Bakının Yasamal rayonunda həyəcanlı anlar yaşadan şəxsin kimliyi məlum olub. Moderator.az xəbər verir ki, Yasamal rayon Prokurorluğundan Milli.Az-a verilən məlumata görə, “Üç tac” yaşayış binasından özünü atmaq istəyən şəxs 17 yaşlı Tacikistan vətəndaşı Mukamadito Maxmadilyevdir. O, həmin binada mənzillərdən birində kirayə yaşayırmış.
Yasamal rayon Polis İdarəsindən verilən məlumata görə, M.Maxmadaliyev ifadəsində deyib ki, onu intihara vadar edən şəxs öz ailə üzvüdür. İzahatında göstərib ki, onu ölümə atası sürükləyib: “Məni özümü öldürməyə o vadar edib. Atam mənə kompüter almır. Dəfələrlə ona deyirdim, yenə də yerinə yetirmirdi. Ona görə də özümü öldürmək istədim”.
Qeyd edək ki, dünən M.Maxmadilyev “Üç tac” adlanın binanın eyvanından özünü atmağa cəhd edib. Əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri gəlib, ərazi hasarlanıb, binanın həyətində xilasedici tor qurulub. Aparılan danışıqlardan sonra intihara cəhdin qarşısı son anda alınıb. Belə ki, oğlan özünü atmaq istəyərkən FHN əməkdaşları onu tutmağa müvəffəq olublar və zorla binanın 9-cu mərtəbəsindən aşağı endirib aidiyyəti üzrə təhvil veriblər.
Sonda bildirək ki, dünən bu haqda ilk və dolğun informasiyanı Moderator.az təqdim etmişdi.