“Osmanlıcadan tərcümə türkə”…nə demək?!
1895
25 Sep 2020 | 19:31

“Osmanlıcadan tərcümə türkə”…nə demək?!

İndicə bu xəbəri oxuyub pərişan oldum: “AzTV “Diriliş Ərtoğrul” teleserialının Azərbaycan dilinə tərcümə və dublyajına başlayıb.” Bəs biz bir millət, iki dövlət idik?!

Mən artıq bu mövzuda mətbuatda bir neçə dəfə yazmışam, etirazımı bildirmişəm, o cümlədən bir az əvvəl TRT 1-ə də etiraz məktubu göndərdim.

Ona görə ki, Azərbaycanda 7-dən 77-yə hər kəs Anadolu türkcəsini anlayır, Şabanın, İbonun filmlərini də məhz türkcə əzbər bilir. Onları dublyaj edib bay elədik, indi də bu cür 150 seriyalı tarixi filmlərə girişmişik. Çox nahaq! Şəxsən mən, ailəm və çalışdığım universitetin tələbələrinin böyük bir qismi bu filmə baxmışıq, auditoriyalarda müzakirə də etmişik. O dublyaja kim baxacaq artıq, guya Şaban, İbo…“Hababam sınıfı” dublyajlarına baxan oldumu?!

Bizdə dublyaj mədəniyyəti, təcrübəsi yoxdur, ən düşük səviyyədəir, ən yaxşı əcnəbi filmlərin belə anasını ağlar qoyub yaman günə salmaqda mahirik, seyr etmək mümkünsüzdür. Heç olmasa, bu dublyaja girişənlər, altına, üstünə adlarını həkk edib pul qazananlar rusların, türklərin xarici filmləri necə dublyaj etmələrinə baxırlarmı? Özlərininkidir elə bil.

Kürsülərdə Türkiyəyə canı, könlü, soyu, dilibir qardaş deyirik, dara düşəndə yardım, aman umuruq, əlindən yapışırıq, türkük, türkün əsli elə bizik deyirik, əməldə türkcəyə bax beləcə rəsmən xarici dil statusu verirk, əcnəbi dil yarlığı yapışdırırq, sözümüzdən imtina edirik. Elə bu dublyaj, tərcümə oyunu kimi.

Və bir daha M.Ə.Sabirin misraları yada düşür:

“Osmanlıcadan tərcümə türkə” – bunu bilməm,
Gerçək yazıyor Gəncəli, yainki hənəkdir;
Mümkün iki dil bir-birinə tərcümə, amma
“Osmanlıcadan tərcümə türkə” nə deməkdir?!

Mirzə, biz elə 100 il əvvəlin həmənki yalançı türküyük, nəyimiz var dildədir, hünərsizik. Bəlalarımızın, başımıza gələnlərin, gətirilənlərin kökündə elə bu dayanır- adına, soyuna, tarixinə sahib çıxa bilməmək, əslindən, soy-kökündən qoparılıb ayrılmaq. Ona görə millətin halı belə də olur - Qarabağsız ötən 30 il kimi.

Hacı Nərimanoğlu
tarix üzrə fəlsəfə doktoru
Link kopyalandı!
Son xəbərlər