“Gəncədə dəyişən, müasirləşən obyektlərin sayı yüzlərlədir. Onların arasında məktəb binalarını xüsusi qeyd etmək lazımdır. Hesab edirəm ki, 2014-cü ilin sonuna qədər Gəncədə təmirsiz məktəb qalmayacaq”. Bu sözləri Moderator.az-a açıqlamasında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev söyləyib. Onun sözlərinə görə, müasir standartlara cavab verməyən bütün məktəblər yenilənəcək və yeni korpusların sayı artırılacaq: “Məktəblərin əsaslı surətdə yenidən qurulmasına 2012-ci ildə Dövlət Proqramına uyğun olaraq başlanmışdır. Özü də bu təmir işləri ən yüksək standartlar səviyyəsində aparılır. Biz ötən müddət ərzində xeyli sayda məktəbləri əsaslı surətdə təmir edib, istifadəyə vermişik. Qarşıdakı tədris ilində də daha bir neçə məktəb yeniləşmiş formada istifadəyə veriləcək. Cənab Prezidentin çağırışları uğurla həyata keçirilməkdədir. Hesab edirəm ki, məktəblərin bu gün yenidən müasir səviyyədə istifadəyə verilməsi məktəblilərin dövrün tələblərinə uyğunlaşması baxımından öz müsbət təsirini göstərəcək”.
Moderator.az