“Bura dövlətin müəssisəsidir, özəl şirkət deyil ki, yalnız öz çevrənə görə hərəkət edəsən”xa0
Cəmiyyət
4031
21 Apr 2021 | 15:13

“Bura dövlətin müəssisəsidir, özəl şirkət deyil ki, yalnız öz çevrənə görə hərəkət edəsən”xa0

“Hadisələr heç də buradan gördünyü kimi deyil”
 
Yaşıdları arasında həyata baxışı, düşüncə tərzi, yaşam fəlsəfəsi ilə seçilir. Daxilindəki yaradıcılıq potensialı hər dəfə onun başqa tərəfini kəşf etmək üçün bizə qapılar açır. Bir rejissorda olmasından bəlkə də daha artlığı -özgüvəni var. Hansı ki, potensialına bələd olan və gənc yaşda imzasına hörmət etməyi bacaran rejissorlardandır. Bəzən açıq sözlüyüyü ilə də özünə düşmən qazanır, açığı bu onu narahat da etmir. Müsahibimiz gənc rejissor Ramil Ağasıyevdir. Ötən gün 33 yaşına qədəm qoyan rejissor deyir ki, doğum günü onun üçün heç də xüsusi bir önəm daşımır. Özünü xoşbəxt və huzurlu hissetdiyi hər günü özəl gün kimi qeyd edir. Bu isə onun yaşam fəlsəfəsindən qaynaqlanır. 
 
Hədəflərini soruşduqda isə öncədən plan qurmadığını, həyatın axışına ayaq uydurmağı  bacardığını deyir. Ürəyinin səsinə üstünlük verdiyini vurğulayan  gənc rejissor Ramil Ağasıyev Moderator.az-ın suallarını cavablandırdı.
 
- Hədəflərinizin olmadığını qeyd edirsiniz. Bəs həyatınızın əsas meyarını təşkil edən sənəti necə seçdiniz?
 
- Açığı məktəbdə oxuyarkən rejissor olacağımı düşünmürdüm. Heç zaman belə bir istəkdə də olmamışam.
 
- Bəs onda sizi rejissor olmağa nə vadar etdi?
 
- Atam xalq teatrında rejissor olaraq fəaliyyət göstərirdi. Bir dəfə onun quruluş verdiyi tamaşanı izləməyə getmişdim və o zaman rejissorluq mənə cazibəli gəldi. Bəlkə də bu sənətdə istəklərimi, arzularımı reallaşdıraraq özümü tapacağımı düşünmüşdüm. Ancaq teatra o qədər də marağım yox idi.  Video ilə nələrisə yaddaşa köçürməyə daha çox həvəsli idim. Hətta  9-cu sinifdə  yoldaşlarımızla kiçik videolar çəkirdik.
 
- Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qəbul olduqdan sonra hədəflərinizi müəyyənləşdirdinizmi? 
 
- Ali təhsil ocağına qəbul olduqda ora ilə bağlı  başqa xəyallarım vardı. Ancaq bir il təhsil aldıqdan sonra məyus oldum. Çünki mən buraya başqa arzularla, yaratmaq, çalışmaq, nailiyyət əldə etmək istəyi ilə gəlmişdim.
 
- Nə idi sizə mane olan?
 
-İndi baxıram ki, orada təhsil alan gənclər çox şanslıdırlar. O zamanlar Universitetin maddi-texniki bazası yox idi. İndiki tələbələrin istəklərini  reallaşdırmaları üçün hər bir şərait yaradılıb, onların texniki bazaları belə var. Bizim dövrümüzdə uşaqlar bufetdə, tində meyxna deyirdilər. Mən  isə nələrsə çəkmək, özümü inkişaf etdirmək istəyirdim. 
 
- İçinizdəki o həvəsi necə yönləndirdiniz?  
 
- Sözün əsil mənasında rejissor olmaq, istəklərimi ekran vasitəsi ilə reallaşdırmaq istəyirdim. Eşitdim ki,  Rüstəm İbrahimbəyovun Bakı Beynəlxalq Kino Məktəbi fəaliyyət göstərir və mən də ora müraciət etdim. Rüstəm müəllimin bir prinsipi var idi ki, İncəsənət Universitetində təhsil alan gəncləri bura qəbul etmirdi. Mən də qabiliyyətdən keçdim və ancaq orada oxuduğumu bildikdə Rüstəm İbrahimbəyov etiraz etdi. Mən isə istəklərimin olduğunu və onu burada reallaşdırmaq istədiyimi bildirdim. Nəticədə münsiflər heyətini inandırdım və orada təhsil aldım.
 
- Və bu ilkin mərhələyə keçid etdiniz. Kamera ilə tanışlığınızı necə xatırlayırsınız?   
 
- Atam ad günümdə kamera almışdı. O kamera ilə 2008-ci ildə “Gözlənilməyən gün” adlı (İndi onu film hesab etmir-X.R.) ilk filmimi çəkdim. Filmdə  Qorqud Cəfər, Tural Əhməd, Azər Cəfər, Anar Məmmədov iştirak edirdi. 2011-ci ildə serial çəkmək həvəsinə düşdüm. Serialın ilk seriyasını öz büdcəm hesabına çəkdim. Televziyaya göstərdim, onlar da izlədilər və bəyəndilər. Bildirdilər ki, çəkdiyiniz serial yaxşıdır, ancaq  bizdə davam etmək üçün çox gəncsiniz. Bu məni məyus etdi.  Nəhayət 2015-ci ildə ilk filmim olan “Arzuların ardınca”-nı çəkdim. 
 
- Bu film sizin möhürünüz oldu. Hansı ki, bundan sonra “gəncsiniz” deyənlərin sayı azalmağa başladı. 
 
- “Arzuların ardınca” filmindən sonra çox şey dəyişdi. Bir çox insanlar artıq mənim rejissor olduğumu qəbul etməyə başladılar. Tahir İmanovun dəvəti ilə “Ölülər-XXI əsr”-filmini çəkdik.  Beləliklə, bir –birinin ardınca reklam çəkilişləri, sənədli, bədii filmlər çəkməyə başladım. 
 
- Adətən rejissorlar çəkdikləri filmlərə illər sonra baxdıqda onu bəyənmirlər. Hər keçən il yeni ideya, yeni film, yeni ssenari haqqında düşünürlər. Bəs siz necə?
 
- Beynimdə iki filmin ideyası var. Qismət olarsa onları çəkməyi düşünürəm. Adətən nəyisə çox istəyəndə və onun arzusu ilə yaşayan zaman o alınmayanda depresiyaya düşürəm. Ona görə bu sadəcə bir istək olaraq qalır. İndiki zamanda heç nə arzulamıram. Pandemiyadır, dünya iqtisadi böhran yaşayır. Bu da fəaliyyət göstərən özəl şirkətlərə də təsir edir ki, sponsorlar belə bir dönəmdə maliyyə böhranı yaşayır. Hazırki vəziyyətdə bədii filmə dəstək olmaq bir qədər çətindir. Film çəkmək üçün digər bir şans da Azərbaycan  Kinostudiyasınadır ki, orada tender elan edildi və artıq filmləri kimlərin çəkəcəyi də müəyyən olundu. Orada bizə yer yoxdur.
 
- Sizcə niyə yer yoxdur?
 
- Çünki onların maraq dairəsinə, çevrəsinə düşmək bir qədər çətindir. Davamlı olaraq eyni insanlar və eyni isimlərlə çalışırlar. 
 
- Hesab edirsiniz ki, onlar gənclərlə çalışmır?
 
- Deməzdim ki, gənclərlə çalışmırlar. Kinostudiyaya yeni rəhbərlik təyin edilib, o da yeniliklər etməyə cəhd göstərir. Mədəniyyət nazirliyi 30-a yaxın film sifariş edib. Yəqin ki, o filmlərin çəkilməsi üçün gənclər də nəzərdə tutulub. Amma yeni təyin edilən rəhbərlik də əvvəlki komanda ilə işləməyə davam edir. Bura dövlətin müəssəsidir, özəl şirkət deyil ki, yalnız öz çevrənə görə hərəkət edəsən. Bir az kənara çıxın, yeniliklərə açıq olun. Bunu özümə görə demirəm. Sadəcə kənardan görünən mənzərə bunu xarakterizə edir.
 
- Artıq yeni bir dönəm başlayıb. Hər sahədə yeniliklər özünü göstərir, ancaq Azərbaycan mədəniyyəti üçün yeni bir mərhələnin astanasındayıq. Təyin edilən yeni mədəniyyət nazirindən gözləntiləriniz nələrdir? 
 
- Yeni mədəniyyət naziri Anar Kərimov təyin edildikdə çox sevinmişdim. Yeni nəfəs, yeni baxış bucağı, özü də gənc olduğu üçün gəncləri daha anlayışla qarşılayacağını düşünürdüm. Təbii ki, mən kino, yaradıcı məsələləri nəzərdə tuturam. Yaradıcı insan çalışmaq, yaratmaq istəyir. Ancaq görünən mənzərə budur ki, nazir gənc olsa da bundan öncəki nəsillə çalışmağa daha çox önəm verir. Demirəm onlarla işləməsinlər, əsla. Ancaq bugün Azərbaycan kinosunda yeni nəfəs, yeni ideya, yeni düşüncə tərzi ilə nələrsə etməyə çalışan gənc nəsli ətrafına toplayıb, onların fikirlərini dinləydini eşitmədim.  Başa düşürəm o təkdir biz çoxuq, ancaq... Görünən mənzərə bunu deməyə əsas vermir.
 
-Gündəmi tutmaq, insanları narahat edən mövzulara toxunmaq, onların yanında olduğunu hiss etdirmək və bu mövzuları özündə cəmləyən sənədli filmlərin quruluşçusu olmaq yəqin ki, asan məsələ deyil. 44 günlük müharibə dövründə çəkdiyiniz sənədli filmlər bu baxımdan alqışa layiqdir. Bunun ideyası necə yarandı və erməni terroruna məruz qalan bölgələrimizə səfər etdikdə nələr yaşadınız?  
 
- 30 ildir ki, bugünü gözləyirdik. Nəhayət zaman yetişmişdi, ancaq ilk başda hadisələr heç də bizim istədiyimiz şəkildə baş vermirdi. Çünki cəbhə bölgəsi ətrafındakı torpaqlarımızda erməni terorronun qurbanlarının sayı günü gündən artırdı. Yaşananları isə paytaxtdan izləmək xoş təsir bağışlamırdı. Məni ən çox təsirləndirən terror hadisələrində uşaqların daha çox əziyyət çəkməsi idi. Mənim də övladlarım var. Terrorda həyatını, ailəsini itirən uşaqların acısına laqeyid yanaşa bilmirdim.  Gəncədə baş verən terror hadisəsinin səhəri  çalışdığım telekanala- AZTV yə gələrək sədrin köməkçisi ilə danışdım. Açığı bu hadisələr baş verdikcə telekanal da risk edib həmin ərazilərə yaradıcı heyətdən kimisə göndərmirdilər. İsrarlı şəkildə getmək istədiyimi dedim. Nəhayət Gəncəyə yollanaraq hadisənin qurbanları ilə görüşdük. Hadisələr heç də burdan gördünyü kimi deyil. Onu yaşamaq və görmək mütləqdir. Beləliklə Gəncədə yaşanan terroru ölkədə və beynəxlalq arenada təqdim etmək üçün “Mən Gəncəyəm” adlı sənədli film çəkdik.  Bərdədə yaşanan hadisələrdən sonra  “Xurmalar saralanda” və son olaraq “Son Atəş” sənədli filmini hazırladıq. 
 
- “Son Atəş”-in ismi bir qədər maraq doğurur. Xüsusi bir anlamı varmı?
 
- Cəbhəyanı ərazilərdə baş verən terrorla bağlı sənədli film hazırlamağa yollandıq. Gecə yarısı Füzuliyə çatdıq, səhər yaxın eşitdik ki, artıq sülh sənədləri imzalanır və biz qələbə qazanmışıq. Füzuliyə çatdıqda sonuncu dəfə göydən 3 raket atıldı. Bununla da atışma bitdi. Biz də filmin adını “Son atəş” qoyduq.
 
O torpaqlarda gördüklərimiz yaşadıqlarımıza gəldikdə isə bunu heç bir sözlə ifadə etmək mümkün deyil. Burada bir insan acısı, ağrısı vardı. Misal üçün atasını itirən uşaqlar vardı. Onların birinin anası ilə söhbət etdik. O, deyirdi ki, uşaqlar atalarına çox bağlı idilər. Bunun üçün anası atalarının köynəyini uşaqların yastığına keçirib ki, gecələri atalarının iyini alaraq yuxuya getsinlər. Bunun kimi onlarla hadisənin şahidinə çevrildik. İnsan ayıq başla məsələlərə baxa bilmir. Biz bunları göstərmli idik, çünki hər birimizin evində uşaqlar böyüyür, onlar düşmənini tanımalı və necə bir xislətə malik bir millət olduqlarından xəbərdar olmalıdır. Bu bir tarixdir və biz bu tarixi yaşadıq.
 
- İndi nələr planlaşdırırsınız? 
 
- Şuşa haqqında və orda yaşanalarla bağlı bədii film hazırlamaq istəyirəm. AZTV  telekanalı da bu layihəni həyata keçirmək üçün bizə hər cür şərait yaradır.
 
- Gənc yaşda daha çox sənədli filmlərin müəllifi kimi tanınırsınız. Azərbaycan kino tarixində sənədli film rejissoru kimi qalmaqdan qorxmursunuz ki? 
 
- Əslində çəkdiyim sənədli filmlərə bədiilik qatıram. Belə ki, “Qətl planı” sənədli-bədii filmlərində bunu görmək mümkündür.  Bunun üçün sənədli –bədii  filmlərə daha çox bədillik əlavə edirəm. Bununla rahatlıq tapıram. Ümid edirəm ki, tam bədii filmlə də tarixdə Ramil Ağasıyev imzası ilə yadda qalacam.  
 
Xəyalə Rəis
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər