Məlum olduğu kimi dünən Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Binəqədi rayonunun sabiq prokuroru Mirələkbər Seyidovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilən M. Seyidov 2 il sınaq müddəti olmaqla 7 il şərti cəzaya məhkum edilib.
Moderator.az baş verənlərlə bağlı sabiq prokuror Mirələkbər Seyidovla əlaqə saxlayıb. Suallarımıza çox qısa cavab verən M. Seyidov barəsində çıxarılan məlum məhkəmə qərarından appelyasiya şikayəti verib-verməyəcəyini hələ qərarlaşdırmadığını bildirib:
“Hələ qarşıda xeyli müddət var. Bu səbəbdən də məhkəmə qərarından apelyasiya şikayəti verib-verməyəcəyimi qətiləşdirməmişəm, fikirləşirəm”.
Bildirək ki, M. Seyidov hazırda Fransada yaşayan fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin şikayəti əsasında məsuliyyətə cəlb edilib. İbtidai istintaq zamanı onun barəsində həbs qətimkan tədbiri seçilməyib, o istintaq başa çatanadək zamində qalıb.
Onu da qeyd edək ki, M. Seyidov E. Abdullayevin tələbə yoldaşı olub.