Havaların həddən artıq isti keçməsi aran bölgəsində digər problemlərlə yanaşı ilan sancma hadisələrini də xeyli artırıb.
Moderator.az-ın bölgə müxbirinin verdiyi xəbərə görə respublikada zəhərli düzənlik ilanlarının ən çox yayıldığı rayonlardan biri də Samuxdur. Ən çox Eldar düzənliyində olan ilanlar isə hər il xeyli sayda insanın həyatı üçün təhlükə yaradır. Təkcə ötən il rayonda 18 nəfəri ilan sancıb. Bu ilin iyul ayına kimi isə 2 nəfər ilan sancmadan rayon mərkəzi xəstəxanasına müraciət edib.
Rayonun Qarabağlı kənd sakini, 1966-cı il təvəllüdlü Tacirə Əbilova özünə məxsus həyətyanı sahədə gəzərkən ilan sol ayağından sancıb. Qadın dərhal Samux rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Orada ona zərdab vurulduqdan sonra Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə aparılıb. Başqa bir ilan sancma hadisəsi isə rayonun Sarıqamış kəndində qeydə alınıb. 1967-ci il təvəllüdlü Fərqanə Ələkbərova həyətyanı təsərrüfatında işləyərkən onu sağ əlindən ilan sancıb. Qadın dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
Hadisələr göstərir ki, ilan sancma hər an baş verə bilər. Rayon Mərkəzi Xəstəxanasının baş həkimi İlham Həsənovun dediyinə görə həmişə ehtiyat zərdob saxlanır ki, bu cür hallar baş verəndə ilk yardım göstərmək mümkün olsun. Poliklinikanın baş həkimi isə mövcud durumun elə də qorxulu olmadığını bildirir.
Mərkəzi rayon xəstəxanasının poliklinika şöbəsinin müdiri Davud Zöhrabov deyib ki, 5 nəfərlik zərdab ehtiyatımız var: “Əgər ilan sancma halları baş verərsə problem yaşanmayacaq”.