“Folklor tariximizdə bu çərşənbənin xüsusi bir təntənə ilə qeyd oluması izinə rast gəlmirik”
Yazın gəlişini xatırladan Od çərşənbəsini qeyd edirik. Boz ay bu çərşənbə ilə ömrünü tam yarısını başa vurur və təbiətin diriləcəyi günü bizə daha da yaxınlaşdırır. İllər öncə keçirdiyimiz çərşənbələri daha təntənəli, həyəcanlı və inanclı şəkildə qeyd edirdik. İndi isə gənc nəsil o inanclara, ənənələrə dırnaqarası baxır, öz düşüncə tərzi ilə bu ənənələri keçmişdən gələn sadə bir inanc kimi görürlər.
Mövzu ilə bağlı folklorşünas Aynur Qəzənfərqızı təəssüratlarını Moderator.az-a bölüşdü. O, dünyanı qarış-qarış gəzərək milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi, ana dilimizi təbliğ edir. Xəzər Universitetində çalışan müsahibim, filologiya üzrə fəlsəfə doktorudur.
- Od çərşənbəsi, odun, istiliyin gəlişi kimi qiymətləndirilə bilərmi? Bəziləri bunu atəşpərəstlik dinindən qalma kimi qiyməltəndirirlər. Siz necə düşünürsünüz?
-Bunu atəşpərəstlik ilə əlaqələndirən insanlara həmişə gülmüşəm. Hələ ibtidai sinifdə oxuyarkən müəllimimiz bu sözü demişdi. O zaman belə müəllimə demişdim ki, bu atəşpərəstlər necə sayğısızdır ki, öz allahlarının üstündən hoppanırlar. Daha sonra doktoranturada bunu araşdırmağa başladım. Gördüm ki, qədim türklər odu müqəddəs saymışlar, çünki od istilik verməklə yanaşı, həm də təmizlənmə vasitəsi olmuşdur. Bundan başqa, od tanrıları da olmuşdur. Məsələn, yakutiya türklərində od tanrısı ağ saçlı bir qadın şəklində təsəvvür olunur. Buryadlar isə qırmızı geyinmiş, yaxud alovun yayılımı ilə yaşıl qırmızı rəngdən qaftan geyinmiş yaşlı bir qadın şəklində təsəvvür edir. Bir şaman duasında deyilir ki, “sən qaranlıq gecələrdə, gənc qızlar təki saçını dalğalandıran, oynayan qadın! Qırmızı ipəkdən paltar geyinib, gənc al qısraq üzərində gəzinirsən.” Ümumiyyətlə, türklərdə od, alov ruhu dişi – qadın şəklində təsəvvür edilib. Onlar yeddi bacı şəklində fəaliyyət göstərmişlər. Hətta evin tən ortası evin ürəyidir deyə, orada ocaq qurulub, üçayaqlı qazan saxlayanlar olub. Maraqlıdır ki, inanca görə ocağı Ülgenin üç qızı yandırıb. Yenə də qədim inanca görə, Odu Ülgen Tanrı yaradıb, insanlara vermişdir. Bundan başqa, rəvayətə görə, Oğuz Xanın ağzı da oda oxşayır. Altay və Sibir əfsanələrində uşaqların ağızlarında, gözlərində od, sinələrində alovlar olarmış. Bu inancdan bu günə qalan bəzi ifadələr var: “gözləri od saçır”, “bağrım yanır”, “şimşəktəki”, “elə bil od almağa gəlib”, “evinə od düşüb”, “ürəyinə köz düşüb” və s. 568-ci ildə “Gök türklərə” elçi olaraq gedən Zemarkoş xatirələrində yazır ki, Göy türk sərhəddinə çatdıqda bizi odun üzərindən hoppandırdılar. Bu qədim Türklərdə inacdır. Odun üzərindən atlayan insan təmizlənir. Bunun izləri bu gün də bir çox türklərdə hələ də yaşamaqdadır. Belə ki, özbəklərdə gəlin köçən qız odun üzərindən atlanır. Qumuqlarda və azərbaycan türklərində gəlin odun başına dolandırılır. Krım və noqay türkləri də odun üzərindən atlandığında günahlarından təmizlənəcəklərinə inanırlar. Yuxarıda sadaladığımız bütün əlamətləri nəzərə alaraq, tam qətiyyətlə deyə bilərik ki, od türklərdə müqəddəs sayılıb, ama heç vaxt oda sitayiş edilməyib. Elə türklərin oda münasibətini hind və qədim farsların oda münasibətindən ayıran məhz budur. Belə ki, fars və hind inancında oda sitayiş edilib. Zərdüştlük və Məzdəizm inanc sistemində od Tanrı olub. Bu gün bir çox tədqiqatçılarımız Novruz bayramının farslara aid olduğunu, Zərdüştlükdən qaldığını iddia edərkən, qədim türk inanc sistemi unudurlar.
Nəzərə almadıqları başqa bir məqam isə odur ki, Zərdüştlükdə od Tanrıdır və onun üzərindən atlanmaq günahdır. Çünki bütün dinlərdə Tanrının üzərindən atlanmaq, hətta ona “ağırlığını, uğurluğunu, azarını, bezarını” vermək qəbuledilməz haldır. Tanrı ilə belə rəftar heç bir dində mümkün deyil.
Ona görə də, Novruz bayramında Od çərşənbəsinin olması, onun od ünsürü ilə adlandırılmasının izlərini məhz Tenqriçilik inanc sistemində axtarmaq lazımdır. Belə olduqda, əldə etdiyimiz biliklər daha səhih və tutarlı olar.
-Əvəllər çərşənbələrə daha ciddi, həvəsli hazırlaşar və özündə barındıran inanclara daha çox inanardıq. İllər ötdükcə sanki bu ənənə öz əhəmiyyətini itirməyə başladı. Siz bunu nə ilə əlaqələndirirsiniz?
- Cəmiyyətlər getdikcə yalnızlaşır. Əvvəllər insanlar qohum-əqrəba, el-oba ilə birlikdə hərəkət edər, xeyir-şər işlərini birlikdə görərdilər. Yaxın keçmişə qədər bu işlər ailə içində həll edilməyə başlanıb. Son zamanlar yəqin ki, tez-tez eşidirsiniz qohum-əqrəbasından şikayətlənən, onlarsız bir həyat istəyən gəncliyi. Şəxsən, mənim “facebook” və “instaqram” profillərimdəki tələbələrimdən bu durumla bağlı paylaşımları tez-tez görürəm. Yəni, bu qədər uzun anlatmağımın səbəbi odur ki, insan nə qədər ictimaidirsə, bayramlar da o qədər ictimai, ənənəvi keçər. İnsan nə qədər yalnızdırsa, öz dəyərlərindən, ənənəsindən də o qədər uzaqlaşar. Düşünürəm ki, bayramlar əhəmiyyətini itirmir, sadəcə yalnızlaşır.
- Sizcə yetişən nəsil bu inanclara nə qədər riayət edir? Biz özümüzdən böyük nəslin adət-ənənəsinə riayət edirikmi?
- Məncə, yox! Hər yeni yetişən nəsil öz qayda-qanunları ilə gəlir. Yeni yetişən nəsil texnologiya nəslidir. Onlar da əməl edir, ancaq dijital dünyada. Onların bir çox dəyərləri dijital dünyada formalaşır, orada tətbiq edilir. Sosial linç kampaniyaları, interpretasiyalar, dezolar, nyuslorlar ilə formalaşdığı üçün onlar ilə də bayramı keçirmək istəyirlər. Yəni, məncə itməyib, bayram sadəcə cild dəyişdirib. Məsələn, folklor tariximizdə bu çərşənbənin xüsusi bir təntənə ilə qeyd oluması izinə rast gəlmirik. Ancaq müasir dövrdə bütün çərşənbələrdə mütləq tonqal qalanır və süfrə açılır. Süfrədə səməni olur. Halbuki, mənim xatırladığım qədərilə səməni bayrama çatmalı idi. Çünki buğdanı, Xıdır Nəbi bayramı çıxan kimi cücərməyə qoyardılar. Yəni, yenilənmə olduqca təbii haldır və gənclər öz dəsti-xətləri ilə keçirirlər bayramları.
- Sizə elə gəlmirmi ki, biz artıq milli-mənəvi dəyərlərimizdən və öz qədim inanclarımızdan uzaqlaşırıq?
- Mənə belə gəlmir, çünki məncə, ənənəvi şəkildə milli-mənəvi dəyərlərə sadiq qalmaq demək, inkişafdan qalmaqdır. Üstəlik, mən milli-mənəvi dəyərlərin sadəcə platforma dəyişdiyini düşünürəm. Milli kimliyini itirmədiyi müddətcə bir insanın özünü tərk etməsi imkansızdır. Milli-mənəvi dəyərlər əsasən, geyim-gecim, musiqi, yas-toy mərasimləri, bayramların keçirilməsi və s.-dir. Geyim söhbətini Sovetlər hələ 30-cu illərdən aldı bu xalqdan. Müstəqil Azərbaycanda da bununla bağlı bir ciddi dəyişmə görmədim. Ən müasir, dünya modasını izləyən geyim tərzimiz var. Bayramları artıq qeyd etdiyim kimi, gənclik öz dəsti-xətti ilə qeyd edir. Yerdə qalanlar da hələ ki, ən gözəl səviyyədə keçirilməkdədir. Məncə, milli kimlik daha önəmlidir. Azərbaycan gəncliyi isə milli kimliyini özü formalaşdırır və buna görə də məncə, qorxulacaq bir durum yoxdur. Hətta mən sizə bir söz deyim. Sovetlərin yozlaşdırdığı, bayraq, torpaq, vətən, din anlayışını korşaltdığı nəslin yetişdirdiyi övladlar vətən üçün, bayraq üçün, dini üçün, dili üçün gözünü qırpmadan özünü ölümə verə bilər. Bunu hamılıqla da II Qarabağ savaşında açıqca gördük.
Qədim inanclardan uzaqlaşmaq məsələsinə gəlincə isə, genetik kodlaşma elə bir şeydir ki, mütləq bir yerdə qarşımıza çıxmaqdadır. Siz nə edirsiz edin, bir qadını pirdən, ocaqdan uzaq tuta bilmirsiniz. O qadın müsəlmandır, Allah üçün ora getdiyini düşünür, ancaq əslində, şamanlıqdan, Tanrıçılqdan qalma ənənəni davam etdirdiyini bilmir. Bu və bunun kimi bir çox örnəklər göstərmək olar. Bu başqa söhbətin mövzusudur deyə çox uzatmıram, ancaq onu deyim ki, qədim inanc genetik kodlaşmamızda özünə möhkəm yer edib və hələ uzun uzun illər bizimlə bərabər gedəcək.
Xəyalə Rəis