Kəmər və Yol Təşəbbüsü: Çinin Cənubi Qafqazda artan rolu və Azərbaycan-Çin münasibətləri
Cəmiyyət
1408
26 Jul 2021 | 12:50

Kəmər və Yol Təşəbbüsü: Çinin Cənubi Qafqazda artan rolu və Azərbaycan-Çin münasibətləri

Çinin qlobal miqyasda yüksəlişinin əsas vektorlarından biri inkişafda olan ölkələr ilə iqtisadi tərəfdaşlığa və yumşaq güc istifadəsinə əsaslanır. ABŞ-ın və Aİ-nin Cənubi Qafqazda passivliyinin əksinə olaraq Çinin bu regiondakı fəallığı son dövrlərdə daha da artmışdır. Lakin Çinin Cənubi Qafqazdakı siyasəti Rusiya kimi hərbi mövcudluğunu möhkəmləndirməyə deyil, region ölkələrinin özünün qlobal strategiyasında partnyor kimi iştirakını təmin etməyə yönəlmişdir. Belə ki, Çin 2013-cü ildə irəli sürdüyü Bir Kəmər Bir Yol (BKBY, 2016-cı ildən etibarən KYT – Kəmər və Yol Təşəbbüsü) layihəsi ilə dünyada, habelə Cənubi Qafqaz regionunda siyasi və iqtisadi təsirlərini bərqərar etməyə çalışır.
 
KYT-nin reallaşdırılması məqsədilə Çin tərəfdaş ölkələrə öz infrastrukturlarını (dəmir yolları, limanlar və s.) inkişaf etdirmək üçün maliyyə dəstəyi göstərir. Belə tərəfdaş ölkələrdən biri də Azərbaycandır. Azərbaycan Çinin Orta Şərqə və Avropaya çıxışında strateji əhəmiyyətli mövqeyə malikdir. Xüsusilə, 44 günlük Vətən Müharibəsindən sonra yaranmış yeni geosiyasi reallıqlar, Zəngəzur dəhlizinin açılacaq olması Çinin Kəmər və Yol Təşəbbüsünün quru yolları istiqaməti üçün olduqca əhəmiyyətlidir. Bu yol, Çinin Avropaya çıxışını Rusiyadan keçmədən təmin edən Gürcüstan marşrutuna (təbii ki, o da Azərbaycandan keçir) alternativ olaraq yüksək qiymətləndirilir . Qeyd etmək lazımdır ki, Çin heç vaxt Rusiya ilə post-Sovet məkanında hərbi nöqteyi-nəzərdən rəqabətə meyl göstərməmişdir. Əksinə, Rusiyanın regionda hərbi mövcudluğu Çinin region ölkələri ilə iqtisadi sövdələşmələrdə mövqeyini gücləndirir, manevr imkanlarını artırır.
 
Azərbaycan və Çin arasında diplomatik əlaqələrin 1992-ci ildə yaradılmış olmasına baxmayaraq BKBY layihəsinin elan olunmasına qədər bu münasibətlər tərəfdaşlıq səviyyəsinə qalxmamışdı. Məhz bu layihə çərçivəsində əməkdaşlıq ikitərəfli münasibətləri keyfiyyətcə yeni mərhələyə daşıdı. Belə ki, bu dövrdən etibarən Azərbaycan-Çin ticarət dövriyyəsi ildən ilə artış nümayiş etdirmiş, ticari münasibətlər siyasi və hərbi sahələrə də sirayət etmişdir. Hətta mədəniyyət və təhsil sahəsində münasibətlərin inkişaf tempi də yüksəlmişdir. Bakı Dövlət Universiteti, Xəzər Universiteti və Azərbaycan Dillər Universitetində Çin Mərkəzlərinin açılması və fəaliyyəti, habelə Çin universitetlərində təxminən 500 Azərbaycanlı tələbənin təhsil alması bu sahədəki inkişafı göstərir.
 
Ümumiyyətlə Azərbaycan və Çin təbii tərəfdaşlardır desək yanılmarıq. Belə ki, hər iki dövlətin bir sıra məsələlərdə mövqeləri üst-üstə düşür:
 
- Beynəlxalq hüquq ilə tanınmış sərhədlərə hörmət edilməsi, ərazi bütövlüyünün dəstəklənməsi hər iki dövlətin ümumi mövqeyidir. Çin Azərbaycanın ərazi bütövlüyünü hər zaman (KYT-dən öncə də) dəstəkləmişdir. Azərbaycan da öz növbəsində Çinə münasibətdə Vahid Çin prinsipindən çıxış etmişdir.
 
- Hər iki dövlət siyasi stabilliyə xüsusi önəm verir. Belə ki, sabitlik həm Azərbaycan, həm Çin tərəfindən iqtisadi inkişafın təməl şərti hesab edilir.
 
- İqtisadi inkişaf hər iki dövlət üçün strateji prioritet hesab olunur. Çinin 2050-ci ilə qədər iqtisadiyyatını yeniləmək və konsolidasiya etmək məqsədi Azərbaycanın rəqabətə davamlı, neftdən asılı olmayan, qeyri-neft məhsullarının ixracına əsaslanan iqtisadiyyat yaratma strategiyası ilə səsləşir.
 
- Hər iki dövlət nəqliyyat-kommunikasiya layihələrinin genişləndirilməsində və inkişafında olduqca maraqlıdır. Azərbaycan geosiyasi mövqeyi etibarilə bu layihələrin reallaşdırılmasında əsas halqalardan biridir. Çin də artıq yalnız dəniz yolları ilə deyil, quru yolları ilə də Asiyanı Avropaya birləşdirən layihələrə xüsusi maraq göstərir.
 
Göründüyü kimi, Çin və Azərbaycan münasibətləri ticarətdən mədəniyyətə, hərbi sahədən təhsil sahəsinə qədər çox müxtəlif sahələri əhatə edir. Əvvəllər Çin sadəcə Azərbaycanın neft sektorunda minimal səviyyədə təmsil olunurdusa, indi Çin investisiyası və onunla bərabər siyasi-hərbi, sosial-iqtisadi sahələrdə geniş əməkdaşlıq imkanları Azərbaycana gəlməkdədir. Dünyanın yüksəlməkdə olan qlobal gücü Çin ilə faydalı əməkdaşlıq etmək üçün Azərbaycanda həm bütün imkanlar, həm də siyasi iradə mövcuddur.
 
baş müəllim Leyla Rüstəmli
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər