Xəbər verdiyimiz kimi dünən Azərbaycan jurnalistlərinin növbəti qurultayı keçirilib.
Tədbirdə çıxış edən Prezident Aparatının ictimai siyasi şöbəsinin müdiri Əli Həsənov Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondunun (KİVDF) yaradılmasını hökumətin uğurlu layihəsi adlandırıb. O fikrini belə əsaslandırmağa çalışıb ki, əgər əvvəl kimlərsə ayrı-ayrı qəzetlərə gizli şəkildə yardımlar edirdisə, artıq buna son qoyulub və KİVDF “cibdən-cibə” ötürülən rüşvətin kökünü kəsərək mətbuata dövlət qayğısını təmin edib.. Bəs görsən bu doğurdan da belədirmi?
Mövzuyla bağlı Moderator.az-ın sualını cavablandıran tanınmış media eksperti Arif Əliyev Ə. Həsənovun fikirləri ilə razılaşmır:
“ Bu layihə rüşvətin bir başqa formasıdır. Bu prinsipin elan olunması ölkədə jurnalistlərə verilən rüşvəti rəsmiləşdirdi. Məqsəd dəyişməyib, forma dəyişib. Mən tam məsuliyyətimlə deyirəm ki, əvvəlki proses də paralel olaraq davam edir. Redaktorlar özləri də çox gözəl bilirlər ki, ayda onlara nə qədər pul verilir və bu gələn pullar hansı kanallarla gəlir. Bunu hatta siz də bilirsiniz, amma bunu demək mümkün deyil. Həmin dəqiqə adamdan sübut tələb olunur və məhkəmə perspektivi görünür”.
Xəyal Əzizov