“Sülhməramlıların vəzifəsi ermənilərə Qarabağda ev tikmək deyil”
Cəmiyyət
1879
17 Dec 2020 | 17:22

“Sülhməramlıların vəzifəsi ermənilərə Qarabağda ev tikmək deyil”

Rusiya sülhməramlıları səlahiyyətlərindən artıq nəsə etməməlidir. Keçmiş Dağlıq Qarabağın erməni əsilli azərbaycanlı vətəndaşlarının bütün sosial-iqtisadi problemlərini yalnız Azərbaycan həll edə bilər.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, sülhməramlılar üçtərəfli Bəyanatın müvafiq bəndlərində qeyd edilən şəkildə xidmət göstərməlidirlər:

“Yəni onların konkret vəzifələri və təyinatı Bəyanatda aydın şəkildə göstərilir. Sülhməramlılarının etməli olduğu vəzifələr bunlardır:

Birincisi, bölgədəki erməni silahlılar tərk-silah edilib ərazidən çıxarılmalıdır. Çünki sülhməramlıların Qarabağa gəlişi ilə bu qüvvələr paralel olaraq çıxmalı idi. Onu da qeyd edim ki, Bəyanatda konkret erməni silahlı qüvvələrinin Qarabağdan çıxarılması deyil, bütün erməni silahlılarının çıxarılması qeyd edilib. Yəni Ermənistan ordusundan başqa separatçıların da tərk-silah edilməsi lazımdır. Lakin təəssüf ki, biz hələ də Qarabağda silahlı insidentlərin yaşandığının şahidi oluruq. Bu isə Bəyanatın bu bəndinin hələ tam icra edilmədiyini göstərir.

İkincisi, sülhməramlıların konkret yerləşdirildiyi məntəqələr var ki, bu məntəqələrdə nəzarətin gücləndirilməsi çox vacibdir. Laçın koridorundan Ermənistana məxsus silah-sursat, eyni zamanda hərbi qüvvənin Qarabağa keçməsinin qarşısı almalıdır.

Üçüncüsü, regionda baş verə biləcək istənilən gərginliyin qarşısını almalı, silahlı toquşmalara yol verməməlidir.

Qeyd etdiyim bu 3 məsələ sülhməramlıların qarşısına qoyulan tələblərdir. Bunlardan birinin edilməməsi Bəyanatın müddəalarının pozulması deməkdir”.

Politoloq bildirib ki, sülhməramlıların keçmiş Dağlıq Qarabağda məktəb açması, məskunlaşma üçün ev tikməsi, sosial proqramlar icra etməsi, hətta modul xəstəxana açıb erməniləri müalicə etməsi qanunsuzdur:

“Qeyd edilən bütün bu fəaliyyətlər qanunsuzdur və Bəyanatın müvafiq tələblərinə ziddir. Məsələ ondadır ki, bütün bu işləri Azərbaycan Respublikası etməli və ya Rusiya Azərbaycanın razılığı əsasında bunları həyata keçirməlidir. Ola bilsin, bununla bağlı əlavə razılıq var, lakin bu razılıq bizə bəlli deyil. Sülhməramlıların vəzifəsi ermənilərə Qarabağda ev tikmək deyil. Fikrimcə, onların fəaliyyəti və təyinatı üzərində yenidən danışıqlara ehtiyac var”.
Link kopyalandı!
Son xəbərlər