Qələbə xəbərini səbirsizliklə gözləyirik
Cəmiyyət
1903
16 Oct 2020 | 11:38

Qələbə xəbərini səbirsizliklə gözləyirik

Mənfur qonşularımız olan ermənilər XX əsrin 80-ci illərinin sonlarından başlayaraq ərazi bütövlüyümüzə iddia qaldırmışlar. Ermənilər havadarlarının köməkliyi ilə yenicə müstəqilliyini bərpa edən gənc Azərbaycan dövlətinin torpaqlarının 20%-ni zəbt etmiş, 1 milyondan çox qaçqın və məcburi köçkünü öz doğma ocaqlarından didərgin salmışlar. Bu problemi sülh yolu ilə həll etmək üçün ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə 1994-cu ildə atəşkəs müqaviləsi imzalanmışdır. Bu müqavilədə problemin sülh yolu ilə həll ediləcəyi müddəası da var idi. Ulu Öndərimiz Heydər Əliyev və onun davamçısı olan cənab Prezident İlham Əliyevin səylərinə baxmayaraq Erməni tərəfinin qeyri-konstruktiv yanaşması üzündən bu danışıqlar bir nəticə vermədi. Nikol Paşinyanın hakimiyyətə gəlməsi ilə bu danışıqlar təmamilə donduruldu. İyirmi altı il davam edən, heç bir fayda verməyən danışıqlardan Azərbaycan xalqının səbr kasası daşmışdı. Azərbaycan Respublikasının rəhbərliyi son illərdə Ermənistan və ATƏT-in Minsk qrupunun üzvlərini bir neçə dəfə xəbərdarlıq etmişdi ki, torpaqlarımız sülh yolu ilə azad olunmasa hərbi yolla torpaqlarımızı işğaldan azad edəcəyik.

Sentyabr ayının 27-si Ermənistan tərəfinin hücumuna cavab olaraq Ali Baş Komandanın əmri ilə Azərbaycan Silahlı Qüvvələri əks-hücuma keçdi. Bu gündən etibarən xalqımızın tarixində yeni şanlı səhifə açıldı. Xalqımızın misli görünməyən iradəsinə arxalanan Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuz işğal olunmuş torpaqlarımızı müvəfəqiyyətlə işğalçılardan azad etməyə başladı. Azərbaycan xalqının bu iradəsi qarşısında heç bir qüvvə tab gətirə bilməz. Düşmənə qarşı mübarizədə 10 milyonluq xalq tək yumruq altında birləşmişdir. Bu ikinci Qarabağ müharibəsində müzəffər ordumuz xalqının yeni qəhrəmanlıq tarixini yazırlar. Qürurvericidir ki, rəşadətli ordumuzun uğurlu əməliyyatları nəticəsində işğal altında olan xeyli sayda kəndlərimiz düşmən tapdağından azad olunmuşdur.

Döyüş meydanında şanlı ordumuz mənfur düşmən qüvvələrini darmadağın edir, hərbi texnikanı qənimət olaraq ələ keçirir, erməni qoşunları hərbi hissələrinin döyüş nişanlarını ataraq qaçırlar.

Cəbhə bölgəsində böyük məğlubiyyətlər alan qəsbkar Ermənistan dövləti Tərtər, Goranboy, Bərdə, Mingəçevir, Tovuz, Ağdərə, Naftalan, Gəncə və digər şəhərlərdə mülki əhaliyə qarşı raket zərbələri endirir. Bu zərbələrdən onlarla mülki əhali şəhid oldu, yaralandı və yaşayış evlərinə, müxtəlif təyinatlı obyektlərə ziyan dəydi. Daha sonra 11 Oktyabr Moskva şəhərində Azərbaycan, Rusiya və Ermənistan dövlətininı xarici işlər nazirləri ilə humanitar atəşkəs imzalandı. Çox keçmədən elə həmin gün düşmən

atəşkəsi sərt şəkildə pozaraq, Cenevrə konvensiyasının tələblərinə riayət etmədən Gəncə şəhərində terror törətdi. Törətdikləri terror aktı isə dünya ictimaiyyətində böyük rezonans doğurdu. Bu terror aktı nəticəsində 3 çoxmərtəbəli yaşayış binası tam olaraq dağıldı, maşınlara və digər yaşayış binalarına ciddi ziyan dəydi, 9 mülki əhali şəhid oldu, 34 nəfər isə yaralandı. Onlar bu cinayətləri ilə mülki əhali arasında təşviş, ruh düşkünlüyü və çaşqınlıq yaratmaq istəyirlər. Lakin tam əksi olaraq onların bu hərəkətinə qəzəblənən qəhraman xalqımızın birliyi və mübarizə əzmi daha da artır.

Rəşadətli ordumuzun döyüş meydanında göstərdiyi uğurlarını Ali Baş Komandanımız cənab İlham Əliyevin siyasi meydanda göstərdiyi uğurlu diplomatiya tamamlayır. Heç kimə sirr deyil ki, ermənilərin dünyada güclü lobbisi var və onlar öz uydurduqları yalanları ilə Azərbaycan haqqında mənfi obraz yaratmağa çalışırlar. Buna baxmayaraq prezidentimiz cənab İlham Əliyevin düzgün diplomatiyası və xarici siyasəti nəticəsində siyasi arenada Azərbaycanın haqq səsinə səs verənlərin sayı günbəgün artır.

Dövlətimizin uğurlu xarici siyasəti, şanlı ordumuzun döyüş meydanındakı üstünlükləri xalqımızın qələbəyə inamını dahada artırır. Bu mübarizədə Azərbaycan xalqının birliyi, hakimiyyətin vəhdəti və haqq işimiz bizi qələbəyə doğru aparacaq!

Biz zəfər çalacağıq!

Qarabağ Azərbaycandır!

Fidan İsmayılova,

BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin mütəxəssi
Link kopyalandı!
Son xəbərlər