Tanınmış vəkil özünün Facebook hesabında gənc fəalların həbsi mövzusuna toxunub:
"Gənclərin həbsi davam edir. İntiqam Əliyev status yazıb:
“Vəkil dostlar. Həbslərin sayı artır. Bütün bu yükün ağırlığı 5-10 vəkilin üzərində. Onlar daha nə fiziki, nə də maddi anlamda bu yükü çəkə bilmirlər. Digərlərinin də proseslərə qatılmasına ehtiyac var. Dünən qanunsuz tutulan gənclərimizə vəkil lazımdır. Çox ciddi çətinliklərimiz var. Ülvi Həsənli Səbail məhkəməsindən zəng açmışdı, hakim (Famil Nəsibov) ona vəkil tapması üçün 1 saat vaxt verib.”
56 yaşım, 30 illik hüquqşünas təcrübəm olmasına baxmayaraq baş verənləri anlaya bilmirəm. Bu qanunsuzluqları sifariş verənlər, qanunsuz göstərişləri canla başla icra edənlər özlərini yox, heç olmasa balalarını düşünmürlərmi? Gəncləri həbs etməklə öz faciəvi sonlarına doğru getdiklərini anlamırlarmı? Millət bu haqsızlığa sussa da, Allahın qəzəbindən qorxmurlarmı? Vəkillikdən kənarlaşdırıldığımdan işə çıxa bilməsəm də bir vicdan əzabı çəkirəm. Axı bizim hər birimizin o gənclər yaşında balalarımız var. Həmin həbs olunan gənclər bizim sağlam gələcəyimiz üçün vuruşurlar. Onlar öz savadlarına görə bu ölkədə belə heç vaxt ac qalmazdılar, əksinə bir çoxlarından zəngin ola bilərdilər. Sadəcə onlar vicdanlıdırlar. Mən artıq var-dövlətin insanların gözünü qapadığına şübhə etmirəm. Qanunsuz göstərişi icra edən hakim vəkil tutulması üçün 1 saat vaxt qoyur. 37-ci ildə də hakimlər hökm çıxartmağa bu cür tələsirdilər. O dövr də üzəduranlar, “donos” yazanlar bugünkülər kimi aktiv idilər. Fərqi ondadır ki, o vaxt vəkil qıtlığı yox idi. Indi isə vəkillərin əksəriyyəti bir tikə çörəyə görə bu tipli işlərə çıxmaq istəmirlər. Işə çıxmağa hazır olanları isə kənarlaşdırdılar. Ortada qalan vəkillər isə sadəcə fiziki olaraq işləri götürə bilmirlər.
P.S. 37-ci illər hakimiyyətinə qulluq edən şəxslər bu gün dünyada olmasalar da onların ahıl yaşında olan balaları belə atalarına görə sussalar da, vicdan əzabı çəkdikləri heç kim üçün sirr deyil. Susmayanlar isə o dövr milli hakimiyyətin olmadığından, yadellilərin qəddar hökmranlığından bəhs edirlər. Bu gün gəncləri həbsə atdıranların, atanların balaları heç bu arqumentdən də istifadə edə bilməyəcəklər»