Cəmiyyət
4620
04 Feb 2021 | 15:18

"Bu gün də vəzifədə oturub tamahını idarə edə bilməyən məmurların sayı kifayət qədərdir..."

Son bir neçə ildə keçirilən ümumrespublika tədbirlərində ölkə Prezidenti dəfələrlə məmur özbaşınalığını kəskin tənqid etmiş və belə hallara yol verəcəkləri tədqirdə onların barəsində ən ciddi tədbirlərin görüləcəyi xəbərdarlığını etmişdi. Ancaq nə yazıqlar ki, bir çox məmurlar odla oynadıqlarını gerçəkdən anlasalar da tamahlarını idarə edə bilməmələri səbəbindən ən ciddi şəkildə cəzəlandırıldılar. Bu gün də vəzifə kürsüsündə oturub tamahını idarə edə bilməyən məmurların sayı kifayət qədərdir. Söhbət bu qədər xəbərdarlıqlardan və həbslə müşayət olunan cəzalardan nəticə çıxarmaq əvəzinə bir qədər də azğınlaşan məmurlardan gedir. 

Ölkə başçısı son televiziya  müsahibəsində “Mənim də artıq səbrim tükənir və deyirəm ki, vətəndaşlar da, məmurlar da bilsinlər” - deməklə artıq heç kəsə güzəştə getməyəcəyinin anonsunu aydın bir şəkildə cəmiyyətə çatdırdı və “Azərbaycan vətəndaşlarını yersiz qıcıqlandıran, onların dövlət aparatına etimadını azaldan heç bir hərəkət cavabsız, cəzasız qalmayacaq” dedi. 

İndi hər bir məmur öz əməllərinə hesabat verməyə məhkumdur. Əgər məmur vətəndaşı qıcıqlandıran hərəkətə yol verirsə və ya belə hərəkətlərin qarşısını almağa borclu olduğu halda, bunun əksini edirsə, deməli o, həm xalqa və həm də bu xalqın seçdiyi Prezidentə xəyanət edir.

Bu gün Prezident gecəli-gündüzlü səylər sərgiləyib ölkədə özəl sektorun inişafı naminə ən zəruri addımlar atdığı bir dönəmdə “Azərişıq”, Azərsu”, "Azəriqaz” və digər bu kimi dövlətə məxsus şirkətlər öz monopolist mövqelərindən istifadə edərək, şəxsi mənfəətləri naminə vətəndaşları və iş adamlarını hakimiyyətdən narazı salmaqla məşğuldurlar. 

Bir neçə il ərzində qaz sayğaclarını neçə dəfə dəyişmək olar? Onları bir formadan başqa bir formaya keçirib, sonradan yenə də əvvəlki vəziyyətinə qaytarmaqda məqsəd nədir? Axı bu sayğacların dəyişdirilməsi havayı başa gəlmir? İnsanlar artıq yeni sayğaclarla bağlı şikayətlənməyə başlayıblar. Bilinən budur ki, eyni səviyyədə qaz istehlak edənlərin yeni sayğaclardan sonara qaz sərfiyyatı artıb. Buna görə də vətəndaşlar düşünürlər ki, sayğac əhalinin cibinə girib oğurluq etmək üçün dəyişdirilir. 

Azərsu ASC bu günlərdə suyun qiymətlərinin iki dəfə qaldırılmasına nail oldu. Bu təşkilatın fəaliyyətində heç bir şəffaflıq yoxdur. Azərsu dövlətə məxsus bir təşkilatdır. Onun çəkdiyi xərclərin hər manatının hesabatı şəfaf bir şəkildə ortaya qoyulmalıdır. Bu qurumun keçirtdiyi tenderlərin şəffaflığını, həyata keçirtdiyi alışların, tikdiyi qurğuların dəyərinin bazar qiymətlərinə uyğun olub olmamasını kim yoxlayıb indiyə qədər? Sosial şəbəkələrdə quruma rəhbərlik edənlərin ifrat dəbdəbəli daşınmaz əmlaklarından çoxsaylı faktlar ortaya qoyulsa da bunları bu günə qədər bir kəs təkzib etməyib. Vətəndaşın evində su sayğacı sıradan çıxdıqda, bu sayğacı dəyişdirmək üçün çoxsaylı qapılar döydükdən sonara ona deyilir ki, “bizdə sayğac qurtarıb, gedin sayğacı bazardan alın və bundan sonar biz usta göndərək gəlib quraşdırsın, ustaya da hörmət edərsiz”. Bazarda satılan sayğaclar heç şübhəsiz ora Azərsu tərəfindən ötürülür. Bu qurumun insanları aldatdığı başqa bir məqam isə kanalizasiya xidmətinə görə yığılan pullar hesabına baş verir. Həyəti olan evlərdə yaşayan insanlar suyun böyük bir hissəsini – xüsusilə də yay aylarında bağ-bağçanın, əkinin sulanması məqsədilə istifadə edirlər. Deməli, bu su kanalizasiyaya axmır. Ancaq Azərsu vətəndaşa satdığı suyun miqdarında da kanalizasiya xidməti üçün pul yığır. Bir başqa məsələ isə su turbaları ilə su yerinə verilən havadır. Turba ilə su əvəzinə gələn hava sayğacı 3-4 dəfə sürətlə işlədir. Suyu açarkən krandan bir neçə saniyə ərzində hava gəlməsi normal sayıla bilər. Ancaq bizim halda sudan fasiləsiz istifadə etdiyin  saatlar ərzində (məsələn bağda ağacları sulayarkən) dəfələrlə suyun gəlməsi dayanır və suyun yerinə turbadan hava gəlir. Apardığımız müşahidə göstərir ki, 10 tonluq su çəninə sayğacla 10 ton su vuranda ən yaxşı halda çənə 7 ton su yığılır. Deməli bu yolla vətəndaşdan 3 ton su oğurlanır. Görəsən əhalinin cibinə bu qədər eybəcər formada girən bir qurumun təqdimatıilə suyun tariflərini iki dəfə yüksəldən Tarif Şurasının bu faktlardan xəbəri varmı? Buna bənzər mənzərə yanacaqdoldurma məntəqələrində təkrarlanır. İstənilən yanacaqdoldurma məntəqəsində avtomobil sahibinə satılan yanacağın 10%-i açıq-aşkar oğurlanır. Bunu sübut etmək üçün istənilən vətəndaş üzərində tutumu litirlə yazılmış bir qabla yanacaqdoldurma məntəqəsinə gəlib vəziyyəti yoxlaya bilər. Siz əgər ora 20 litr yanacaq tutan bir qabla gəlsəniz, 20 litr yanacağın dəyərini ödəyib, 18 litr yanacaq alacaqsınız. 

Azərişıq sahibkarlıq müəssisəsində yanıb sıradan çıxmış kabeli sadəcə dəyişmək üçün sahibkarın öz vəsaiti hesabına aldığı kabeli sayğaca qoşmaq üçün elə bir səviyyədə “ödəniş” tələb edir ki, sahibkar seçim qarşısında qalır ki, bu pulu ödəsə yaxşıdır, yoxsa biznesi tamamilə bağlasa daha faydalı olar.
Bütün bu sadaladığımız və bunlara bənzər sadalamadığımız neqativ hallar son nəticədə vətəndaşlarımızın, iş adamlarının hakimiyyətdən narazılığına səbəb olur. Bu neqativlər Prezidentin dediyi kimi - vətəndaşları yersiz qıcıqlandırır, onların dövlət aparatına etimadını azaldır. 
Bütün bu neqativlərə yol verən və onların aradan qaldırılmasını təmin etməyə  borclu olan təşkilatlar ölkə Prezidenti cənab İlham Əliyevin son xəbərdarlığında səslənən bu sözləri unutmasınlar - heç bir hərəkət cavabsız, cəzasız qalmayacaq!

Fikrət Yusifov, Sabiq maliyyə naziri, iqtisadçı professor
Link kopyalandı!
Son xəbərlər