Sabahdan etibarən müsəlmanların müqəddəs Ramazan ayı başlayır. Maraqlıdır, görəsən bizim siyasilər bu ayda oruc tutacaqmı?
Moderator.az olaraq mövzunu araşdırmaq qərarına gəldik və bu məqsədlə bir sıra siyasətçilərə müraciət etdik.
ADP sədri Sərdar Cəlaloğlu ötən il oruc tutduğunu, lakin bu il həyat yoldaşının səhhətində problem yarandığına görə, oruc tutmaq ehtimalının az olduğunu bildirdi:
“Mən oruc tutmağa niyyət etmişəm, amma həyat yoldaşımın səhhətində problem olduğuna görə dəqiq bilmirəm, bu il oruc tuta biləcəm ya yox”.
“El” hərəkatının həmtəsisçisi Eldəniz Quliyev də səhhətindəki problemlərlə bağlı oruc tutmayacağını söylədi.
YAP-çı millət vəkili Aydın Mirzəzadə də bu il oruc tutmayan siyasilərimiz sırasındadır.
Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa isə hər il olduğu kimi bu il də oruc tutacağını dedi.
Deputat Siyavuş Novruz da 10 ilə yaxındır ki, oruc tutduğunu bildirərək, bu ilki Ramazanı da oruclu keçirəcəyini vurğuladı.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı da sorğumuzu müsbət cavablandıraraq oruc tutacağını bildirdi.
Millət vəkili Qənirə Paşayevanın mövqeyi isə bir qədər fərqli oldu: “Hesab edirəm ki, müsəlman Allahın buyurduğu şeyləri Allah üçün etməlidir. Mən müsəlmanam və əlbəttə ki, Ramazan ayında buyurulan oruc ibadətini yerinə yetirəcəm. sadəcə olaraq bu kimi şeylərin açıq şəkildə deyilməsinin, bəyan olunmasının tərəfdarı deyiləm”
Xəyal Əzizov