Milli Məclisin azyaşlı əməyinə qoyduğu qadağa Novxanı çimərliyində göz önündədə pozulmaqdadır. Bu barədə Moderator.az saytını bilgiləndirən mənbənin sözlərinə görə, çimərlikdə yetkinlik yaşına çatmayan, hətta orta məktəbin 3-4-cü sinfində oxuyan uşaqlar belə ağır əməyə cəlb edilib:
“Milli Məclis azyaşlı əməyinin istismar edilməsinin qarşısını almaq üçün ötən illərdə müvafiq qanun layihəsini qəbul etsə də, bu qanun layihəsi Novxanı çimərliyində açıq-aşkar pozulmaqdadır. Belə ki, burada gün ərzində onlarla uşaq bellərinə aldıqları nəhəng zənbillərlə səhərdən axşama qədər, qızmar günəş altında bütün çimərlik ərazisini dolaşır, istirahət gələn insanlara qarğıdalı, günəbaxan tumu, siqaret və s. təklif edirlər. İşin ən maraqlı tərəfi isə bu uşaqlar arasında 3-4-cü sinif şagirdlərinin sayının kifayət qədər çox olması ilə bağlıdır. Bir qayda olaraq valideynləri tərəfindən məcburi əməyə cəlb edilən bu uşaqlar bütün günü səyyar satıcılıqla məşğul olur, 35-40 dərəcə istidə, həyatları üçün təhlükə kəsb edən şərtlər altında fəaliyyət göstərirlər. Çimərlik ortamında reallaşan bu fəaliyyət isə azyaşlıların əxlaqi-mənəvi tərbiyəsinə də mənfi təsir göstərir. Onların bu fəaliyyəti sahil boyu reydlər keçirən polis əməkdaşlarından tutmuş digər yetkililərin gözü önündə baş versə də, heç kim aşkar qanun pozuntusuna müdaxilə etmir, sdəcə seyrçi qismində çıxışe dirlər. Bu isə Azərbaycan reallığında qəbul edilən əksər qanunların həyata vəsilə almadığını göstərir”.