Milli qürur və iftixar hissi ilə qeyd edəcəyimiz gün  - 102 yaşlı Azərbaycan Ədliyyəsi
Cəmiyyət
1513
17 Nov 2020 | 11:21

Milli qürur və iftixar hissi ilə qeyd edəcəyimiz gün - 102 yaşlı Azərbaycan Ədliyyəsi

Bu gün Milli Dirçəliş Gününü böyük qürur və milli iftixar hissi ilə qeyd edirik. Bu qüruru bizlərə müzəffər Ali Baş Komandanımız İlham Əliyev və rəşadətli Silahlı Qüvvələrimiz yaşadıb. 30 ilə yaxın mənfur düşmən tapdağında qalan Vətən torpaqlarımız 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad olundu. Ötən günsə Ali Baş Komandan və Birinci Vitse Prezident Mehriban xanım Əliyeva işaldan azad olunmuş Füzuli və Cəbrayıla səfər etdilər, məşhur Xudafərin körpüsünə baş çəkdilər, dünyaya bu torpaqların gerçək sahibinin kim olduğunu göstərmiş oldular. Neçə gündür ermənilərin Kəlbəcəri tərk edərkən törətdikləri vəhşiliklər, təkcə evlərə deyil, təbiətə qənim kəsilmələri, ekoloji terror törətmələri dünya mediasının baş xəbərlərinə çevrilib. Əslən Kəlbəcərdən olmağım törədilən bu vəşhşilikləri ikiqat ağrı ilə qarşılamağıma səbəb olub və onlara nifrətimi birə beş artırıb. Amma hər şərdə bir xeyir də var və bəlkə də öz murdar izlərini vətən torpaqlarımızdan silmələri bizim xeyrimizədir. Ali Baş Komandamızın da dediyi kimi, biz işğaldan azad edilmiş bütün torpalarımzıı yenidən dirçəldəcəyik, yeni şəhərlər və kəndlər salacağıq, insanlarımız öz doğma yurd yerlərində firəvan həyat sürə biləcəklər. Amma möhtərəm prezidentimizin dünən də dediyi kimi ermənilər törətdikləri bu vəhşiliyə görə beynəlxalq məhkəmələrdə cavab verəcəklər. 

Yeri gəlmişkən, bir neçə gündən sonra-noyabrın 22 - də Ədliyyə işçilərinin peşə bayramı günüdür. 

Dövlətçilik tariximizdə özünəməxsus yeri olan Azərbaycan ədliyyəsinin yaranmasından 102 il ötür. Bir əsrdir yol gələn milli ədliyyə sistemiz çətin və keşməkeşli günlərdən keçərək şanlı tarix yazıb. 
Şərqin ilk demokratik dövləti olan Azərbaycan Xalq Cümhuriyyətində Ədliyyə Nazirliyi müstəqilliyimizin elan olunduğu tarixi gündə - 28 may 1918-ci ildə təsis edilib. İlk ədliyyə naziri dövrünün nüfuzlu ictimai-siyasi xadimi Xəlil bəy Xasməmmədov olub. Bir neçə ay sonra 1918-ci il noyabrın 14-də Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının qərarı ilə Azərbaycan məhkəmə palatasının Əsasnaməsi, noyabrın 22-də isə Ədliyyə Nazirliyinin Əsasnaməsi təsdiq edilib. 

1920-ci ildə ölkə işğal edildikdən sonra Ədliyyə Nazirliyi ləğv edilərək əvəzində Xalq Ədliyyə Komissarlığı yaradılıb və səlahiyyətləri xeyli məhdudlaşdırılıb. İki dəfə ləğv olunaraq yenidən təsis edilib, funksiyaları ayrı-ayrı vaxtlarda prokurorluq, məhkəmə orqanlarına verilib. 
Hörmətli nazirimiz Fikrət Məmmədovun qeyd etdiyi kimi, Ədliyyə Nazirliyinin yenidən və əsaslı surətdə təsis edilməsi, ədliyyə işinin təkmilləşdirilməsi məhz 1970-ci ilə - ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyə gəldiyi dövrə təsadüf edir. Həmin dövrdən etibarən Ədliyyə Nazirliyi sabit fəaliyyət göstərərək məhkəmə orqanlarına təşkilati rəhbərliyi həyata keçirib, əhaliyə hüquqi yardımı yaxşılaşdırıb, notariat fəaliyyətinin və məhkəmə ekspertizalarının aparılmasını təmin edib.

Müstəqillik illərində ədliyyə və məhkəmə-hüquq sisteminin inkişafına müstəsna önəm verən ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan ədliyyəsinin inkişafını təmin edən ardıcıl tədbirlər həyata keçirilib. Hüquqi sahədə islahatların mütəşəkkil qaydada aparılması məqsədilə Hüquqi İslahat Komissiyası yaradılıb, qısa müddət ərzində mühüm qanunlar qəbul edilib, məhkəmə və hüquq mühafizə orqanlarının funksiya və səlahiyyətlərinə yenidən baxılıb.

Azərbaycan ədliyyəsinin səlahiyyətləri genişləndirilib, istintaq aparatı, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət institutu, icra xidməti yaradılıb, nazirliyin cəmiyyətdə rolu əhəmiyyətli dərəcədə artıb.

Ümummilli liderin dövlət quruculuğu xəttini uğurla davam və inkişaf etdirən İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti kimi fəaliyyət göstərdiyi bu illər ərzində Ədliyyə Nazirliyində və bütövlükdə ölkəmizin məhkəmə-hüquq sistemində əsaslı islahatlar aparılıb. Bu mühüm sahədə fəaliyyətin təkmilləşdirilməsi, ədliyyə orqanlarının inkişafı, ədalət mühakiməsinin səmərəliliyinin artırılması, müstəqil məhkəmə hakimiyyətinin möhkəmləndirilməsi üzrə genişmiqyaslı təbirlər həyata keçirilib.

2006-cı ildə nazirliyin yeni Əsasnaməsi qəbul edilərək ona hüquq mühafizə orqanı statusu verilib. Nazirliyin yeni müasir görünüşlü rəsmi emblemi təsdiq edilib. Nazirlikdə yeni qurumlar - Ədliyyə Akademiyası, regional ədliyyə şöbələri, müxtəlif reyestrlər yaradılıb. 

Ədliyyə işçiləri və digər hüquqşünaslar nəzəri bilik və peşə hazırlığını artırmaq məqsədilə Ədliyyə Akademiyasında tədris tədbirlərinə, həmçinin beynəlxalq treninqlərə və ixtisasartırma kurslarına cəlb olunublar. Bununla yanaşı, Akademiyanın elektron resurslarla zəngin Elmi Kitabxanası ictimaiyyət üçün açıqdır. Hüquq Klinikası isə əhalinin aztəminatlı təbəqəsinə pulsuz hüquqi yardım göstərir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə penitensiar sistemdə də köklü islahatlar aparılıb. Nəticədə cəza siyasəti humanistləşdirilərək məhkumların hüquqları və imtiyazları xeyli genişləndirilib, onların saxlanma şəraiti, ərzaq və tibb təminatı köklü şəkildə yaxşılaşdırılıb. Eyni zamanda bu sahədə ictimai nəzarət gücləndirilib. 
Ədalətli məhkəmə hüququnun ayrılmaz tərkib hissəsi olan məhkəmə qərarlarının icrası işi də yenidən qurulub. İcra xidmətinin fəaliyyəti və strukturu təkmilləşdirilib, qanunvericilik əsaslı şəkildə yenilənərək təsirli icra mexanizmləri yaradılıb, icra məmurlarının səlahiyyətləri genişləndirilib, məhkəmə və digər orqanların qərarlarının icra edilməməsinə görə inzibati və cinayət məsuliyyəti sanksiyaları sərtləşdirilib.

Azərbaycan brendi olan və ədliyyənin də müvafiq xidmətlər göstərdiyi "ASAN xidmət" çərçivəsində 18 milyondan artıq müraciətə baxılaraq vətəndaş məmnunluğuna nail olunub. 
Rəsmi məlumatlara görə, təqdim edilmiş sənədlərin 40 faizdən çoxu ASAN mərkəzlərində fəaliyyət göstərən ədliyyə qurumlarının payına düşür.
Bu mərkəzlər Azərbaycan Prezidenti İlham Əliyevin 2012-ci il 13 iyul tarixli 685 nömrəli Fərmanına əsasən yaradılıb. İlk “ASAN xidmət” vətəndaşlara 2013-cü il yanvarından xidmət göstərməyə başlayıb.
“ASAN xidmət” mərkəzləri dövlət orqanları tərəfindən göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsini, ölkədə dövlət qulluqçusu-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsini təmin edir. 
Sevindiricidir ki, vətəndaş məmnunluğunun təmin edilməsinə hesablanan bu prosesdə aktiv iştirak edən qurumlardan biri də məhz Ədliyyə Nazirliyidir. 
Dövlət başçısının vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tapşırıqlarına uyğun olaraq Ədliyyə Nazirliyi də davamlı şəkildə səyyar qəbullar təşkil edir. Bu qəbullar zamanı nazirliyin  rəhbərliyi tərəfindən yerli ədliyyə qurumları və məhkəmələrə baş çəkilir, onların fəaliyyəti və iş şəraiti ilə tanış olunur, müşavirələr keçirilərək vətəndaşlara daha həssas və qayğı ilə yanaşılması, onların müraciətlərində qaldırdıqları məsələlərə vaxtında və düzgün baxılması ilə bağlı tapşırıq və tövsiyələr verilir.
Nazirlik "Qaynar xətt" əlaqə mərkəzinə edilən müraciətlərə də xüsusi diqqət ayırır, qaldırılan məsələlərlə bağlı zəruri tədbirlər görür.
Azərbaycan ədliyyəsinin müasir tarixində baş vermiş mühüm hadisələrdən biri də respublikamızda ilk dəfə olaraq Ədliyyə Nazirliyinin regional şöbələrinin yaradılmasıdır. 2006-cı ildə ölkə Prezidentinin ədliyyə orqanlarının inkişafı haqqında fərmanına uyğun olaraq yaradılmış şöbələr bölgələrdə ədliyyə orqanlarının işini əlaqələndirir, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirir və onlara metodiki kömək göstərir, qanunvericiliklə müəyyən edilmiş cinayətlər üzrə ibtidai istintaq aparır, qeydiyyat və notariat işinin, məhkəmə qərarlarının icrasının təşkilində iştirak edir.
Həyata keçirilən məhkəmə-hüquq islahatlarının nəticəsi olaraq regionlarda əhalinin məhkəmələrə müraciət imkanları asanlaşıb, vətəndaşlara göstərilən hüquqi yardımın keyfiyyəti və səmərəsi yüksəlib.
Ümummilli lider Heydər Əliyevin qərarı ilə 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Həm peşə bayramı, həm də Azərbaycan ədliyyəsinin 102 illiyi münasibətilə ədliyyə işçilərini təbrik edir, onlara bu çətin, eyni zamanda da şərəfli yolda uğurlar arzulayıram.

Şəfəq Salmanlı
Ədliyyə Nazirliyi, Nəsimi rayon qeydiyyat şöbəsinin rəisi
Link kopyalandı!
Son xəbərlər