Kəlbəcərin bərpa planı hazırdır: İstisuda 425, Başlıbeldə 559 ev tikiləcək
Cəmiyyət
3392
17 Sep 2021 | 14:04

Kəlbəcərin bərpa planı hazırdır: İstisuda 425, Başlıbeldə 559 ev tikiləcək

İşğaldan azad olunmuş ərazilərin bərpası ilə bağlı Strateji Fəaliyyət Planı çərçivəsində infrastrukturların yenidən qurulmasına dair layihələrin icrasına başlanıb.
 
Artıq 7 rayonun hamısında, eləcə də Hadrut və keçmiş Ağdərə rayonunun işğaldan azad edilmiş məntələrində yol və elektrik enerjisi infrastrukturunun bərpası və tikintisi geniş vüsət alıb. Rayon mərkəzləri və kəndlərin bərpası və yenidənqurulmasına dair nəzərdə tutulan layihələrin də icrası ilə bağlı aidiyyəti üzrə konkret tapşırıqlar verilib. Bərpa proqramında işğaldan azad olunmuş bütün rayonlarda kiçik kəndlərin birləşdirilməsi, yaşayış zonalarının salınması, sosial obyektlər və xidmət sahələrinin tikintisi məsələlərinə də aydınlıq gətirilib.
 
Rəsmi mənbələrdən əldə etdiyimiz məlumatlara görə, ərazilərin bərpası və məskunlaşdırılması üzrə müəyyən edilmiş prinsiplər yekun müzakirələrdən keçib, ayrı-ayrı rayonlarda həyata keçiriləcək işlərin bölgüsü və qrafikləri aidiyyəti qurumlarla razılaşdırılıb və onların icrası üçün konkret tapşırıqlar verilib. Ərazilərin bərpası ilə bağlı ən çox müzakirə olunan məsələlərdən biri – kiçik kəndlərin birləşdirilməsinin meyar və prinsipləri də artıq bəllidir.
 
Bəs, sərt dağlıq ərazilərə malik olan və hərbi cəhətdən strateji əhəmiyyət daşıyan Kəlbəcər və Laçında bərpa və yenidənqurma layihələri hansı prinsiplərə əsaslanacaq?
 
Bu  və ya digər sualların cavabı ərazisinə və yaşayış məntəqələrinin sayına görə işğaldan azad edilmiş rayonlar arasında ən böyüyü olan Kəlbəcərin timsalında daha aydın görünür. Həm Kəlbəcərdə, həm də Laçında həyata keçiriləcək layihələrdə iki məqam daha çox diqqət çəkir: rayonlararası yol infrastrukturunun əsaslı şəkildə yenidən qurulması və kiçik kəndlərin birləşdirilməsi. Bərpa proqramından görünür ki, hər iki rayonu bir-birinə bağlayan və respublikanın digər bölgələri ilə əlaqəsini təmin edəcək yolların tikintisinə xüsusi önəm veriləcək. Kiçik kəndlərin birləşdirilməsi isə yalnız ucqar zonalarda yerləşən yaşayış məntəqələrinə aiddir, yol və digər kommunikasiyalara yaxın ərazilərdə yerləşən kəndlər öz yerində qalır.
 
124 kənddən yalnız 56-sı yenidən qurulacaq
 
Xatırladaq ki, sahəsi 1961 kv.km və ya 196,1 min hektar (Ağdərə rayonundan Kəlbəcərin inzibati tərkibinə verilmiş 23 kəndin ərazisi istisna olmaqla) olan Kəlbəcər rayonu işğala qədər 126 yaşayış məntəqəsindən ibarət idi: Kəlbəcər şəhəri, İstisu qəsəbəsi və 43 inzibati ərazi dairəsi üzrə 124 kənd. Lakin bərpa sənədlərinə əsasən, rayonun yalnız 58 yaşayış məntəqəsi, o cümlədən Kəlbəcər şəhəri, İstisu qəsəbəsi və 56 kənd yenidən qurulacaq. Bu isə o deməkdir ki, rayonun 68 kiçik kəndi digər iri yaşayış məntəqələrinə birləşdiriləcək. Bərpa proqramında iri yaşayış məntəqələrinə birləşdiriləcək kəndlərin siyahısı da əksini tapıb. Beləliklə, hazırda əhalisinin sayı 75 min 714 nəfər təşkil edən Kəlbəcər rayonun bütün sakinləri 1 şəhər, 1 qəsəbə və 56 kənddə yerləşdiriləcək.
 
Bərpa planına əsasən, Kəlbəcərdə yaşayış məntəqələrinin yenidən qurulması 4 mərhələdə həyata keçiriləcək. Birinci növbədə bərpa olunacaq ərazilərə 13 yaşayış məntəqəsi daxildir: Kəlbəcər şəhəri, İstisu qəsəbəsi, Zar, Keşdək, Qılınclı, Qamışlı, Hacıkənd, İlyaslar, Lev, Zallar, Başlıbel, Ağcakənd və Zülfüqarlı kəndləri aiddir. İkinci növbədə bərpası nəzərdə tutulan yaşayış məntəqələri üzrə yenidənqurma tədbirləri 3 fazaya bölünür. Birinci fazada 39, ikinci fazada 5 kəndin bərpası nəzərdə tutulur. Ağdaban kəndi və keçmiş Ağdərə rayonunun Kəlbəcərin inzibati ərazisinə daxil edilmiş 23 yaşayış məntəqəsinin bərpası və yenidən qurulması isə üçüncü fazada icra olunacaq.
 
İri yaşayış məntəqələrinə birləşdiriləcək kəndlərin siyahısı da diqqət çəkən məqamlardandır. Belə ki, birinci növbədə bərpa olunacaq 13 yaşayış məntəqəsindən 9-u kiçik kəndlərin birləşdirilməsi hesabına bir az da böyüyəcək. Məsələn, qonşu Boyaqlı kəndi Kəlbəcər şəhərinə, Bəzirxana Zar kəndinə, Quzeyçirkin və Alçalı Qılınclıya, Qaragüney Zülfüqarlı kəndinə birləşdiriləcək. Dörd yaşayış məntəqəsi - İstisu qəsəbəsi, Başlıbel, Keşdək və İlyaslar kəndləri isə müstəqil şəkildə əvvəlki yerində bərpa olunacaq. Bərpa planında İstisu qəsəbəsində 425, Başlıbeldə 559, Keşdəkdə 543, İlyaslarda 600 ailənin yerləşdirilməsi üçün yaşayış sahələrinin tikilməsi nəzərdə tutulur.  
 
 
İkinci növbədə bərpa olunacaq yaşayış məntəqələri arasında birləşdiriləcək kəndlərin sayı daha çoxdur. Bu mərhələdə yenidən qurulacaq Dalqılınclıya 5 (Dərəqışlaq, Barmaqbinə, Otqışlaq, Alolar və Kaha), Tirkeşəvəndə 5 (Qalaboyun, Qaraxançallı, Zərqulu, Qazıxanlı və Alıbəyli), Abdullauşağına 4 (Mozqaraçanlı, Fətallar, Moz və Ağyataq), Xallanlıya 3 (Alırzalar, Şahkərəm və Çovdar) kənd birləşdiriləcək.
 
Ucqar kəndləri blokadadan necə çıxarmalı?
 
Bərpa proqramına Kəlbəcərin qonşu Laçın rayonu və respublikanın digər bölgələri ilə əlaqəsini təmin edəcək yol infrastrukturunun qurulmasına dair bir neçə iritutumlu layihə də daxil edilib. Buraya ümumi uzunluğu 80,7 km olan Toğanalı-Kəlbəcər-İstisu yolunun, Kəlbəcəri Laçınla birləşdirən 72,3 km-lik magistralın, 51 kilometrlik İstisu-Minkənd yolunun, Murovdağın altından Kəlbəcərə 11,6 kilometrlik, Kəlbəcər-Laçın yolu üzərində inşasına başlanmış 3,4 kilometrlik tunellər aiddir.
 
Yeri gəlmişkən, Kəlbəcərin ən ucqar və ən böyük yaşayış məntəqələrindən sayılan, məhz alternativ yolların olmamsına görə işğal zamanı əhalisi mühasirə vəziyyətinə düşən və kütləvi qətliama məruz qalan Başlıbel kəndi rayon mərkəzindən 58 km məsafədə yerləşir. Qonşu Xallanlı və Taxtabaşı kəndlərini isə rayon mərkəzindən müvafiq olaraq, 55 və 65 km-lik məsafə ayırır. Bərpa proqramında kəndlərarası kommunikasiyaların, o cümlədən ən ucqar yaşayış məntəqələrini rayon mərkəzi ilə birləşdirən yol infrastrukturunun yenidən qurulması, alternativ yolların çəkilməsi nəzərdə tutulsa da, bununla bağlı layihələr hələ ki hazır deyil.
 
Ekspertlər Tutqun çayı boyunca yerləşən yaşayış məntəqələrini rayon mərkəzi ilə birləşdirən mövcud Tunel-Başlıbel sossesinə alternativ yol infrastrukturunun çəkilməsini təklif edir. Bildirilir ki, rayon mərkəzinin cəmi 16 kilometrliyində yerləşən Qaraçanlı kəndindən Başlıbelə yol çəkməklə bu zonadakı yaşayış məntəqələrinə, o cümlədən Xallanlı, Taxtabaşı və Ağcakəndə  məsafəni ən azı 50 faizə qədər azaltmaq mümkündür. Hesablamalara görə, bu təşəbbüsün reallaşması rayon mərkəzindən Başlıbelə olan məsafənin 58 km-dən 20-22 km-dək qısaldılması deməkdir. Bu, həm də artıq inşasına başlanmış Kəlbəcər-Laçın magistralınının region üçün əhəmiyyətini artıra bilər. Çünki Qaraçanlıdan Başlıbelə yolun çəkilməsi həm də Kəlbəcər-Laçın magistralınının dairəvi yola çevrilməsi deməkdir. Belə olduqda İstisu qəsəbəsi ilə Qaraçanlı kəndi arasında yerləşən və bərpası planlaşdırılan 11 yaşayış məntəqəsinin də Kəlbəcər-Laçın magistralınına çıxışını xeyli dərəcədə asanlaşacaq.(Pressklub.az)
 
Elxan SALAHOV
 
Link kopyalandı!
Son xəbərlər