“Təəssüf ki, özəl televiziyalarda daha çox şübhəli imici olan adamlar efirə dəvət olunur”
Cəmiyyət
3277
23 Jan 2021 | 14:25

“Təəssüf ki, özəl televiziyalarda daha çox şübhəli imici olan adamlar efirə dəvət olunur”

“Mən belə düşünürəm ki, son bir ildə televiziyada bayağı verilişlərin sayı qismən azalıb. Xüsusən bu sahədə daha çox nöqsanların olduğu “ATV” və “Xəzər” Televiziyasında baş verən dəyişikliklər o nöqsanları qismən azaldıb. Amma təəssüf ki, o problemlər hələ də ciddi şəkildə qalır”

Bunu Moderator.az-a açıqlamasında professor, media eksperti Qulu Məhərrəmli nasir Xeyrəddin Qocanın efirlərimizlə bağlı səsləndirdiyi tənqidi fikirlərinə münasibət bildirərkən deyib. O, bu mövzuda həmkarı ilə razılaşdığını bildirib:

X. Qocanın tənqid dolu açıqlamasını bu linkə daxil olub oxumaq olar: //www.moderator.az/news/361927.html

"Mən Xeyrəddin Qocanın televiziyalarımızla bağlı yazısını oxudum və onun fikirlərinə şərikəm. Əvvəla ona görə ki, televiziyadakı nöqsanları tənqid etməkdə Xeyrəddin müəllim ardıcıldır və həmişə də mənəvi problemləri qaldırır və bunlar çox yaxşı cəhətdir. Dedikləri də başdan-ayağa həqiqətdir. Mən belə düşünürəm ki, son bir ildə televiziyada bayağı verilişlərin sayı qismən azalıb. Xüsusən bu sahədə daha çox nöqsanların olduğu “ATV” və “Xəzər” Televiziyasında baş verən dəyişikliklər o nöqsanları qismən azaldıb. Amma təəssüf ki, o problemlər hələ də ciddi şəkildə qalır. Televiziya bir vitrindir, göstəricidir, cəmiyyətin güzgüsüdür. Bura çıxan, təbliğ olunan, dəvət olunan insanlar cəmiyyətdə müəyyən dərəcədə dəb təlqin edən, səviyyəli adamlar olmalıdır. Amma təəssüf ki, xüsusən özəl televiziyalarda nəyinsə xatirinə daha çox subyektiv mülahizələr və şübhəli imici olan adamlar efirə dəvət olunur və onların da ki, davranışları Xeyrəddin bəyin dediyi kimi çox ciddi narazılıq doğurur. Bunların qarşısını almağın çox sadə yolu var və bu yol ondan ibarətdir ki, televiziya rəhbərləri o adamlara qarşı sərt tələblər qoymalıdır. Kimlər dəvət olunur? Niyə dəvət olunur? Bununla bağlı konkret və dəqiq kriteriyalar olmalıdır. 

Bax o cür hallar, tələblər olmayanda ekranda çox ciddi biabırçılıqlar olur və mən təəssüf edirəm ki, hələ də bu gün “Lider” TV-də və “Space” kanalında o cür qüsurlu, qıcıqlandırıcı şou-proqramlar var və onların aparıcıları da daxil olmaqla, dəvət olunan qonaqların davranışı, geyimi, vulqar yanaşmaları insanları qıcıqlandırır. Məncə, bu barədə çox danışılır və bununla bağlı aydındır ki, həm ictimaiyyət, həm də Milli Teleradio Şurası müəyyən addımlar atmalıdır. Yeri gəlmişkən MTRŞ-in son xəbərdarlıqları müəyyən dərəcədə özünü doğruldur. Xüsusən onun  “ARB” və “ATV” kanalı ilə bağlı xəbərdarlığı və atdığı kəskin addımlar öz nəticəsini verir. Bu o deməkdir ki, bu cür inzibatı yanaşma effekt verir və bundan tez-tez istifadə etmək lazımdır”.

Vasif Əlihüseyn
Link kopyalandı!
Son xəbərlər