Cəmiyyət
3132
25 Jan 2022 | 19:22

"Uşaqların fiziki, zehni, psixoloji və mənəvi inkişafı paralel şəkildə aparılmalıdır"

Bugün ölkəmizdə mövcud sosial problemlərə konseptual yanaşma ortaya qoymaqla bağlı çatışmazlıq müşahidə olunur. Bu çatışmazlığın aradan qaldırılmasında elmlə məşğul olan soydaşlarımızın üzərinə böyük məsuliyyət düşür.
 
Bu yazıda, mən müşahidə etdiyim bir sosial problemlə bağlı mülahizələrimi bölüşəcəm.
 
Psixoloqlara görə, insan inkişafı 4 qatdan ibarətdir:
 
- fiziki inkişaf (bədən, bioloji amillər)
- zehni inkişaf (zəka, məntiq, savad, IQ)
- psixoloji inkişaf (hisslər, EQ) 
- mənəvi inkişaf (əxlaq, vicdanlılıq, ədalətlilik)
 
Bu qatlara uyğun olaraq, psixoloqlar insan yaşını 4 kateqoriyaya bölür: bioloji yaş, zehni yaş, psixoloji yaş, mənəvi yaş. 
 
Azərbaycan "Ailə məcəlləsi"nə (maddə 58.2) görə, valideynlər uşaqların tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Eyni zamanda, valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar (maddə 58.4).
 
"Təhsil haqqında" qanuna (maddə 4) görə, təhsilin əsas məqsədlərindən biri şəxsiyyət yetişdirməkdir. "Təhsil haqqında" qanunda (maddə 11), təhsilalanların şəxsiyyət kimi inkişaf etməsini təmin etmək, təhsilin məzmununa və təşkilinə dair ümumi tələb kimi müəyyən edilib.
Psixoloqlara görə isə, uşaqların şəxsiyyət kimi inkişafı üçün fiziki, zehni, psixoloji və mənəvi inkişafı paralel şəkildə aparılmalıdır. Uşaqların fiziki, zehni, psixoloji və mənəvi yaşları arasında uyğunsuzluq olduqda, şəxsiyyət kimi inkişafında problemlər yaranır.
 
Yuxarıda sadaladığım qanunlar, valideynlər və təhsil müəssisələri üçün uşaqların psixoloji və mənəvi inkişafını hüquqi məsuliyyət kimi müəyyən edib. Ancaq təəssüf ki, Azərbaycanda nə valideynlər, nə də təhsil müəssisələri uşaqların psixoloji və mənəvi inkişafı üçün zəruri diqqət ayırmır. Bütün diqqət uşaqların fiziki və zehni inkişafına, savadının, bacarıqlarının artırılmasına, maddi təminatına yönəlib. Bu isə savadlı, bacarıqlı, fiziki baxımdan sağlam, ancaq psixoloji və mənəvi baxımdan yetkin olmayan nəsillərin yaranmasına səbəb olur. Psixoloji və mənəvi baxımdan inkişaf etməyən uşaqların gələcəkdə şəxsiyyət problemi ilə üz-üzə qalması qaçılmazdır.
 
Uşaqların psixoloji inkişafı üçün öncə valideynlər öz psixoloji sağlamlığının qeydinə qalmalı, psixoloji mövzularda kitablar oxumalıdır. Bu baxımdan Türk psixoloq, mərhum Doğan Cücəloğlunun kitablarını oxumaq tövsiyə olunur. İnsanlar psixoloqa getməkdən də çəkinməməlidir. Psixoloqa getmək barədə cəmiyyətimizdə mövcud olan tabu/önyarqı qırılmalıdır. Qərb toplumlarında bu tabular çoxdan qırılıb. 
 
Təhsil müəssisələrində isə psixoloqların bilik və təcrübəsi təhsilalanlara peşəkar psixoloji xidmət göstərəcək səviyyəyə çatdırılmalıdır. Bu sahədə xüsusi dövlət proqramının hazırlanmasına, Təhsil Nazirliyinin psixologiya elmi üzrə ixtisaslaşmış beynəlxalq mərkəzlərlə əməkdaşlıq etməsinə ehtiyac var. Azərbaycan məktəblərində psixoloqlar, əksər hallarda formal olaraq fəaliyyət göstərir. Baxmayaraq ki, "Təhsil haqqında" qanunda (maddə 14.20), təhsil müəssisələrində psixoloji xidmətin təşkil olunması və “Psixoloji yardım haqqında” qanunun tələblərinə riayət edilməklə, psixoloji yardımın həyata keçirilməsi nəzərdə tutulur. İnkişaf etmiş Qərb ölkələrindəki məktəblərdə isə ən məsuliyyətli işi psixoloqlar yerinə yetirir.
 
Uşaqların mənəvi inkişafı üçün, valideynlər öz əxlaqi keyfiyyətləri, mənəvi dəyərləri ilə uşaqlarına nümunə olmalıdır. Təhsil müəssisələri isə təhsilalanların təlim-tərbiyəsində ümumbəşəri dəyərlərin, vicdanlılıq və ədalətlilik prinsiplərinin aşılanmasını prioritet olaraq seçməlidir. "Təhsil haqqında" qanunda (maddə 19.13),  təhsilalanların ümumbəşəri dəyərlərə sədaqət ruhunda tərbiyə olunması ümumi orta təhsilin məqsədlərindən biri kimi qeyd olunub. 
"Əxlaq kompası xeyir və şər arasında doğru seçim etməyə kömək edir" başlıqlı yazımda mənəvi inkişaf/təkamül barədə fikirlərimi bölüşmüşəm. www.bit.ly/3ICgiZQ
 
Bir sözlə, hüquqi baza mövcuddur, ancaq icraatda çatışmazlıqlar var.
 
Fazil Qasımov / İstanbul
Link kopyalandı!
Son xəbərlər