çəkirik, hər dəfə də ailələr dəyişir, problemlər təzələnir, insanlar müxtəlif çətinliklərlə qarşılaşır və sonra da bu çətinliklərdən çıxış yolu axtarırlar. Bu da tamaşaçıları düşündürür, narahat edir. Senari müəllifləri də düşünür ki, aktual məsələləri bu ekran əsərində əks etdirsinlər. Biz də bu gün tamaşaçı auditoriyası qazanırıqsa, demək ki, senari müəllifləri istədiklərinə nail olurlar” deyə xalq artisti bildirib.
Serialın rejissoru Rüfət Şahbazov deyir ki, ekran işinin 900 seriyaya gəlib çatacağını gözləmirdi.

“Sözün düzü, biz düşünmürdük ki, “Ata ocağı” serialı gəlib 900-cü seriyaya gəlib çıxar. Hətta mən xoşlayıram ki, serial bir mövsüm olub bitsin, digər mövsüm başqa bir hekayə çəkək. “Ata ocağı” serialı izlənilir və televiziyanın layihəsi olduğuna görə davam edir. Biz də davam edirik. Biz düşünürdük ki, 5-ci mövsümdə bir az geriləmə olacaq, seriala baxan insanların sayı azalacaq. Bir də sosial şəbəkələrdən qeyri-təbii üstümüzə bir axın gəlirdi ki, serialı bağlayın. Amma keçən ilə nisbətən effekt daha üstündür, daha çox insanlar baxır. Ona görə də heç kimə fikir vermədik, vermirik də. İşimizə davam edirik. Çünki peşəkar aktyorlarımız var, illərdir bu sektorda çalışan sənətkarlar bizim serialda çəkilirlər. Hekayələrimiz yazılır, müəyyən bir xətt var ki, mövsümün sonuna qədər gedəcək. Mən düşünürəm ki, bu il 1000-ci seriyanı başa vuracağıq. Bu il yəqin ki, serial bitəcək və mən öz aktyor truppamı da götürüb, daha böyük layihələrə başlayacağam. Bundan sonrakı layihələrdə bu cür çoxseriyalı serial olmayacaq. Tamaşaçı nəyə görə bizim seriala baxır?! Bizim əsas məqsədimiz odur ki, ailə-məişət zəminində olan sosial problemləri göstərək, daha sonra həm də həlli yolunu və necə olmaq lazımdırsa onu da göstərək. Obrazların dili ilə insanlara mesaj ötürürük. Tərbiyəvi mövzuları təbliğ edirik. Ona görə də mənə Hollivud lazım deyil. Dünyanın ən yaxşı, ən bahalı filmi əgər mənim millətimin mentalitetini pozacaqsa mən nə o serialı çəkərəm, nə də onu yayımlayaram. Qoy zəif çəkək, amma millətimizə mənəvi xeyrimiz olsun” deyə serialın rejissoru Rüfət Şahbazov bildirib.
Serialın ssenaristi Valeh Əhmədov deyir ki, hadisələr hər bölümdə artan xəttlə inkişaf edir.

“Serialın ssenarilərini “Qələm” qrupu ilə bərabər yazırıq. Uzun müddətdir ki, bu peşəkar ssenaristlərlə birlikdə çalışırıq. Serialın rejissoru Rüfət Şahbazov və kreativ prodüsseri Amiran Babayevlə daim təmasdayıq, çox gözəl anlaşırıq. Bir də 2010-cu ildən bu günə qədər ümumi istəyimiz dəyişməyib, istəyirik ki, sektorumuz inkişaf etsin, ayaqüstə qalsın. İldən-ilə, mövsümdən-mövsümə keçdikcə ssenari işi bir az da çətinləşir, çünki hər mövsümün, ayın, həftənin, günün yeni hadisələri, ssenariləri lazım olur və keçmişdə etdiklərimizi təkrarlamamalıyıq. Doğma televiziyamızın və izləyicilərimizin etimadını əsla itirməməliyik. Ona görə də hər üzvün qarşısında məqsəd qoyuruq, tükənməmələri üçün bir çox addımlar atırıq, filmlər izlənilir, yeniliklər öyrənilir, kitablar oxunur və master klasslar keçirilir. Ssenaristlərimiz qane olmurlar, daha nəyi edə bilərik ki, tamaşaçılar bizi maraqla izləsinlər?” prinsipi ilə çalışırlar. Biz komanda olaraq heç vaxt “rekord vurduq”, “birinciyik”, “dağıtdıq” və s. sözlərdən istifadə etmirik. Komanda olaraq məqsədimiz tamaşaçı, izləyici məmnunluğudur” deyə Valeh Əhmədov bildirib.