Samuxda internet istifadəçilərinin sayı iki dəfə artıb. Samux Telekommunikasiya Qovşağından Moderator.az-a verilən məlumata görə artıq əhalini 22 faizi, yəni, 1.700 nəfər quraşdırılan yeni avadanlıqlar, eləcə də köhnə xətlərin yeni fiber optik xətlərlə əvəzlənməsindən sonra keyfiyyətli, yüksək sürətli internet xidmətindən problemsiz istifadə mümkün olub. Adının çəkilməsini istəməyən bir rayon rəsmisi bildirib ki, bu, hökumətin səxavəti deyil, vitse-spiker Valeh Ələsgərovun yerlilərinə seçkiöncəsi hədiyyəsidir.
Bildirilir ki, ötən il Samux Telekommunikasiya Qovşağında 9 ədəd 48 portluq ADSL avadanlığı quraşdırıldıqdan sonra rayonda internetin sürəti güclənib. Üstəlik texniki problemlər mərhələli şəkildə ardan qaldırılıb və istifadəçilərin sayında sürətli artım müşahidə edilib.
Samux Telekommunikasiya Qovşağının iqtisadçısı Kamil Həsənov müxbirimizə deyib ki, əgər əvvəl rayonda yalnız 50 nəfər genişzolaqlı internet istifadəçisi var idisə indi onların sayı 1.700-ə çatıb. İndi rayon mərkəzi də daxil olmaqla Sərkar, Qovlarsarı, Ziyadlı, Çobanabdallı, Qarayeri, Poylu, Aşağı salahlı, Kəsəmən və digər kəndlərdə, İnstitut qəsəbəsində genişzolaqlı internet fəaliyyət göstərir. Rayonun 35 kəndinin 34-də əhali internetin xidmətindən yararlana bilir. Yalnız Burunqovaq kəndində internet yoxdur ki, buradan sadəcə müraciət gəlməyib. Texniki imkanlar burada da internetin tətbiqini reallaşdıra bilər.
Rayon sakinlərindən Sədiyar Yusibov, Vüsal Tağıyev və digəriləri internetin indiki durumundan razılıq edib və deyiblər ki, əvvəllər kəsilmələr səbəbindən günün böyük bir hissəsini kompyuterin qarşısında keçirməli olurduq. Bu günsə problem tam həllini tapıb və istəyimiz məlumatları maneəsiz internetdən götürə bilirik. Hətta filmlərə, televiziya verilişlərini də kəsilmə olmadan izləyə bilirik.
“2013-cü ilin sonuna kimi əhalinin internetlə tam problemsiz təminatı mümkün olacaq. Digər bölgələrdə olan fiber optit xətt problem Samuxda mövcud deyil. Zamanında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi xətləri müasirləşdirib və internet dünyasına sürətli çıxışa baza hazırlayıb. Bircə qalır ATS-lərdən sonra qurğuların qoyulmasına” K.Həsənov onun da ilin sonuna kimi başa çatacağını bildirib.