Bu gün Azərbaycan teleməkanında dözülməz mühitin olması əksəriyyət tərəfindən qəbul olunur. Bu isə tamaşaçıların yerli telekanallardan imtinasına gətirib çıxarır. Hətta elələri var ki, onlar yerli kanalları ümumiyyətlə siliblər.
Əldə etdiyimiz məlumata görə, belə addım atanlardan biri də Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafadır. Bu və digər məsələlərlə bağlı Moderator.az-ın sualını cavablandıran deputatın özü də bu faktı təsdiqləyib:
“ Televiziya cəmiyyətin göstəricisi, güzgüsüdür. Cəmiyyətdə demokratiya hansı səviyyədədirsə Tv-lər də o səviyyədə olur. Ölkəmizdə televiziyaların dövlətdən, vergi sistemindən asılılığı kifayət qədər yüksəkdir .Buna görə də onlar müstəqil şəkildə fəaliyyət göstərə bilmirlər. Tv-lər öz işçilərinə normal maaş vermək üçün bayağı verişlərə üstünlük vermək məcburiyyətindədir. Əvvəllər “Space” telekanalında maraqlı verilişlər olurdu. İndi isə bu kanal çox bayağı proqramlara üstünlük verir. Elə bu səbəbdən də mən öz televizorumda həmin kanalı sildim. Hesab edirəm ki, bu kanala baxmağa ehtiyacım yoxdur. Deyərdim ki, televiziyalar artıq “ölürlər”. Vəziyyətdən çıxış yolu isə onlara sərbəstliyin verilməsidir”.
Xəyal Əzizov