10561
15 Jul 2020 | 20:02

"Əgər düşmənin arxasında dayanan havadarı geri durarsa, onu diz çökdürməyə qadir ordumuz var"

Keçmiş müdafiə naziri general-polkovnik Səfər Əbiyev Moderator.az-a açıqlamasında Silahlı Qüvvələrimizin indiyədək işğalçını niyə torpaqlarımızdan qovub çıxara bilməməsi səbəblərinə aydınlıq gətirib:

"Azərbaycanın Tovuz rayon istiqamətində erməni silahlı bölmələrinin dövlət sərhədimizi qəflətən ağır silahlarla atəşə tutması regionda hərbi-siyasi vəziyyəti kövrək duruma gətirib çatdırdı. Üç gün davam edən şiddətli döyüşlərin geniş  müharibəyə çevrilmə ehtimalı yüksək idi. Sərhədə yaxın ərazilərdə yerləşən yaşayış məntəqələrimizə artilleriya qurğularından açılan atəşlər müəyyən narahatlıqlar yaratsa da, peşəkar döyüş ruhuna malik olan Azərbaycan ordusunun layiqli və kəskin cavabından sonra düşmən tərəf təcavüzünü dayandıraraq geri çəkilməyə məcbur oldu. Növbəti həmlələr olacağı təqdirdə düşmənin ordumuz tərəfindən daha ağır zərbələr alacağı qaçılmaz olacaq.

Ermənistanın quldur hakimiyyəti və işğalçı ordusu Azərbaycan SQ-nin şiddətli əks hücum zərbələrini bəlkə də heç ağlına gətirmirdi. Lakin qəhrəman əsgərimiz ona öz yerini göstərdi. Mən burada bir haşiyə çıxmağa lüzum görürəm. Uzun illər həm rəhmətlik Heydər Əliyevin, həm də Prezident İlham Əliyevin Ali Baş Komandanlığı altında Azərbaycan Ordusuna rəhbərlik etdiyim zamanlardan əsgər və zabitlərimizin  hərbi bilik və döyüş qabiliyyətinin yüksək səviyyədə olduğunu görmüş və bu ordu ilə həqiqətən fəxr duymuşam.
   
Ordu çox həssas bir qurumdur. Müasir silahları idarə etmək üçün savadlı və hərbi biliklərə yiyələnmiş zabit korpusunun yetişdirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu mənada qabaqcıl dünya ordularından heç də geri qalmayan ordu kadrlarımızın ərsəyə gəlməsində, yeni və digər  təkmilləşdirilmiş ağır silahları nizamlaya biləcək müasir hərbi savad və qabiliyyəti ilə seçilən zabitlərimizin hərbi idarəetməyə cəlb edilməsində problemlər çoxdan arxada qalmışdır.
    
Sual verilə bilər ki, bəs belə güclü ordu  işğalçıya niyə layiq olduğu yeri göstərə bilmir?  Öncə deyim ki, Ali Baş Komandanın rəhbərliyi ilə bu xoşbəxt günü görmək hamımıza qismət olacaq. Əgər düşmənin arxasında dayanan havadarı geri durarsa, qısa müddətdə onu diz çökdürməyə qadir  ordumuz vardır. Buna heç kimin şübhəsi olmasın".
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər