Moderator.az xəbər verir ki, Qarabağ Dirçəliş Fonduna ianə etmək istəyən şəxslər artıq bir neçə saniyə ərzində “İanə et” funksiyasının əlavə olunduğu platformalardan istifadə etməklə ödəmə prosesini rahatlıqla həyata keçirə biləcək.
Artıq “Bir Bank” (Kapital Bank) rəqəmsal bankçılığının, eyni zamanda “Azərbaycan Beynəlxalq Bankı”, “Unibank”, “Paşa Bank”, “Express Bank” və “Rabitə Bank”ın həm İOS, həm də Android istifadəçiləri mobil tətbiqdə “Xeyriyyəçilik” bölməsinə daxil olaraq “İanə et” funksiyası vasitəsilə kart və ya hesabdan istədikləri məbləği onlayn qaydada Fonda köçürməklə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpasını dəstəkləyə biləcək.
Qeyd edək ki, ianə prosesini daha da asanlaşdırmaq və əlçatan etmək üçün proses davam etdirilir və yeniliklər barədə ictimaiyyətə mütəmadi olaraq məlumat veriləcək.
İOS tətbiqləri:
Android tətbiqləri:
Vebsaytlar:
Xatırladaq ki, yuxarıda qeyd olunan mobil tətbiqlərlə yanaşı “Hesab.az”, “Hökumət ödəniş portalı”, “Asan ödəniş”, “Portmanat” və “E-pul” onlayn ödəmə portalları və Fondun rəsmi səhifəsi (//qdf.gov.az/iane-et/) vasitəsilə də Qarabağ Dirçəliş Fonduna ianə etmək mümkündür.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərmanı ilə yaradılan Qarabağ Dirçəliş Fondu işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyinin göstərilməsini, sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsini, habelə ölkə daxilində və ölkə xaricində zəruri təşviqat işlərini həyata keçirilməsini təmin edən vahid platformadır.
Hər bir soydaşımız Qarabağ Dirçəliş Fonduna ianə etməklə bu mühüm missiyanın iştirakçısına çevrilə bilər.