Neft daşları tarixinin uğurlu səhifəsi
Cəmiyyət
2184
23 Feb 2021 | 19:39

Neft daşları tarixinin uğurlu səhifəsi

Azərbaycanın dünya neftinə bəxş etdiyi böyük elmi- texniki intellektin kəşfi olan Neft Daşları həm möcüzələr adası, dünyada dənizdə ilk açıq neftin beşiyi kimi, həm də neftçi kadrlar akademiyası kimi məşhurlaşıb.  Neft Daşları həm dəniz nefti akademiyası, həm də dünya nefti üçün böyük kadr məktəbi böyük rol oynamışdır. "Möcüzələr adası"nın yetirmələri nəinki Azərbaycanın, keçmiş SSRİ-nin, habelə dünyanın əksər neft- qaz ölkələrində çalışmış və Neft Daşları məktəbini, həmçinin neft diyarı Azərbaycanı ləyaqətlə təmsil etmişlər. Ağaqurban Əliyev, Sabit Orucov, Bəxtiyar Məmmədov, Bəhmən Hacıyev, Qurban Abbasov, Mixail Kaveroçkin və onlarla, yüzlərlə neft fədaisnin adı neft tariximizə qızıl hərflərlə yazılmışdır. Bu gün onların yaratdığı böyük məktəbin ənənələri yaşayır.
 
 
   Neft Daşlarına ötən 70 ildə istehsal nəhəngləri sayılan böyük şəxsiyyətlər rəhbərlik etmişlər. Bəxtiyar Məmmədov, Bəhmən Hacıyev, Qurban Abbasov, Səyyad İbrahimov və başqaları neft tariximizdə iz qoymuş rəhbərlərdir.  Son 8 ildə Neft Daşlarına rəhbərlik etmiş Qoçalı Mahmudov da dəniz neft şəhərinin qələbə estafetini ləyaqətlə davam etdirən çox bacarıqlı rəhbərdir. 2013-cü ilin fevralında “Neft Daşları” NQÇİ-yə rəis təyin olunan Q.Mahmudov buna qədər də neftçi və rəhbər kimi xeyli təcrübə toplamış, istehsalatda bərkimişdir. Onun istehsalat tərcümeyi halına qısaca nəzər salsaq bunu əyani şəkildə görə bilərik.
 
 
     Q.Mahmudov 1992-ci ildə Azərbaycan Neft və Kimya institutunun “Neft- qaz yataqlarının işlənməsinin texnologiyası və kompleks mexanikləşdirilməsi fakultəsini dağ-mədən ixtisası üzrə bitirmişdir. Əmək fəaliyyətinə isə 1979-cu ildə Şamaxı rayonunun “Moskva” sovxozunda fəhlə kimi başlamışdır. 1980- 1982-ci illərdə Rusiya Federasiyasının Kalininqrad şəhərində hərbi xidmətdə olmuşdur. Hərbi xidməti başa vurduqdan sonra həmin sovxozda əmək fəaliyyətini traktorçu köməkçisi kimi, 1984-cü ildən isə mühasib kimi davam etdirmişdir. 1984- 1992-ci illərdə “Binəqədineft” NQÇİ-də quyuların əsaslı və yeraltı təmiri sexində quyuların əsaslı təmiri üzrə qazmaçı köməkçisi, quyuların yeraltı təmiri üzrə operator, quyuların əsaslı və yeraltı təmiri üzrə usta, 1992- 2006-cı illərdə “28 May” NQÇİ-də quyuların əsaslı və yeraltı təmiri sexində qazmaçı köməkçisi, quyuların təmiri üzrə usta, quyuların əsaslı və yeraltı təmiri sexinin rəis müavini, 2006- 2008-ci illərdə “Neft Daşları” NQÇİ-də quyuların əsaslı və yeraltı təmiri sexinin rəisi, idarəetmə aparatı istehsalata xidmət bazasında rəis müavini işləmişdir. 2008- 2009-cu illərdə “28 May” NQÇİ-də Quyuların əsaslı və yeraltı təmiri sexində rəis müavini və rəis vəzifələrində işləmişdir.
 
İstehsal təcrübəsinə yiyələnmiş və püxtələşmiş Q.Mahmudova etimad göstərilərək 2009-cu ildə “Abşeronneft” NQÇİ-yə rəis təyin edilmiş və 2013-cü ilədək bu vəzifədə çalışmışdır. Onun rəhbərliyi altında kollektiv neft hasilatının artırılması, texnologiyanın və idarəetmənin təkmilləşdirilməsi istiqamətində müsbət dəyişiklilərə nail olmuşdur.  2013-cü ilin fevralında ona yenidən yüksək etimad göstərilərək dünyada açıq dənizdə ilk neftçıxarmanın beşiyi olan “Neft Daşları” Neft Qazçıxarma İdarəsinin rəisi vəzifəsinə təyin olunmuş və bu günədək həmin vəzifədə uğurla işləyir. Bu dövrdə neft-qaz hasilatının artırılması, istehsal texnologiyasının təkmilləşdirilmıəsi , istifadəsiz fond üzərində işlərin sürətləndirilməsi və onların hasilata qaytarılması, lay sularının tam qapalı sistemdə idarə olunması, ekoloji problemlərin həlli sahəsində böyük uğurlu addımlar atılmışdır. Görülən ardıcıl və məqsədyönlü geoloji, texniki və texnoloji tədbirlər sayəsində “Neft Daşları” NQÇİ-də neft hasilatı sahəsində son 30 ildə ən yüksək nəticə əldə olunmuş və illik hasilat 1 milyon tona çatdırılmış və 1 milyondan da yuxarı qaldırılaraq 1 milyon 90 min tona çatdırılmışdır. Halbuki o, idarəyə rəis təyin olunanda illik neft hasilatı 840 min ton, gündəlik hasilat isə 2400 ton idi. 70 il istismarda olan yataqda belə yüksək nəticə əldə etmək dərin bilik, peşəkarlıq və idarəetmə, təşkilatçılıq məharəti sayəsində mümkün olmuşdur.
 
 
     Bu illər ərzində Neft Daşlarında böyük həcmli ekoloji layihələr reallaşmış, ekoloji problemlərin həlli prioritet təşkil etmişdir. “Neft Daşları” NQÇİ-də qazlift sisteminin etibarlılığının artırılması, havaya atılan qazın qarşısını almaq, həmin çirkləndiricilərin atılmasının minimuma endirilməsi və mərkəzi yığım sisteminə qoşulması üçün 8 ədəd NQK tipi kompressorlar quraşdırılmış, 20 ədəd sıradan çıxmış NQK-lar yenisi ilə əvəz olunub və səmt qazının tutulması ilə bağlı müxtəlif diametirli boru xətləri çəkilib. Lay sularının yığılması və utilizasiya məqsədilə 2A saylı MNYM-DƏ gündəlik gücü 4400 m3 olan müasir tipli FLS şirketinin istehsalı olan lay sularının təmizlənməsi qurğusu quraşdırılıb istifadəyə verilmişdir. Neft Daşları NQÇİ-nin fəaliyyət sahələrində formalaşan lay sularının tam qapalı sistemdə idarə olunması təmin olunub. NQÇİ-nin yataqxanalarında formalaşan məişət çirkab suları BİOMAS-P tipli bioloji təmizləyici qurğuda mərhələlər üzrə təmizlənir, natrium hipoxloridlə dezinfeksiya olunur və tam zərərsizləşdirildikdən sonra dənizə axıdılır. Qurğunun giriş və çıxışlarından hər ayda bir dəfə nümunələr götürülür, Ekologiya İdarəsinin Kompleks Tədqiqatlar Laboratoriyasında analiz olunur. Analiz nəticələri göstərir ki, məişət çirkab suları müvafiq normalar səviyyəsində təmizlənir. Budan əlavə son illər ərzində özüllərdə və meydançalarda 8 ədəd modul tipli bioloji qurğu quraşdırılıb və istifadəyə verilib.
 
“Neft Daşları” NQÇİ-də 5000 kv.m ərazidə qazon əkilib, yaşıllaşdırma işlərinin aparılması məqsədilə 550 ağac və 13575 kol və gül bitkiləri əkilib. NQÇİ-nin fəaliyyət sahələrində salınmış yaşıllıqlara müvafiq qaydada aqrotexniki qulluq göstərilib. Ərazilərində formalaşan məişət tullantılarının tam zərərsizləşdirilməsi məqsədilə müasir tipli “İNCİNERATOR- soba quraşdırılıb. Gündəlik gücü 500 m3/gün olan PWS SWRO-500 tipli 2 ƏKS-OSMOS qurğuları su çənləri parkında quraşdırılıb istifadəyə verilmiş, son illərdə onun təkmilləşdirilməsi və daha səmərəli fəaliyyət göstərməsi təmin olnmuşdur. Şirinləşdirilmiş dəniz suyu QTS-də qızdırıldıqdan sonra gün ərzində yataqxana korpuslarına verilir. Bundan əlavə olaraq 1887, 2585, 620, 2521 saylı SDÖ-də modul tipli Əks-osmos qurğularının səmərəli fəaliyyəti təmin olunmuşdur. Bunun nəticəsində şirinləşdirilən dəniz suyundan texniki məqsədlər üçün istifadə edilir. Nəticədə böyük həcmdə içməli suya qənaət edilib.
 
 
    SOCAR Dünya Bankının GGFR təşkilatı tərəfindən hazırlanmış “2030-cu ilə qədər səmt qazının normal hasilat prosesində yandırılmasının sıfıra endirilməsi” təşəbbüsünə qoşulmuşdur. Bundan əlavə “Paris razılaşması” adlı beynəlxalq sazişə görə Azərbaycan atmosferə atılan səmt qazlarının azaldılması üçün öhdəlik götürmüşdür. Ölkəmizin beynəlxalq səviyyədə öhdəliklərinin icrası, eləcə də SOCAR-ın qoşulduğu beynəlxalq razılaşmaların həyata keçirilməsi ilə əlaqədar Neft Daşları NQÇİ-nin fəaliyyət sahələrindən atmosferə atılan səmt qazlarının “0”-a endirilməsi istiqamətində böyük həcmli layihələr həyata keçirilmiş və bu uğurlu nəticə əldə edilmiş, səmt qazının atmosferə atılmasına son qoyulmuşdur. Bu layihələr iqlim dəyişikliklərinə təsirin azaldılmasına xidmət etdiyinə görə qlobal əhəmiyyətə malikdir.
 
 
    İstehsal və sosial sahələrdə, əməyin təhlükəsizliyin möhkəmləndiriləmi, neftçilərin iş, yaşayış və istirahət şəraitinin yaxşılaşdırılması sahəsində də böyük işlər görülmüş və davam etməkdədir. Təkcə onu demək kifayətdir ki, bu gün neftçi dünya standatlarına uyğun şəraitdə fəaliyyət göstərir və istirahət edir. 15- 20 il əvvəl belə şəraitin yaradılacağı heç kəsin ağlına belə gəlməzdi. Bütün bu işlərin həyata keçirilməsində, uğurların qazanılmasında idarə rəisinin təşkilatçı və təşəbbüskar kimi böyük əməyi vardır.
 
 
 İstehsal və rəhbərlik işi ilə yanaşı olaraq elmi fəaliyyətə də səy göstərən Q.Mahmudova 2016-cı ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya komissiyasının qərarı ilə ona texniki elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir. Onun fədakar əməyi dövlətimiz tərəfindən layiqincə qiymətləndirilmişdir. 2007-ci ildə “Tərəqqi” medalı ilə təltif olunmuş, 2017-ci ildə isə Azərbaycanda neft yataqlarının sənaye üsulu ilə 2 milyardıncı ton neftin hasil edilməsi münasibətilə neft və qaz sənayesinin inkişafında xidmətlərinə görə “Əməkdar mühəndis” fəxri adına layiq görülmüşdür.
 
Q.Mahmudov aktiv siyasi mövqeyi və fəaliyyətilə seçilir. ARDNŞ-nın və Neft Daşlarının daxil olduğu Pirallahı rayonunun ictimai-siyası həyatında aktiv iştirak edir, bir çox dövlət və siyası tədbirlərin təşkilatçısı və iştirakçısı olmuşdur. Yeni Azərbaycan Partiyasının üzvüdür. YAP Pirallahı rayon təşkilatının sədr müavini, YAP Pirallahı rayon təşkilatı Neft Daşları ərazi ilk partiya təşkilatının sədridir.
 
 
Yaşayır gəncləşən Neft Daşları, sabaha doğru irəliləyir. Tarixi özündə yaşadır. Hər bir neftçinin, hər bir rəhbərin izləri var bu tarixdə. Böyük işlər görmüş Q.Mahmudovun izləri bu tarixin ən parlaq səhifələrindəndir..
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər