“Onun poeziyası tərbiyə məktəbidi
Cəmiyyət
1378
06 May 2021 | 16:34

“Onun poeziyası tərbiyə məktəbidi"

Xəbər verdiyimiz kimi dünən Xalq şairi Fikrət Qocanın dünyasını dəyişməsi onunla yaxın münasibətləri olan Əməkdar artist Ağalar Bayramovu da sarsıdıb.
 
A.Bayramov Moderator.az-a açıqlamasında F.Qocayla bağlı xatirələrini bölüşüb:
 
“Fikrət Qocanın poeziyası mənim yaradıcılığımda təxminən 1985-ci ildən bu günə kimi mühüm yer tutur. Onun saysız-hesabsız şeirləri mənim repertuarımdadı. Hətta 2004-cü ilin noyabr ayında universitetdə dərsdə olanda Fikrət müəllim mənə zəng vurub dedi ki, “Ağalar müəllim, dekabrın 30-da yubileyim keçiriləcək. “Cənnətdən qovulanlar” adlı poema yazmışam və onu sizə göndərirəm baxarsınız”. Poemanı oxuyandan sonra heyrətdən donub qaldım. Dedi ki, “onu yubileyimdə oxuyarsan”. Muğam Teatrında poemanı oxumağım necə əks-səda verdisə, orda əyləşənlər heyrətə gəldi. 2005-ci il yanvarın 7-də isə veriliş “Space” telekanalında efirə getdi. Fikrət müəllim Vaqif Mustafayevə zəng vurub dedi ki, “verilişdə kimə toxunursunuz toxunun, amma Ağalara toxunmayın”. Bundan sonra poema insanların telefonlarında yayıldı. Bu mənə həm də bədii-qiraət sənətində böyük uğurlar gətirdi. 
 
Beş il öncə Azərbaycan Dövlət Filaramoniyasında bunu səsləndirdim və maraqla qarşılandı. Onun sonralar yazdığı “Yuxumda Həccə getmişdim” şeirini oxumağım da sensasiyaya səbəb oldu.  Moskvada Mərkəzi Ədəbiyyat Evində Fikrət müəllimin 80 illik yubileyi keçirildi. Səkkiz yüz nəfərlik zalın 200-300 nəfəri ruslardan ibarət idi. Siz də kaş orda olaydınız. O poema mənim dilimdən səslənəndə millətin ayağa qalxmağını görəydiniz. Bu alqışlar təbii ki, Firət müəllimin ünvanına idi. Mən sadəcə olaraq Allahın verdiyi səsimi, ürəyimi ona qatmışdım. Ona görə Fikrət Qoca mənim üçün çox əziz şairdi. Onun “101”, “Yanğın salmaq istəyirəm”, “Risk”, “Rüşvətxorlar”,  “Ərkəs” və “Sonra da deyirik ki” şeirlərini ifa etmişəm. Fikrət Qoca bir növ mənim kisəmdən getdi. 
 
 F.Qoca çox böyük şairdi. R.Rzadan sonra sərbəst şeirin ən mahir yazarlarından biri F.Qocadır. Alman fəlsəfəsinin banisi Kantın bir sözü var, deyir ki, “musiqi insana zövq verir, fəqət heç nə öyrətmir. Amma poeziya həm ruhun qidası, həm də tərbiyə məktəbidir.”. Fikrət müəllimin poeziyası tərbiyə məktəbidir. F.Qoca böyük Məhəmməd Füzulidən üzü bəri tutmuş böyük Bəxtiyar Vahabzadə, Şəhriyar, R.Rövşən, M.Araz, Z.Tahir kimi şairlərin ünvanında neçə ildir ki, mənim bədii-qiraət sənətimdə özünə möhkəm bir yer tutub. Kaş bu millət onun “Uzaq şərqin səmalarında Cavidi anarkən” şeirini oxuyaydı. Orda bilinir ki, F.Qoca kimdir. O, çox böyük dahi şair və gözəl insan idi. Həmişə də mənə hörmətlə yanaşırdı. Onun böyüklüyü ondan ibarət idi ki, İctimai Televiziya haqqımda veriliş hazırlayanda Fikrət müəllim mənim haqqımda belə demişdi: “Ağalar Bayramovun görüşünə ailə-məişət qayğısıyla gələn evinə vətən, dövlət, torpaq qayğısıyla qayıdır. Qonşum Adil soruşdu ki, “ay Fikrət sənin yaradıclıq gecəndə bir uzun şair var idi. Elə gözəl çıxış etdi ki, hamı alqışladı”. Mən də fikirləşdim ki, bu Ağalar olacaq və dedim ki, o mənim şeirimdi sadəcə Ağalar səsləndirib. Adil isə fikrimlə razılaşmadı. Onda elə Adilə dedim ki, sən düz deyirsən, o şeir artıq Ağalarındı, mən də ona onun əsəri kimi baxıram. Ağalar bir şeiri götürəndə onu özününki eləməmiş oxumur. Sağ ol Ağalar, mübarək olsun sənin işin”. Bu F.Qocanın mənim sənətimə verdiyi qiymətdi. Onun ruhu qarşısında baş əyirəm”.
 
Vasif Əlihüseyn
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər