“Vətən deyəndə ürəyiniz titrəmirsə, şəhid adı gələndə gözləriniz dolmursa, bizdən deyilsiniz\
4738
10 Nov 2020 | 12:52

“Vətən deyəndə ürəyiniz titrəmirsə, şəhid adı gələndə gözləriniz dolmursa, bizdən deyilsiniz\"

Bu sabah günəşi qalib ölkənin vətəndaşları kimi salamladıq. Yaşadığımız  duyğuya ad qoymaq mümkünsüzdür. Dünən axşam qələbə xəbərini çatdıran İTV-nin xəbər aparıcısı Jalə Həsənli ilə söhbətləşmişdik. Onun sözləri, fikirləri, təəssüratları məndə qəribə hiss oyatmışdı. Müharibənin başladığı günü xatırlamışdıq. İlk dəfə efirdə qələbə xəbəri verən Jalə xanım öz yaşlarına hakim ola bilməmişdi. Deyir ki, illərdir “işğal olunub” sözünü eşitmişdik: “Həmin gün ilk dəfə 27 sentybrda 28 ildən sonra “işğaldan azad olundu” xəbərini eşitdim. Qulağıma deyilən xəbəri oxuduqca, mahiyyətini dərk etdikcə qəhər məni boğurdu, gözlərim artıq dolmuşdu. Hisslərimə hakim deyildim, elə bu vaxt rejissor yenidən:”Jalə, Füzulinin 4, Cəbrayılın 2 kəndi işğaldan azad olundu” dedi. Saçımdan dırnağıma qədər həyəcan içində idim. O xəbəri emosiyasız çatdırmaq mümkün deyildi”.

Müsahibimizlə söhbətə Şuşadan başladıq. Qarabağın şah damarı olan  Şuşa...


- Şuşa bizim döyünən ürəyimiz idi. Şuşanın alınması xəbərini necə qarşıladınız və hansı hissləri keçirirsiniz? 

-Şuşa, bizim nəyin ki döyünən ürəyimiz, Şuşa bizim aldığımız nəfəsdir. Şuşa şəkillərdən görüb, qoxlaya bilmədiyimiz Xarı bülbülümüz idi. Şuşa, minarələrini görüb, amma namazımızı qıla bilmədiyimiz məscidimiz idi. Sərinliyini duyub, amma içə bilmədiyimiz İsa bulağımız idi. Allahıma min şükürlər olsun ki, daha Şuşamız uzaqda deyil, ünümüz də yetir, əlimiz də çatır. Şuşanın işğaldan azad olunması xəbərini hər kəs kimi mən də televizorun önündə, Ali baş komandanımızın xalqa etdiyi müracitlə öyrəndim. Kadrlar başlayanda, möhtərəm prezidentimiz, cənab İlham Əliyevin geyimindən və ziyarət etdiyi məkanlardan ürəyimə damdı ki, bu dəfə Şuşanın azadlığı elan olunacaq. Özümü xəbərə nə qədər hazırlasam da, nə qədər möhkəm dayanmağa çalışsam da, göz yaşlarımı tuta bilmədim. Həmin anı əbədiləşdirmək üçün telefonuma qeyd edirdim, əllərim əsir, dilim söz tutmurdu. Bu hisslərin heç bir tərifi yoxdur, heç bir sözə Şuşanı sığdırmaq olmur. Bu gün sevincimizin tək adı var-Şuşa. Bizi Şuşaya qovuşduran rəbbimə, Azərbaycan əsgərinə, qazilərimizə, şəhidlərimizə və qətiyyətindən dönməyən, “Şuşasız işimiz yarımçıq qalar” deyən ali baş komandanımıza təşəkkür edirəm. Şəhid analarının qarşısında baş əyirəm. Nə xoş bizə ki, məktəb vaxtı işğal günlərini unutmamaq üçün əzbərlədiyimiz, qan yaddaşımıza həkk etdiyimiz şəhərlərimizin işğaldan azad olunması gününü görürük. Özümü bu barədə çox şanslı hiss edirəm ki, nə yaxşı ki Allah bu xəbəri efirdən səsləndirməyi də mənə qismət etdi.

 

- Dünən xalq olaraq 1 əsrə bərabər gün yaşadıq. Bu günləri, qələbə xəbərini necə təsəvvür edirdiniz?

- Elə bu cür möhtəşəm də təsəvvür edirdim. Xəbəri aldıqdan sonra günorta efiri üçün işə çatmalı idim. Sevinc göz yaşları ilə küçəyə çıxdım. İlahi, biz necə gözəl xalq imişik. İlahi, biz necə güclü, necə yumruq kimi birləşən bir xalq imişik. Dünən bunun bir daha şahidi oldum. Eyvanlardan bayraq dalğalandıran kim, Qarabağ şikəstəsini yüksək səslə dinləyən kim, “Şuşa bizimdir” qışqıran kim... Tam haqqımız idi. Səsimiz batana qədər qışqırıb, Şuşa sevincini, 28 illik həsrəti yaşana biləcək ən gözəl formada yaşamaq haqqımız idi. Bizə bu haqqı verənlər var olsun. Bir də Şuşaya getməyi həmişə gözümün önünə gətirmişəm ki, necə olacaq...Təsəvvür edin, öndə Ali baş komandanımız və birinci xanımımız. Onların arxasında qazilərimiz, daha sonra bütün hərbiçilərimiz, onların arxasında isə xalqımız əllərində də şəhidlərimizin fotoları... Fonda Qarabağ şikəstəsi səslənsin, bayrağımız dalğalansın və biz də ayaqyalın, Şuşa torpağını duya-duya girək o möhtəşəm şəhərimizə. 


- Siz qələbə sevinci ilə itkini bir arada yaşadınız. Ana itkisi həqiqətən ağırdır. Hansş hissləri keçirdiniz? Adətən deyirlər övladlar atanı deyil anasını itirəndə özünü dünyada tək hiss edir.

- Anam mənim hər şeyim -rəfiqəm, dostum, dayağım idi. Bu yaşımda belə uşaq kimi qayğıma qalırdı. Uşaq olanda şeirlər yazırdım, ilk redaktorum idi. O özü də jurnalist idi. Deyirdi qələbədən danışmaq bizə qismət olmadı, amma sizə qismət olacaq. Torpaqlarımızın işğaldan azad olunacağına çox inanırdı. Məni aparıcı görməyi, məndən qələbə xəbərləri çatdırmağımı çox gözləyirdi. Bu gün çox sevinirəm ki, onun mənimlə bağlı arzularını həyata keçirmişəm. Xüsusilə də Şuşanı çox gözləyirdi. Son 2 həftədə vəziyyəti ağırlaşmışdı. Deyirdi, kaş ölmədən Şuşanın alındığı xəbərini eşidəydim. O qədər sevirdi Şuşanı... Deyirdi, oranın suyu, havası, insanları tam başqa cür olur. Deyirdi qismət olsa, ora qayıtsam çoxlu Xarı bülbül yığacam, gətirib qoyacam gözümün qarşısına ki doya-doya baxım. Şuşanın gəlişini çox gözləyirdi. Şuşa gəldi... amma anam getdi. Görə bilmədi. Efirdə Şuşanın qələbə xəbərini çatdıranda anam gəldi durdu gözlərimin qarşısında. Deyirdi Şuşanı gülərək deyərsən, qoy ermənilərin ürəyi yansın. Ona görə Şuşa xəbərini səsləndirəndə hisslərimi boğmağa çalışdım. Anamın ürəyincə olacaq formada səsləndirdim. Anamı itirdiyim gündən gözümüzün yaşı qurumur. Yoxluğuna alışmaq çox çətindir. Amma bir az təskinlik tapıram ki, Şuşamız qayıdıb, onun arzusunu yerinə yetirmişəm, indi əminəm ki, ruhu şaddır. Əminəm ki, bizdən öncə gedib, Şuşasını gəzib.

- İlk dəfə qələbə xəbərini çatdırmaq sizə qismət olub. O an göz yaşlarınıza belə hakim ola bilmədiniz. Necə hisslər idi?

- Tək kəlimə ilə möhtəşəm! İnanılmaz duyğu idi. Düşünün, illərdir ancaq işğal günü əzbərləmişdik, illərdir ancaq “işğal olunub” sözünü eşitmişdik. Amma həmin gün ilk dəfə 27 sentybrda 27-28 ildən sonra “işğaldan azad olundu” xəbərini eşitdim. Bəlkə də xəbəri öncədən bilmiş olsaydım, reaksiyam daha sakit olardı. Xəbər buraxılışının bitməsinə saniyələr qalmış rejissor mikrafonu açıb qulağlığa: "Hikmət Hacıyev brifinq keçirirdi və bu dəqiqələrdə bəzi torpaqlarımızın işğaldan azad olunduğunu bildirdi” dedi. Qulağıma deyilən xəbəri oxuduqca, mahiyyətini dərk etdikcə qəhər məni boğurdu, gözlərim artıq dolmuşdu. Hisslərimə hakim deyildim, elə bu vaxt rejissor yenidən:”Jalə, Füzulinin 4, Cəbrayılın 2 kəndi işğaldan azad olundu” dedi. Saçımdan dırnağıma qədər həyəcan içində idim. O xəbəri emosiyasız çatdırmaq mümkün deyildi. Deyilənləri necə səsləndirdim özüm də bilmədim. Axı mən aparıcıdan öncə Azərbaycan vətəndaşıyam. Torpağımın işğaldan azad olunması xəbərini necə sakit qarşılaya bilərdim. Allahıma min şükür olsun ki, ölkəmizə bu gözəl günləri nəsib etdi. Təki göz yaşlarımız qələbə sevinci üçün axsın. 


- Göz yaşlarınızı aparıcının reklamı kimi qələmə verənlər də oldu. Onlara sözünüz varmı? 

- Sözün düzü, şəxsən belə bir şərhlə, belə bir fikirlə rastlaşmamışam. O videonun yayılmasından sonra o qədər xoş sözlər aldım, o qədər gözəl insanlar tanıdım ki... Vətəndaşlarımız, incəsənət xadimlərimiz, dövlət məmurlarımız şəxsən zəng vurub təşəkkür ediblər. İlk qələbə xəbərini o cür təqdim etdiyim üçün hər kəs razılığını ifadə edirdi. Yalnız ölkəmizdə deyil, qardaş Türkiyədə, Özbəkistanda, Rusiyada, ABŞ-da, Almaniyada və adını sadalaya bilməyəcəyim daha neçə-neçə xarici ölkədən həm azərbaycanlılarımızdan, həm də elə xarici vətəndaşlardan xoş sözlər aldım. Türkiyə mediası bu çıxışı kifayət qədər geniş işıqlandırdı. TRT Haber, TGRT Haber, TRT Avaz, A Haber, Kanal 23, Beyaz TV, bölgə kanalları və internet televiziyalarına kimi bir sıra kanallar çıxışımı nümayiş etdirib haqqımda süjetlər hazırladılar. Əksəriyyəti ilə efirdə canlı bağlantılarım oldu. Milliyet, Sözcü kimi nüfuzlu qəzetlərində haqqımda məqalələr dərc olundu. Hətta TRT Haber kanalının “Sıcak nokta” verilişində məşhur aparıcı Fuad Kozluklu ilə birgə 1 saatlıq canlı veriliş apardıq. Bakıdan Şəhidlər Xiyabanından yayımlanan bu veriliş istər Türkiyədə, istərsə də Azərbaycanda maraqla qarşılandı. Bundan sonra Türkiyəyə dəvət də aldım. Sizə bir nüansı da qeyd edim ki,  РОССИЯ 1 kanalının “60 минут” verilişində Cənab Prezidentimizin məlum çıxışından saniyələr öncə mənim qələbə xəbəri oxumağımı göstərdilər. Çox qürurverici an idi. Xəbər ayın 27-si çıxmışdı. Sentyabrın 29-u İnstagramda directə baxanda 10 mindən çox mesaj gördüm. Çox böyük sevgi, çox böyük coşqu ilə qarşılandı. Mən düşünmürəm ki, kimsə o təqdimatda arzuolunmaz nüanslar axtarsın. Çünki həmin an mənimlə bərabər milyonlarla insan sevinc göz yaşına boğulmuşdu. O qədər insan axı bunu süni edə bilməzdi. Vətəni reklam xətrinə sevmək olmur, o sevgi sənin içində ya var, ya yoxdur. Mən vətənimi çox sevirəm. Uşaqlığım müharibə illərinə təsadüf edib. Ağlım kəsəndən ailəmizdə ancaq vətənpər mahnılara qulaq asılıb, işğaldaki torpaqlarımızdan danışılıb. İnsanlarımızın əsir düşməsindən, qaçqın və köçkün həyatı yaşamasından söhbət açılıb. Yadımdadır, 1993-cü ildə Zəngilanlı qonşularımızın qohumları rayondan qaçqın düşmüşdülər. Onların evlərində yer olmadığından həmin qohumlar gəlib, bizdə də qalırdılar. Mən o illəri uşaqlıq illərində görən adamam, ona görə də vətənimi belə çox sevirəm. Acısına kədərdən, qələbəsinə sevincdən gözlərim dolur. Vətən deyəndə ürəyin titrəmirsə, şəhid adı gələndə gözlərin dolmursa, qazi görəndə onun qarşısında olan borcunu anlamırsansa, bizdən deyilsiniz! 

Xəyalə Məmmədova
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər