“Maksim Musayevlə birgə təkidlə Kəlbəcərin işğalıyla bağlı iclasa girib sözümüzü dedik...” 
3683
05 Dec 2021 | 20:16

“Maksim Musayevlə birgə təkidlə Kəlbəcərin işğalıyla bağlı iclasa girib sözümüzü dedik...” 

“Hətta bir dəfə parlament binasında Maksim müəllimi Bakı şəhər prokuroru və işçiləri məcburi qaydada avtomobilə əyləşdirib aparmaq istəyirdilər...”
 
Bu gün –dekabrın 5-i Azərbaycanın görkəmli ictimai-siyasi xadimi, Yeni Azərbaycan Partiyasının səmimi, təmənnasız qurucularından biri, Milli Məclisin sabiq deputatı Maksim Musayevin vəfatının 40-cı günü ilə bağlı məhdud sayda olmaqla doğmaları, ən yaxın qohum və dostları mərhumun məzarı başına yığışıblar. Mərasimdə dostları və keçmiş həmkarları Maksim Musayev haqda xatirələrini bölüşüb, onun yüksək insanı, vətəndaşlıq keyfiyyətlərindən bəhs ediblər. 
Maksim Musayevin yaxın dostlarından biri, Milli Məclisin sabiq deputatı Cahangir Hüseynov öz xatirələrini Moderator.az redaksiyasına çatdırıb.
 
“Maksim Musayev - adı Azərbaycanın ictimai-siyasi həyatında uzun illər tanınmış bir şəxsiyyətdir. Gənclik illərində  komsomol-partiya orqanlarında çalışıb.  Qax və  Xızı rayon partiya komitələrinin birinci katibi, Xızı rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində işləyib. İki çağırış Azərbaycan Ali Sovetinin deputatı və birinci çağırış Milli Məclisin üzvü kimi fəaliyyət göstərib.
 
Maksim  müəllimlə tanışlığımız 1991-ci il 12-ci çağırış Azərbaycan Ali Sovetinin deputatı kimi  birgə  fəaliyyətimizdən başlayır. Respublikamızda həmin vaxtlar ağır ictimayi-siyasi bir dövr idi. Torpaqlarımızın işğalı, daxildəki hakimiyyət çəkişmələri ölkədə ciddi dəyişikliklərə ehtiyac yaradırdı...
 
...1992-ci ilin noyabr ayında Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaranmasının təməlini qoyanlardan biri də  Maksim Musayev oldu. Həmin vaxtlar mən artıq Ağdaş Rayon Polis rəisi vəzifəsindən Biləsuvar rayonuna eyni vəzifəsinə dəyişdirilmişdim. İlk dəfə böyük bir çətinliklə 1992-ci ilin noyabrında Biləsuvar rayonunda YAP-ın rayon şöbəsinin təsis konfransını keçirə bildik. Bu işdə Murtuz Ələsgərov, Sirus Təbrizli, Əli Nağıyev, Asya Manafova, Şahlar Əsgərovla yanaşı,  Maksim Musayevin də müstəsna xidmətləri olmuşdu. Tezliklə respublikanın əksər rayonlarında YAP-ın təsis konfransları keçirildi... Artıq mən də polis rəisi vəzifəsindən istefa verib Bakida Milli Məclisin iclaslarına qatılmaq gərarına gəldim. Həmin vaxtlar Ali Sovetin 400-ə yaxın deputatının fəaliyyəti  Milli Şura tərəfindən qanunsuz olaraq “dondurulmuşdu”. Deputatların əksəriyyəti Milli Məclisin iclaslarına qatılmırdılar. Lakin 1992-ci ilin dekabından 1993-ci ilin iyun hadisələrinə gədər Maksim müəllimlə mən, demək olar ki, Milli Məclisin əksər iclaslarına bir yerdə qatılırdıq və sözümüzü deyirdik. Maksim müəllimin həmin dövrdəki kəsərli çıxışları yaddaşlarda qalıb. 1993-cü ilin aprel ayında Kəlbəcər rayonu işğal olundu. Milli Məclis rəhbərliyi Kəlbəcərin işğalıyla bağlı qapalı iclas keçirmək bəhanəsi ilə mənim və Maksim Musayevin iclas zalına girişimizi yasaq etmişdi. Lakin buna baxmayaraq biz irad göstərib həmin iclasda iştırak edərək çıxışlar edib sözümüzü dedik, hakimiyyətin Kəlbəcər rayonunun işğalına gətirib çıxarmış yarıtmaz fəaliyyətini təndiq etdik... 
 
Az sonra Ulu Öndər Heydər Əliyev uzun fasilədən sonra qardaşı Həsən Əliyevin “40” mərasimində iştirak etmək üçün Naxçıvandan Bakiya gəldi. Binə hava limanında biz onu böyük təntənə ilə qarşıladıq.  Ertəssi gün isə Yeni Azərbaycan Partiyasının gərargahında mən və Maksim müəllim birlikdə H.Əliyevlə görüşdük. Görüşümüz bir saatdan artıq çəkdi. Daha sonra biz “28 May” metrosu yaxınlığında Ulu Öndərin gəzintisini böyük bir qrupla müşayiət etdik. Artıq, demək olar ki, Respublikada böyük itaətsizlik, hərc-mərclik baş alıb gedirdi. 132 Ali Sovet deputatının imzasını toplayıb Ali Sovetin sessiyasının keçırılməsi tələbini Milli Məclis rəhbərliyinə təqdim etdik.  Həmin imzaların toplanmasında Maksim Musayevin də müstəsna xidmətləri oldu. Hətta onu Respublika Prokurorluğuna dəvət edib xəbərdarlıq etmişdilər ki,  imzalar toplamaqdan çəkinsin. Əlbəttə, bu, Respublika prokurorluğu tərəfindən qanunsuz bir hərəkət idi. Hətta bir dəfə parlament binasında Maksim müəllimi Bakı şəhər prokuroru və işçiləri məcburi qaydada avtomobilə əyləşdirib aparmaq istəyirdilər. Biz böyük bir çətinliklə həmin qanunsuz hərəkətin qarşısını ala bildik...
 
Əlbəttə,  həmin hadisələr, Maksim müəllimlə bağlı xatirələrdən xeyli danışmaq olar... 
 
Maksim Musayev həm də şahidi olduğu hadisələri özünün qələmə aldığı kitablarında  qeyri-adi bir üslubla obyektiv şəkildə və geniş ışıqlandırırdı. Mən də təqdiqatçı bir insan kimi həmin dövrün xatirələrini, o cümlədən Maksim Musayevin iştirakçısı olduğu məqamları geniş qələmə almağı qarşıma vəzifə qoymuşam... Maksim müəllim  ömrünün son aylarınadək  1970-1980-cı illərdən bəriki tariximiz, eləcə də erməni məsələsi,  Qarabağ, İrəvan, Zəngəzur   və s. haqda araşdırmalarını davam etdirirdi... 
 
Maksim Musayevin  vəfatı xəbəri məni hədsiz kədərləndirdi. Təəssüf ki,  pandemiya ilə bağlı və səhhətimlə əlaqədar  onun hüzr məclisində iştirak edə bilməsəm də,  övladlarına yaxın dost və sirdaşlarına telefon vasitəsi ilə başsağlığı verə bildim. 
 
Bir vacib məqamı da qeyd edim ki, Maksim Musayev kimi hakim Yeni Azərbaycan Partiyasının yaradılmasında böyük zəhməti olmuş bir ictimai-siyasi xadimin vəfatı ilə bağlı nə dövlət, nə də YAP rəhbərliyi səviyyəsində adi bir başsağlığı, nekroloq da verilməməsi təəssüf doğurdu. Özü də mən Maksim müəllimin vəfatı xəbərini alan kimi YAP mətbuat xidmətinə, eləcə də parlament sədrinin müavinlərindən birinə zəng edib belə bir nekroloqun verilməsinin vacibliyini vurğuladım... Təəssüf ki, bir nəticə olmadı...
 
Maksim müəllimin xatirəsi onun yaxın dostlarının qəlbində daim yaşayacaqdır. 
Bu kiçik xatirə yazımla  saytınız vasitəsilə Maksim müəllimin ailə üzvlərinə, əzizlərinə, dostlarına  dərin hüznlə başsağlığı verirəm. 
 
Allah  rəhmət eləsin!..”
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər