Həsən Həsənov necə öldürülüb? - Şahbazla Dilqəm ziddiyyətli fikirlər səsləndirir...
Cəmiyyət
12788
12 Apr 2021 | 13:05

Həsən Həsənov necə öldürülüb? - Şahbazla Dilqəm ziddiyyətli fikirlər səsləndirir...

Xəbər verdiyimiz kimi bu gün Dilqəm Əsgərov və Şahbaz Quliyevlə birlikdə Kəlbəcərdə ermənilər tərəfindən öldürülən Həsən Həsənovun doğum günüdür. 
 
Moderator.az-ın əməkdaşı H.Həsənovun necə öldürülməsi ilə bağlı D.Əsgərova sual ünvanlayıb. D.Əsgərov deyib ki, bunu Şahbaz Quliyevdən soruşun və hətta əsəbiləşib:
 
“Allah Həsənə rəhmət eləsin. Həsənin necə öldürülməsini Nikol Paşinyanın dostu Şahbaz Quliyev yaxşı bilir. Bunu ondan soruşun. Şahbaz deyir ki, Həsən guya yaralı halda gəlib yanımdan keçdi. Haram olsun Şahbaza, o, nə üzlə Həsənin qəbrinin üstünə gedib. Mən Həsənin vurulduğu görməmişəm. Mən indi Qubadayam. Çox təəssüf ki, Həsənin doğum günündə onun qəbrini ziyarət edə bilmədim”.
 
Əməkdaşımız məsələylə bağlı Şahbaz Quliyevlə əlaqə saxlayıb. Lakin o, danışmaq istəmədiyini bildirib:
 
“Dilqəm haqqımda nə deyir özü bilər. İndi bu haqda heç nə danışmaq istəmirəm. Buna imkanım da yoxdur. Sonra nə vaxtsa görüşüb danışarıq”.
 
Əməkdaşımız daha sonra Həsən Həsənovun qardaşı Nail Həsənovla əlaqə saxlayıb. N.Həsənov isə saytımıza bunları deyib:
 
“Bu gün Həsənin məzarını ziyarətə Şahbaz da gəlmişdi. Şahbazla Dilqəm bizə ziddiyyətli məlumatlar verirlər. Şahbaz deyir ki, mən tutulandan üç gün sonra Həsən şəhid olub. Dilqəm də deyir ki, mən Həsənin şəhid olmasını görməmişəm. Burda məcburuq ki, Dilqəmin üzərində dayanaq. Dilqəm özü deyirdi ki, Həsənlə bir yerdəydik. Onunla görüşdük, amma 15-20 dəqiqənin içində bütün bunları danışmaq mümkün deyildi. Dilqəm deyirdi ki, Həsəni Zod qızıl yatağı tərəfdə vurdular. Amma ermənilər yazırdı ki, Xankəndində Həsənin meyitini Şahbaza və Dilqəmə göstərdik. Onlar hər ikisi meyiti tanıdı. Amma indi ikisi də deyir ki, Həsənin meyitini görməmişik. Yəni bu cür ziddiyyətli mələlər var”. 
 
N.Həsənov deyib ki, hələ indiyə kimi şəhid qardaşının sığorta pulunu ala bilməyiblər:
 
“Biz hələ indiyə kimi Həsənin sığorta pulunu ala bilməmişik. Yeddi ildir ki, get-gəldəyik. Bir də ölkə başçımızdan xahişimiz odur ki, Həsəni bu qəhrəmanlığına görə medalla təltif etsin”.
 
Vasif Əlihüseyn
Link kopyalandı!
Son xəbərlər