2020-ci ilin 27 sentyabr tarixində başlayan və 44 gün davam edən Vətən müharibəsində zəfər çalan Azərbaycan ordusu sadəcə ölkəmizdə deyil, bütün regionda yeni bir dönəmin əsasını qoydu. 44 gün ərzində erməni işğalçılarını darmadağın edən Azərbaycan ordusunun şanlı qalibiyyəti nəticəsində dövlətimizin ərazi bütövlüyü təmin edildi, 30 ilə yaxın işğal altında qalan torpaqlarımız öz azadlığına qovuşdu.
Vətən müharibəsi Azərbaycan dövlətinin, Azərbaycan xalqının mübarizə əzmini, hərbi, iqtisadi, siyasi qüdrətini bütün aydınlığı ilə ortaya qoydu ki, bu əzm illər, əsrlər sonra da dünyanı heyrətləndirəcək, ordumuzun Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlar böyük tədqiqat və araşdırmaların əsas mövzusunu təşkil edəcəkdir.
Vətən sevgisi ilə silahlanan ordu!
44 günlük Vətən müharibəsi sadəcə Azərbaycan ordusunun arsenalında olan çoxsaylı müasir hərbi texnika və avadanlığın real döyüş şəraitində uğurlu nümayişi ilə yadda qalmadı. Bu müharibə hər şeydən daha çox Azərbaycan əsgərinin, Azərbaycan xalqının vətən, bayraq, torpaq sevgisi ilə yadda qaldı. Öz vətən sevgisi, vətən eşqi ilə düşmənə meydan oxuyan Azərbaycan xalqı, 44 gündə Azərbaycan ordusu ilə tam bir həmrəylik nümayiş etdirdi, döyüşən ordunun mənəvi-ruhi güc mənbəyinə çevrildi. Məhz bu Vətən sevgisi nəticəsində düşmən ordumuzla qarşılaşmada öz sialh-sursatını ataraq qaçmağa, təslim olmağa, aman diləməyə məcbur oldu.
Mənəvi dəyərlərə, milli mənlik şüuruna, vətən sevgisinə bağlılığın müharibə meydanında ən güclü, dəhşətli silahdan belə daha böyük üstünlük kəsb etdiyi, hər bir döyüşün taleyinə həlledici dərəcədə təsir göstərdiyi gerçəyini 44 günlük Vətən müharibəsi bir daha sübut edir. Uzun illər ermənipərəst dövlətlər, anti-türk qüvvələri tərəfindən silahlandırılan, “S-300”, “İsgəndər” kimi dağıdıcı raketlərə malik olan Ermənistan, cəmi 44 gündən sonra ordumuz qarşısında ağ bayraq qaldırmağa, kapitulyasiya imzalamağa məcbur oldu. Halbuki, Şuşa uğrunda gedən döyüşlərdə ordumuza qarşı beynəlxalq qanunlarla qadağan edilən “İsgəndər” raketlərindən istifadə edən erməni faşizmi bu silah sayəsində ordumuz qarşısında üstünlük əldə edəcəyinə inanır, bu raketə böyük ümidlər bəsləyirdi. Lakin Azərbaycan əsgərinə qarşı “İsgəndər” raketlərinin tətbiqi belə onu dayandıra, uğurlu əməliyyatlarının qarşısını ala bilmədi. Şuşa uğrunda gedən döyüşlərdə düşməni tar-mar edən Azərbaycan ordusu xalqımızın qədim mədəniyyət şəhərini işğaldan azad etdi, Şuşada dövlətimizin üçrəngli bayrağını ucaltdı.
Şuşa döyüşləri, bu döyüşlərdə ordumuzun sərgilədiyi mətinlik və dözüm bir daha göstərdi ki, mənəvi dəyərlərə bağlılıq, vətən sevgisi hər cür silah və texnikadan daha önəmli, daha vacibdir. Ali mənəvi dəyərlərdən, humanizmdən məhrum olan erməni hərbçilərinin hərbi əməliyyatlar zamanı öz silah-sursatını, hərbi texnikasını bir çox hallarda atıb qaçması, Bakıdakı Hərbi Qənimətlər Parkını bu cür tank və texnikaların “bəzəməsi” faktı da bu həqiqətin ən böyük sübutlarından biridir.
Və sevindiricidir ki, 44 günlük Vətən müharibəsində adını tarixə qızıl hərflərlə yazdıran Azərbaycan gəncliyi milli mənəvi dəyərlərə dərindən bağlılığa, sözün həqiqi mənasında böyük vətən sevgisinə malikdir.
Nəhəng iqtisadi güc və qeyri-adi quruculuq qabiliyyəti...
Vətən müharibəsindəki qalibiyyət Azərbaycan dövlətinin həm də böyük iqtisadi güc və qüdrətə malik olduğunu göstərdi.
Məlum olduğu kimi, müharibə hər şeydən öncə böyük maliyyə və iqtisadi güc tələb edir. Çünki müharibənin nəinki bir günü, hətta bir saatı da böyük maliyyə vəsaiti, güclü iqtisadi resurslar tələb edir. 44 gün ərzində Azərbaycan ordusunun həyata keçirdiyi sürətli hücum əməliyyatı, ordunun maddi-texniki təchizatının yüksək səviyyədə təminatı, o cümlədən, müharibədən dərhal sonra işğaldan azad edilən torpaqlarımızda həyata keçirilən böyük tikinti-quruculuq prosesi Azərbaycan dövlətinin hərbi qüdrəti kimi iqtisadi qüdrətinin də son dərəcə böyük olduğunu göstərdi.
Bildiyiniz kimi, artıq bir ilə yaxındır ki, işğaldan azad edilən torpaqlarımızda nəhəng layihələr, böyük quruculuq işləri həyata keçirilməkdədir. Sosial obyektlərin tikintisindən tutmuş, tarixi-mədəni abidələrin bərpası, sənaye və kənd təsərrüfatı müəssisələrinin inşası, “yaşıl enerji” zonalarının salınması, “ağıllı şəhər”, “ağıllı kənd”lərin salınması və s. dövlətimizin iqtisadi qüdrətinin böyüklüyündən xəbər verir.
Artıq hər kəs əmindir ki, qısa zamanda Qarabağın dirçəlişi uğurla başa çatdırılacaq, 30 il öncə öz doğma yurdundan-yuvasından didərgin düşən soydaşlarımız yenidən öz doğma şəhərlərinə, kəndlərinə qayıdacaqlar. Bu qayıdışı təmin edən isə heç şübhəsiz 8 Noyabr zəfəri, Azərbaycan ordusunun şanlı qalibiyyətidir.
Xalqın hər zaman sevgi və minnətdarlıqla yad edəcəyi Ali Baş Komandan!
Azərbaycan ordusunun 8 Noyabr zəfərinin baş memarı, bu zəfərin başlıca müəllifi heç şübhəsiz Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevdir. Müharibədən uzun illər öncə diplomatik arenada erməni faşizminin mahiyyətini, rəsmi İrəvanın işğalçılıq siyasətini, bu siyasətin regiona gətirdiyi məhrumiyyətləri konkret faktlar əsasında ortaya qoyan, erməni xislətini ifşa edən Ali Baş Komandan, 44 günlük Vətən müharibəsində əsl sərkərdəlik qabiliyyətini ortaya qoydu.
İlham Əliyevin komandanlığı altında gerçəkləşən “Dəmir yumruq” əməliyyatı Ermənistanın hərbi potensialının 80%-nin məhv edilməsi, onun həm canlı qüvvəsinin, həm də texnikasının sıradan çıxarılması, rüsvayçı məğlubiyyətə uğradılması ilə nəticələndi. Müharibə dönəmində Ermənistana yardım edən, onu silahlandırmağa, müqavimət gücünü artırmağa çalışan qüvvələrin səylərinə baxmayaraq, Ali Baş Komandan işğalçı qüvvələri darmadağın etdi. Ölkə başçısı bununla bir daha sübut etdi ki, Azərbaycan ordusu regionun ən güclü ordusudur və bu ordu qarşıya qoyulan istənilən tapşırığı ən yüksək səviyyədə yerinə yetirməyə qadirdir.
Mən qarşıdan gələn 8 Noyabr Zəfər Günü münasibəti ilə bütün Azərbaycan xalqını təbrik edir, onu bu şanlı qələbənin bir illiyi münasibəti ilə təbrik edirəm. Ali Baş Komandanımızın, xalqımızın, şəhidlərimizin və qazilərimizin fədakarlığı nəticəsində əldə edilən bu qələbə əsrlər sonra da xalqımızın mübarizə və qalibiyyət əzmi kimi hər zaman qürurla yad ediləcək və iftixarla xatırlanacaq!
Şəfəq Salmanlı,
Ədliyyə Nazirliyi, Nəsimi Rayon Qeydiyyat Şöbəsinin rəisi