margin-left:18.0pt;text-align:justify">Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri_Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının ayırdığı qrant hesabına reallaşan “ümumtəhsil məktəblərində psixoloji xidmətin təkmilləşdirilməsi” layihəsi Təhsilin İnnovativ İnkişaf Mərkəzi İctimai Birliyi tərəfindən başa çatdırılıb.
Aprelin sonlarından tətbiqinə başlanılan layihə üzrə təlimlərdə Bakı şəhərinin ümumtəhsil məktəblərində çalışan praktik-psixoloqlar və ibtidai sinif müəllimləri iştirak edib.
Təlimin məqsədi, layihənin bu günkü aktuallığı barədə Moderator.az-ın suallarını Təhsilin İnnovativ İnkişaf Mərkəzi İctimai Birliyinin sədri Şəmsi Qocayev cavablandırır:
-Şəmsi müəllim, layihənin aktuallığı nədir?
- Layihə əsasən ümumtəhsil məktəblərində psixoloji xidmət işinin təkmilləşdirilməsinə yönəlmişdir. Belə ki. Bu gün məktəb psixoloqunun şagird haqqında bilgilərini sənədləşdirəcək heç nə yoxdur. Biz təklif edirik ki, hər bir şagird üçün psixoloji-pedaqoji diaqnostik xəritə olsun və psixoloqla sinif rəhbərinin il ərzində əldə etdikləri məlumatlar həmin xəritədə əksini tapsın. Şagirdin I sinfə qəbulundan başlayaraq təhsil aldığı müddətdə onun həm psixoloji xüsusiyyətləri, həm də pedaqoji nəticələri bu xəritədə əks ediləcəkdir. Bir növ hər bir şagird haqqında psixoloji pasport olacaqdır. Məzun olduqda isə ona xasiyyətnamə bu pasport əsasında verilə bilər.
- Layihə psixoloqlar və müəllimlər tərəfindən necə qarşılandı?
- Bütün psixoloqlar və ibtidai sinif müəllimləri təlimlərdə həvəslə iştirak etməklə onları maraqlandıran suallara ətraflı cavablar aldılar. Məlum oldu ki, bəzi müəllimlər sinifdə psixoloqun iş aparmasına nəinki kömək edir, hətta bəzi hallarda maneçilik törədirlər. Bu mənada treninqlərin əhəmiyyəti o oldu kİ, müəllimlər psixoloqla işləməyin səmərəli və faydalı olduğunu, birgə işin məhz onlara kömək edəcəyini qəbul etdilər. Psixoloqlar isə bir daha işlərini necə qurmaq, səmərəsiz və yorucu işlərdən xilas olmaq yollarını öyrəndilər.
Təlimlərə niyə məhz təkcə psixoloqlar yox, həm də sinif müəllimlərinin də cəlb edilməsi maraqlıdır.
- Psixoloqun işini müəllimin işindən ayırmaq düzgün deyil. Və onların işi də sinif rəhbəri ilə birlikdə görüldükdə daha effektli olur. Digər tərəfdən isə təklif edilən sənəd pedaqoji-psixoloji xəritə adlanır. Deməli, burada da birgə iş tələb olunur. Gələcəkdə fənn müəllimləri və sinif rəhbərləri ilə aparılacaq iş də mühüm fayda verəcəkdir. Bir sözlə, layihənin davamlılığı prinsipi bu işin ardıcıl olaraq aparılmasını və yeni iş prinsiplərinin tətbiqini tələb edir.
- Layihənin icrası müddətində təhsili idarə edən təşkilatların dəstəyini hiss etdinizmi?
- Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə çox yüksək səviyyədə əməkdaşlıq həyata keçirildi və hər cür dəstək verildi. Idarə nəticələrlə tanış olmaqla yanaşı, psixoloqların işi ilə bağlı problemlərə dair hesabat istədi və biz TİİM olaraq bu nəticələri ümumiləşdirərək geniş hesabat təqdim etməyi qarşıya qoyduq.
Yəqin ki, psixoloqların problemlərini onların özləri daha yaxşı diqqətə çatdırmış oldu.
Əlbəttə. Bu problemləri əvvəldən də bilirdik. Bir daha həm də həmin problemlərin həlli istiqamətində atılmalı olan addımları da müəyyənləşdirmək mümkün oldu.
- Mümkündürsə, həmin problemlərdən biri haqqında ətrafdlı danışın.
- Bu gün hamını narahat edən problem psixoloq ştatının ümumtəhsil məktəblərində 1,0 vahid olması və əmək haqqının azlığıdır. Məsələn, Bakı şəhərindəki 231 nömrəli məktəbdə 125 nəfər, 286 nömrəli məktəbdə isə 3000 nəfərə yaxın şagird təhsil alır. Lakin hər iki məktəbdə 1 psixoloq var və hər ikisinin də əmək haqqı eynidir. Təbbi ki, bu sahədə ciddi islahata ehtiyac var. Biz təklif edirik ki, daha yaxşı iş qurmaq üçün psixoloq ştatlarının sayı şagird sayına mütənasib olaraq müəyyən edilsin.
- Sizcə, neçə nəfər şagirdə bir psixoloqun xidməti optimal variant hesab edilər?
- Təxminən 500-550 nəfər şagirdə bir psixoloq olsa yaxşı olar.