Moderator.az saytında yayımlanan “Sumqayıt Şəhər Polis İdarəsində giriş qadağası” sərlövhəli yazı DİN-nin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə tərəfindən etiraza səbəb olub. Bununla bağlı redaksiyamıza açıqlama verən DİN yetkilisi, Sumqayıt Şəhər Polis İdarəsinin hər zaman vətəndaşların üzünə açıq olduğunu qeyd etdi:
“Sumqayıt Şəhər Polis İdarəsində vətəndaşların girişi və ya qəbulu ilə bağlı hər hansı bir problem yoxdur. Bu gün respublikanın hər yerində DİN-nin tabeçiliyində olan bütün orqan və hissələrdə vətəndaşların qəbulu, onların problemlərinin dinlənilməsi, bu problemlərin çevik şəkildə həllinə xüsusi diqqət göstərilir. Bu baxımdan Sumqayıt Şəhər Polis İdarəsinin rəisi, general-mayor Sahib Mirzəyev, eləcə də idarənin digər yetkililəri vətəndaşların problemlərinə həssaslıqla yanaşır, onlarla təmasa ciddi önəm verirlər. Bir daha nəzərinizə çatdırmaq istəyirəm ki, Sumqayıt Şəhər Polis İdarəsində nə giriş, nə də qəbulla bağlı hər hansı bir problem mövcud deyil”.
Seymur Əliyev