Aktyorlardan Operativ Qərargaha
Cəmiyyət
4288
16 Jan 2021 | 17:35

Aktyorlardan Operativ Qərargaha "üsyan": “Bəs bizim səsimizə kim səs verəcək...?”

Bu gün Nazirlər Kabineti yanında Operativ Qərargah sərt karantin rejiminin yumşaldılması ilə bağlı qərar qəbul etdi. Təəssüf hissi ilə qeyd edək ki, bu dəfə də teatrların bərpa olunması ilə bağlı heç bir qərar qəbul edilmədi. 

Moderator.az aktyor və rejissorlar arasında sorğu keçirdi. Onlardan hazırki durumunu xəbər aldı.  

Möhürün məmur əlində olmağı, yaradıclığa isə rəhbərliyi başqasının etməsi...
Əməkdar artist, Bakı Uşaq və Gənclər Teatrının direktoru İntiqam Soltan hazırki durumda teatrların fəaliyyətinin dayandırılmasını absurd hesab etdi: “ Teatrdan qorxu,  çəkinmə ta Sovet dövrünün lideri İ.Stalinin konsepsiyasına təsadüf edir. Belə ki, möhürün məmur əlində olmağı, yaradıclığa isə rəhbərliyi başqasının etməsi yaradıcılığın inkişafına mane olan amillərdəndir. Stalin hakimiyyətinin məmurları elə bir formatda bəddi şura yaratmışdılar ki, o bədii şura teatra yalnız partiyanın siyasəyini yürüdən, azad olmayan səhnə əsəsləri çıxa bilirdi. Ora elə insanlar rəhbərlik edirdi ki, onlar  teatrların binalarının giriş qapısının haradan olduğunu bilmirdilər. Düzdür, onların içərisində teatrdan anlayışı olanlar da vardı. İndi də onun kimi... İndi demirəm ki, teatrdan qorxurlar, əsla.  Ancaq  teatrı diqqətdə saxlamaq iki şeydən qaynaqlana bilər. Birincisi əgər məni harasa dəvət etmirlərsə ya mən yaddan çıxmışam, ya da həddən artıq yadda qalmışam. Teatra da bu cür yanaşılır. Bəzi hallarda teatra adi bir şey kimi baxılır.  Ancaq ki, teatr həyat məktəbidir, maarifləndirmə ocağıdır”.
Teatrın fəaliyyətinin bərpa olunmasına gəldikdə isə İ.Soltan qeyd etdi ki, bu qərarlar teatra yaxın olmayan insanlar tərəfindən verilir: “Operativ Qərargaha sual versəniz ki, “Niyə muzeylərin, sərgi salonların fəaliyyətini bərpa etdiniz, ancaq teatrları yox?”-  deyəcək ki, muzeyelərə gələn izləyiciləri tək-tək idarə etmək mümkündür. Sual verəndə yoxdur ki, cənablar axı aktyorlar formasını, plastikasını itirir. Məşqsiz tamaşadansa tamaşasız məşq daha yaxşıdır. Məgər əsgər hər gün döyüşə gedir?
 Bu da bir döyüşdür. Biz cəhalətlə döyüşürük. Aktyor özü hazır olmalıdır ki, pərdələr açılanda o məhsulu təqdim edə bilsin. Təəssüf edirəm ki, teatrları bilməməzlikdən bu qərar verilir.  Bu qərarlar teatrlara deyil, cəmiyyətimizə, milli mədəniyyətimizə, öyündüyümüz türk mədəniyyətinə zərbə vurmaqdan başqa bir şey deyil. Unutmayın cənablar, mədəniyyət şou-biznes deyil.  Teatr yeganə məkandır ki, orda yalnız peşəkarlar işləyə bilər. Kinoya hər kəs çəkilə bilər, televiziyada bəziləri işləyə bilər, teatrda isə yalnız peşəkarlar işləyə bilər. 2-3 saat canlı tamaşaçı ilə ünsiyyətdə olmaq qeyri- peşəkarın işi deyil. Peşəkarlıq yalnız diplomla ölçülmür”.
 
“Aktyor üçün sənətdən ayrı düşmək övladından ayrı düşmək kimi bir şeydir”
Xalq artisti Naibə Allahverdiyev sənət adamları  üçün teatrdan ayrı düşməyin çətin olduğunu vurğuladı: “Həm mənəvi, həm də psixoloji olaraq teatrdan ayrı düşmək bizə təsir edir. Mənəvi cəhətdən ona görə  çətindir ki, şəxsən mənim üçün teatra bir məbədgahdır. Teatrdan ruhən qidalanıram. Sənətə gələn insan sənətlə yorğulub. Aktyor üçün sənətdən ayrı düşmək övladından ayrı düşmək kimi bir şeydir. Bundan başqa aktyor hər zaman formada olmalıdır. Teatrdan ayrı düşmək aktyoru formadan salır. Teatrlar fəaliyyəti bərpa edilməlidir. İnsanlar darıxırlar. Teatra gələndə həm əylənir, həm də əylənməklə bərabər düşünərək  mənəvi rahatlıq tapırdılar. Teatr həyatın güzgüsüdür.  İnsanlar həyatda tapmadıqları sualların cavablarını  teatrda nümayiş olunan tamaşalarda tapırlar”.

“Sadəcə dözülməzdir”
Əməkdar artist, rejissor Nicat Kazımov isə teatrlarda  məşq prosesini aparmaq üçün icazə verilməsini zəruri hesab etdi: “Nazirlər kabinetində bu qərarları verən şəxslərdən xahiş etmək olar ki, qərar verərkən teatrları da nəzərə alsınlar. Məşq prosesinə icazə versinlər. Teatrların hazırki durumu sadəcə dözülməzdir. Çox istərdim ki, ən azından tamaşaların məşq prosesi bərpa olunsun”.

“Çox acınacaqlı haldır”
 Tanınmış aktrisa Günel Məmmədova hər ölkənin mədəniyyəti ilə tanındığını və bu sırada teatrın müstəsna xidmətlərinin olduğunu vurğuladı: “Bir il olar ki, teatrlar fəaliyyət göstərmir. Öz adımdan deyirəm ki, həm tamaşaçılarım, həm də teatr üçün darıxmışam. Düzdür seriallara, filmlərə çəkilirəm,  amma teatrın yeri tam başqadır. Hər dəfə Operativ Qərargahın brifinqində gözləyirəm ki, teatrlar bərpa olunacağı xəbərini verəcəklər. Əfsuslar olsun ki, teatrdan başqa digər sahələrdə yumşalma nəzərə alındı.  Halbuki ilk növbədə mədəniyyət ocaqları, xüsusən də teatrların işi bərpa olunmalı idi.  Biz I Qarabağ müharibəsində istər teatrda, istərsə də kinoda öz tamaşaçılarımızı itirmişdik. Eyni proses indi də baş verir. Hətta Martdan teatrların bərpa olunması ilə bağlı qərar qəbul edilsə də repertuardakı tamaşaları belə məşq etmək üçün bizə kifayət qədər zaman lazımdır. Çox acınacaqlı haldır. Bu da bizi məyus edir”.
 
Xəyalə Rəis 
Link kopyalandı!
Son xəbərlər