Tarix yazan şanlı ordumuzun zəfəri yaxındır
Cəmiyyət
2370
06 Oct 2020 | 09:24

Tarix yazan şanlı ordumuzun zəfəri yaxındır

Sentyabr ayının 27-dən başlayaraq bütün cəbhə boyu istiqamətində Ermənistan silahlı qüvvələrinin torpaqlarımızda törətdiyi təxribatlara rəşadətli Azərbaycan Ordusunun layiqli cavabı xalqımızda fərəh və qürur hissləri doğurdu. Müzəffər ordumuz Sialhlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə Cəbrayıl və Füzuli rayonlarının bir sıra kəndlərini, strateji yüksəklikəri düşmən tapdağından azad etməklə xalqımıza böyük sevinc bəxş etdi. Azərbaycan 27 ildən sonra möhtəşəm zəfər tarixi yazmaqla bir daha sübut etdi ki, işğalla heç bir zaman barışmayacaq, Azərbaycanın şanlı bayrağı bütün işğal olunmuş torpaqlarımızda dalğalanacaqdır.

Əsrlər boyu öz əsassız torpaq iddiaları ilə bütün regiona təhdid olan Ermənistanın siyasi rəhbərliyi danışıqlarda qeyri-konstruktiv mövqeyi ilə Qarabağı Ermənistanın ərazisi hesab etməklə bütün danışıqlara zərbə vurmuş, Azərbaycana başqa çıxış yolu qoymamışdır. Azərbaycan düşmənə qarşı əks-hücum əməliyyatlarını həyata keçirməklə sübut etdi ki, bu gün heç bir qüvvə bizimlə təhdid dili ilə danışa bilməz, bizə şərt qoya bilməz. Bütün dünya birliyi bilir və bilməlidir ki, Azərbaycanın heç bir ölkənin torpağında gözü yoxdur, Biz haqq mübarizəsi aparır və öz torpaqlarımızın azad edilməsi uğrunda vuruşuruq. Ermənistan isə hərb qaydalarına əməl etmir, mülki əhalini atəşə tutur, ağır artilleriya və raketlərdən cəbhə boyu yaşayış məntəqlərinə hücumlar təşkil etməklə provakasiya yolu ilə üçüncü tərəfləri münaqişəyə cəlb etmək istəyir. Bu da Cenevrə Konvensiyasının kobud şəkildə pozulması deməkdir ki, həmsədr ölkələr və beynəlxalq qurumlar bu məsələyə öz münasibətlərini mütləq qaydada bildirməlidirlər.

Bölgədə sülhün və sabitliyin təmin olunmasına daim öz töhfəsini verən Azərbaycan münaqişənin nizamlanması istiqamətində bundan sonra illərlə gözləmək niyyətində olmadığını açıq şəkildə ifadə etmişdir. Bu illər ərzində BMT-nin işğalçıların torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxarılması ilə bağlı dörd qətnaməsini, Beynəxalq hüququn prinsiplərini, mülki əhalini hədəf almaqla Cenevrə Konvensiyasının tələblərini pozan təcavüzkar Ermənistan sülhə məcbur edilməli və açıq-aşkar işğalçı siyasət yürütdüyünə görə ona qarşı təzyiqlər artırılmalı, sanksiyalar tətbiq edilməli, bu siyasətə son qoyulması üçün qəti addımlar atılmalı və işğalçı dövlət beynəlxalq birliyin iradəsinə tabe etdirilməli idi. Lakin təəssüf ki beynəlxalq təşkilatlar uzun illər ərzində bu istiqamətdə zəruri heç bir tədbir həyata keçirə bilmədilər, əksinə münaqişənin həllini uzatmaqla regionda təhlükə mənbəyinə

çevrilən Ermənistanın riyakar və təxribatçı siyasətinə göz yumdular. Otuz ilə yaxındır ki, bu qətnamələrə məhəl qoyulmur. Otuz ilə yaxındır ki, Minsk qrupu çərçivəsində danışıqlar aparılır və bunun sonunda Ermənistan müntəzəm olaraq təxribatlar törətməklə danışıqlar prosesini iflic vəziyyətə salır.

Beynəlxalq təşkilatların diplomatiya yolu ilə edə bilmədiklərini bu gün Azərbaycanın müzəffər ordusu əks-hücumla, düşmənə sarsıdıcı zərbələr vurmaqla həyata keçirir, şərəf və ləyaqətə döyüşür, üçrəngli müqəddəs bayrağı azad edilmiş torpaqlarda ucaltmaqla düşmənə və onun havadarlarına göz dağı verir.

Fərəhləndirici haldır ki, bu gün istər Ordumuzda, istərsə də cəmiyyətimizdə böyük ruh yüksəkliyi, döyüş əzmi mövcuddur. Azərbaycanın yaşından asılı olmayaraq minlərlə vətəndaşı könüllü cəbhədə vuruşmaq üçün səfərbərliyə cəlb olunduğu halda, erməni əsgərləri qolu zəncirli halda, könülsüz və məcburən döyüşə qatılır. Budur Azərbaycan xalqının vətənpərvərliyi və məğrurluğu.

Qeyd ediləsi vacib məqamlardan biri də budur ki, Azərbaycanda bu gün mövcud olan dövlət-ordu-xalq birliyi zəfərimizin əldə olunmasında müstəsna əhəmiyyətə malikdir. Azərbaycanın müstəqillik tarixində artıq neçənci dəfədir ki, müxtəlif fərqli məqsədi və məramı olan siyasi partiyalar siyasi mədəniyyət nümunəsi və həmrəylik göstərirlər.

Bu gün bütün cəmiyyətimiz Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin ətrafında sıx birləşmiş, müqəddəs torpaqlarımızı işğaldan azad etmək missiyasında öz üzərilərinə düşən bütün vəzifələri layiqincə yerinə yetirməyə hazırdırlar. İşğal altında olan torpaqlarımızın geri qaytarılması ilə bağlı dövlətimizin başçısının qətiyyətli və dönməz mövqeyi xalqımızda böyük inam yaratmış, ordumuzun şücaəti ilə zəfərimizin tezliklə əldə olunacağı artıq zərurətə çevrilmişdir. Əminik ki, Qələbəmiz davamlı olacaq və xalqımız itirilən torpaqlarına çox yaxında qovuşacaqdır. Qələbə bizimdir! Qarabağ Azərbaycandır!

Rəşad Cabarov,
BDU HİK-nin sədri, Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının müəllimi
Link kopyalandı!
Son xəbərlər