"Böyük Bakının Regional İnkişafı Planı" layihəsi paytaxtın
yaxınlığında yeni hava limanının tikintisini nəzərdə tutur.
Hazırda layihə müvafiq dövlət orqanları ilə müzakirə olunur. 2030-cu ilə qədər
dövrü əhatə edəcək son variant yaxın bir neçə ay ərzində təsdiq ediləcək.
Layihənin idarəetmə qrupunun rəhbəri Novruz Eldarlı Trend-ə açıqlamasında
bildirib ki, yeni aeroportun Ələt qəsəbəsində tikilməsi nəzərdə tutulur.
Eldarlı bildirib: "Gələcəkdə Ələt Azərbaycanın yeni logistik, ticarət və
neft-qaz mərkəzi olacaq. Qəsəbənin coğrafi cəhətdən əlverişli mövqedə
yerləşməsi ölkənin əsas nəqliyyat xətlərinin buradan keçməsinə imkan verir.
Hazırda bu ərazidə beynəlxalq ticarət limanı tikilir, gələcək illərdə isə
Səngəçal qəsəbəsində neft emalı kompleksi tikiləcək və neft-kimya məhsulları
istehsalı işə salınacaq. Region tikinti məhsulları istehsal edən müəssisələrin
yaradılması, o cümlədən yeyinti və tekstil sənayesi, balıqçılıq və digər
sahələr üçün böyük potensiala malikdir. Biz Ələti Bakının müasir, dinamik
şəklidə inkişaf edən peyk şəhərinə çevirməyi təklif edirik".
Bundan əlavə, Ələt yaxınlığında "Khazar Islands" süni adalarının
yaradılması üzrə planın reallaşdırılması, o cümlədən həmin adaların
ərazilərində yaşayış və əyləncə komplekslərinin yaradılması bu regionda
turizmin inkişafına təkan verəcək.
Eldarlının sözlərinə görə, beləliklə, bu zonanın inkişafı burada yeni
beynəlxalq aeroportun tikintisi məsələsini aktual edir. Çünki hazırda
fəaliyyətdə olan Heydər Əliyev adına Beynəlxalq Hava Limanı ondan 100 kilometr
aralıda yerləşir ki, bu da kifayət qədər uzaqdır.