“Belə təxribatların əsas məqsədi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını bu işlərə cəlb etməkdir”
Cəmiyyət
3633
27 May 2021 | 09:39

“Belə təxribatların əsas məqsədi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını bu işlərə cəlb etməkdir”

"Son vaxtlar baş qərargahlarının da, digər hərbi qrumlarının  və ekspertlərinin də verdiyi məlumatlar bir daha onu göstərir ki, kimlərəsə tabe olan müxtəlif hərbi birləşmələr var. Həmin hərbi birləşmələr Paşinyan tərəfindən idarə edilmir". 
 
Xəbər verdiyimiz kimi, mayın 27-də saat 03.00 radələrində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində ərazimizə keçməyə cəhd göstərib.
 
Düşmən Azərbaycan Ordusunun sərhəddə yerləşən mövqelərinə aparan təminat yolunda minalama fəaliyyəti həyata keçirərkən dərhal görülən əməliyyat tədbirləri nəticəsində qarşı tərəfin 6 hərbi qulluqçusu mühasirəyə alınaraq zərərsizləşdirilib və onlar əsir götürülüb.
 
Bununla bağlı Moderator.az-a açıqlama verən millət vəkili Arzu Nağıyev bildirib ki, Ermənistanda keçiriləcək seçki yaxınlaşdırqca onlar belə təxribatlardan əl çəkməyəcəklər: “Əsas məqsədləri ondan ibarətdir ki, Azərbaycan tərəfinin guya demarkasiya, delimitasiya adı altında qanunsuz iş görməsini büruzə versinlər və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını bu işlərə cəlb etsinlər. Digər məsələ də ondan ibarətdir ki, radikal qruplaşmalar çalışır, ümumiyyətlə, seçki keçirilməsin. Seçkinin təxirə salınması üçün onlar Ermənistan ərazisində fövqəladə vəziyyət tətbiq etmək istəyirlər”. 
 
Millət vəkilinin sözlərinə görə, belə təxribatların əsas səbəblərindən biri də Ermənistan ordusundakı xaosdur: “Son vaxtlar baş qərargahlarının da, digər hərbi qrumlarının  və ekspertlərinin də verdiyi məlumatlar bir daha onu göstərir ki, kimlərəsə tabe olan müxtəlif hərbi birləşmələr var. Həmin hərbi birləşmələr Paşinyan tərəfindən idarə edilmir. Paşinyanı məhz bu seçkidə hörmətdən salmaq, bütün problemlərin hamısını onun üzərinə yıxmaq üçün bu addımlar atılır. Düşünürəm ki, ATƏT-in Minsk qrupunun həmsədrləri artıq müvafiq bəyanatla çıxış etməlidirlər. Azərbaycan öz sülh addımlarını atır və öz delimitasiya, demarkasiya məsələləri ilə məşğuldur. Vaxtilə Azərbaycan tərəfində olan yüksəkliklərin indi Azərbaycan tərəfindən bərpa edilməsi çoxlarına xoş gəlmir. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının hər bir üzvü ayrı-ayrılıqda Azərbaycan tərəfinin mövqeyini başa düşür. Ona görə də hər hansı bir tədbirlə bağlı bəyanatla çıxış etmir və sülhə çağırır. Burda sülhməramlı qüvvələrin də rolu olmalıdır. Çünki sülhməramlı qüvvələrin əsas funksiyası iki tərəf arasında sülhü bərqərar etməkdir.  Bir daha qeyd etmək istəyirəm ki, bunların hamısı seçkiqabağı siyasi gedişlərdir”. 
 
Link kopyalandı!
Son xəbərlər