Azərbaycanda demokratiya və insan haqları ilə bağlı vəziyyətin getdikcə daha acınacaqlı duruma düşməsi, hüquq və azadlıqların məhdudlaşdırılması, azadfikirliliyin təqib olunması və s. ölkəmizi dünyanın geridə qalan anti-demokratik ölkələri ilə eyniləşdirir ki, bunlardan da biri Şimali Koreyadır. Təsadüfi deyil ki, bir çox siyasi və media əməkdaşı proseslərin məlum məcrada inkişafının Azərbaycanı Şimali Koreyanın gününə salacağı ilə bağlı öz narahatlıqlarını ifadə edir, bədbin prqonozlar səsləndirirlər. Lakin nədənsə bu qəbildən olan insanların hamısının unutduğu və ya diqqətdən qaçırdığı bir həqiqət var ki, bu da Şimali Koreyanın bir dövlət kimi Azərbaycandan daha demokratik, yaşayış üçün daha yararlı olmasıdır. Hansı dövlətin ”“ Şimali Koreyanınmı, yoxsa Azərbaycanınmı daha mütərəqqi və demokratik ölkə olduğunu yəqin etmək üçün hər iki dövlətin qısa müqayisəsinə nəzər salmaq kifayətdir.
Birincisi,
Şimali Koreyada sadəcə bir diktator, bir ağa mövcuddur. Azərbaycanda isə hər şəhərin,
hər qəsəbənin, hər kəndin bir və ya bir neçə diktator mövcuddur. Bu isə o deməkdir
ki, sıradan insanlar bir deyil, bir neçə qat əsarət və təzyiqə məruz qalır.
İkincisi,
Şimali Koreyadakı diktatura rejimi yalnız sadə xalqı, sıradan insanları deyil,
həm də bütün hakimiyyət və iş dünyasını diqqətdə saxlayır, onların hər biri ilə
eyni amansızlıqla davranır. Bütövlükdə isə Koreya rejimi xalqla müqayisədə
hakimiyyətdə təmsil olunan siyasilər və yüksək çinli hərhbçilər üçün daha təhlükəlidir.
Koreya liderinin əmri ilə güllələnənlərin statistikası məmur kontingentinin bu
diktaturadans adə vətəndaşlardan daha çox zərər çəkdiyini isbatlayır. Azərbaycanda
isə ali məmurların hamısı toxunulmazdır. Onların hər biri cəzasızlıq mühitində
fəaliyyət göstərir və bu səbəbdən də qanunlara riayət etmək məcburiyyəti hiss
etmirlər.
Üçüncüsü,
Şimali Koreya diktatura və anti-demokratiya şəraitində belə kifayət qədər güclü
ordu formalaşdırmağa nail olub. Azərbaycandan fərqli olaraq Şimali Koreyanın nəinki
bir qarış ərazisi işğal olunmayıb, əksinə, bu gün adıçəkilən ölkə dünyanın
aparıcı ölkələri olan ABŞ, Yaponiya, Cənubi Koreya kimi dövlətlərə belə “kəllə
atmaqdan” çəkinmir. Azərbaycan isə ordu quruculuğu istiqamətində müəyyən
nailiyyətlər əldə etsə də, hələ də işğaldakı torpaqlarını azad etmiş deyil.
Bununla bağlı işıq ucu belə görünmür.
Dördüncüsü,
Şimali Koreyada bu qədər kəskin sosial təbəqələşmə, kasıb-zəngin dünyası
arasında bunca dərin uçurum yoxdur. Bir nəfərin iradəsinə bağlı diktatura
rejimi kimsənin harınlığına, mənəmliyinə və bu harınlığın cəmiyyətdə nümayişkəranə
şəkildə sərgilənməsinə imkan vermir. Azərbaycanda isə məmur övladlarından
tutmuş iş adamlarına qədər yüzlərlə insan xalqın qanı və canı bahasına əldə
etdikləri, büdcədən oğurladıqları milyonları elə milyonların gözü önündəcə öz əyləncələrinə
sərf etməkdən çəkinmir, bununla hər kəsə bir növ göz dağı verir.
Beşincisi,
Şimali Koreyada fikir, söz azadlığı yerli-dibli yoxdur və bu səbəbdən də
heç bir siyasətçi, heç bir media əməkdaşı mövcud rejimin mahiyyətinə,
idarəetmə prinsiplərinə zidd fikir səsləndirərək özü üçün ölüm bileti kəsmir.
İstisna hallarda bu cür cəsarət sərgiləyən şəxsləri rejim anındaca ölümlə cəzalandırır.
Daha onları müxtəlif bəhanələrlə həbs etmək, adlarını ləkələmək, həbsxana künclərində
illərlə süründürmək, alçaltmaq, özlərini və ailələrini psixoloji gərginlik vəziyyətində
saxlamaq üsulundna istifadə etmir. Başqa sölə desək, Şimali Koreya rejimi bir
üzlü, bir sifətli, birmənalıdır. Azərbaycanda isə formal olaraq söz və
fikir azadlığı mövcuddur. Lakin bu azadlıq vətəndaşlara Şimali Koreyadakından
heç də az təhlükə vəd etmir.
Doğrudur, Azərbaycanda
söz və düşüncə azadlığından faydalanan heç kəsi sırf bu adla həbs edib ölümə və
ya işgəncəyə məhkum etmirlər. Bu qəbildən olan şəxslər adətən narkobaron, silah
qaçaqmalçısı, dələduz, xuliqan və bu kimi adlarla məsuliyyətə cəlb olunur.
Lakin nəticə istənilən halda eyni, çox zaman isə Şimali Koreya nümunəsindən
daha acınacaqlı olur. Şimali Koreyada insanları sadəcə cismən, bu ölkədə isə
ruhən və mənən edam edirlər. Bu isə ölkədəki mövcud idarəetmə sisteminin daha
riyakar və çoxsifətli, çoxcildli olmasından irəli gəlir.
Azərbaycanın
demokratiyanın mövcud vəziyyəti baxımından Şimali Koreyadan ciddi mənada geridə
qaldığını sübut edən faktlar həddindən artıq çoxdur. Bu isə o deməkdir ki,
Şimali Koreya olmaqdan qormağa gərək yoxdur. Unutmayaq ki, Azərbaycanın Şimali
Koreya ilə müqayisə olunması daha çox Şimali Koreya üçün təhqirdir. Əksinə,
indiki vəziyyətdən Şimali Koreyanın vəziyyətinə yüksəlməyimiz bizim üçün uğur
sayılmalı, məqsəd hesab edilməlidir.
Bir sözlə,
biz bundan sonra da Qərb demokratiyasını ölkəmizdə tətbiq etmək fikrinə sadiq
olmalı, amma hələlik Şimali Koreyadan belə geri qalıdığımızı unutmamlıyıq. Və unutmamlıyıq
ki, uzaq hədəflərə gedən yol yaxın hədəflərə nail olmaqdan keçir.
Elçin Mirzəyev