Xalq artisti:  “Hər şey pulun başındadır...”
Cəmiyyət
2149
14 Jun 2020 | 19:37

Xalq artisti: “Hər şey pulun başındadır...”

Ermənilər incəsənət spektrində durmadan Azərbaycan əleyhinə təbliğatı gücləndirirlər. Əvvəlcə məğlub olduqları aprel döyüşləri haqda “Cənnətə açılan qapılar” filmi ilə dünyaya çıxmağa başladılar. Artıq iyunun 22-26-sı tarixlərində Kann kinofestivalının keçirəcəyi və Avropanın ən böyük kino bazarı olan “Marche du Film” tədbirində həmin film təqdim olunacaq.

İndi isə Qarabağ torpaqlarında lentə alınan, Xocalı aeroportu nümayiş edilən “Əgər külək olsa” filmini Kann Festivalına təqdim ediblər. Bununla bağlı Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Kann Festivalının təşkilatçılarına etiraz məktubu göndərib. Qeyd olunub ki, sözügedən film Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində qanunsuz olaraq çəkilib. Filmdə göstərilən Xocalı aeroportu Azərbaycana məxsusdur və işğaldan sonra Ermənistan tərəfindən qeyri-qanuni olaraq bərpa olunub. Eyni zamanda, festival təşkilatçılarına Azərbaycan torpaqlarının bir hissəsinin Ermənistan tərəfindən işğal edilməsi, bir milyondan çox insanın öz yurdundan didərgin düşməsi və bu insanların 30 ilə yaxındır öz evlərinə qayıda bilməməsi haqda məlumatlar yer alıb.

Bundan əvvəl Ermənistan 2013-cü ildə Amerika milli kinoakademiyası “Oskar” mükafatının “Ən yaxşı xarici film” nominasiyasına Qarabağ müharibəsinə aid mövzuda film təqdim etmişdi. Komediya janrına aid edilmiş tammetrajlı “Əgər hamı” adlanan film 2012-ci ildə ekrana çıxıb və Moskvada, Fransada, ABŞ-da, Kiprdə, Cənubi Koreyada və daha bir neçə xarici ölkələrdə nümayiş etdirilib, müsabiqələrdə iştirak edib. Filmin 70 faizinin çəkilişi Dağlıq Qarabağ ərazisində keçib. Ancaq əfsus ki, Azərbaycan cəmiyyətindən etirazlara və reaksiyalara rast gəlinmir. Kino və teatr adamları, ziyalılar da baş verənlərə susurlar.

83661811_578625493091218_6036873099527771811_n.png (1.11 MB)
Bu müddət ərzində nə aprel döyüşləri haqda film çəkmişik, nə erməni işğalının kreativ, fərqli ssenarilər, filmlərlə ifşa edə bilmişik, nə də dünyaya bir mükəmməl iş təqdim eləmişik. Yəni ortalıqda bir fəaliyyət yoxdur.

Xalq artisti Afaq Bəşirqızı ürəkağrısı və ironiya ilə “Yeni Müsavat”ın sualını cavablandırarkən qeyd etdi ki, bizim fəaliyyətimiz göz qabağındadır. “Mən sizinlə qətiyyən razı deyiləm. Biz dayanmadan fəaliyyətdəyik - ağxalatlı həkimləri, mədəniyyət adamlarını, deputatları, prezidenti, anamızı, hamını söyməklə məşğuluq. Niyə fəaliyyətsiz oluruq? Biz bunu dünya festivalına təqdim etməliydik. Bizim fəaliyyət də bu cürdür. Çünki əsas sosial şəbəkədir. Yalançı profillər açaq, hamını söyək. Ermənilər başın daşa döyürlər, qələt edirlər, onlar Kann festivalında heç nə edə bilməzlər”.

Xalq artisti qeyd etdi ki, yaxşı filmlərin ərsəyə gəlməsi üçün maliyyə lazımdır:

“Hər şey pulun başındadır. Yaxşı maliyyə verilsə, elə ssenarilər yazılar ki, Amerikanın da, Avropanın da ağzı açıq qalar. İntəhası, pul yoxdur. Dövlət 21 milyon ayırıb, 21 nəfər də ac var. Onların hansına çatdırasan? İndi yəqin o puldan nəsə qalsa, bir film çəkərlər”. 

A.Bəşirqızı müharibə və Qarabağ mövzusunda çəkilən filmlərimizin azlığına, keyfiyyətinə də münasibət bildirdi:

“Bu, sintetik bir növdür. Çünki rejissor, ssenari, aktyor oyunu - yəni hər şey var. Amma bu haqda fikirləşən azdır. Hamı gəlirini, biznesini fikiləşir. Fikirləşir ki, o işdən mənə nə qalacaq? Ona görə kəmiyyətin keyfiyyətə basqını varsa, biz heç nə edə bilməyəcəyik”.

A.Bəşirqızı zamanında yaxşı filmlər çəkildiyini xatırlatdı:

“20 Yanvar faciəsi başımıza gəldi, hamımız dəli olmuşduq. Ondan sonra ”Fəryad" çəkildi, son dövrlərdə “Dolu” filmi ortaya qoyuldu. Oruc Qurbanovun çəkdiyi film də pis deyildi. İndi isə hamımız yatmışıq, nəsə qərar gözləyirik. Soruşuruq ki, çörək varsa, doğra ver ağzıma yeyim..."
Link kopyalandı!
Son xəbərlər