Millət vəkili Fazil Mustafa Milli Məclisin bugünkü iclasında çağdaş
generalları Cümhuriyyət dönəminin generallarına sahib çıxmağa çağırıb. General
Əliağa Şıxlinskinin məzarının baxımsız vəziyyətdə olduğunu bildirən millət
vəkili, mərhum generallara ehtiram göstərməyin vacibliyinə toxunub.
Bununla bağlı Moderator.az saytının sualını cavablandıran “Hərbi
Jurnalistlər” İctimai Birliyinin sədri polkovnik Üzeyir Cəfərov mərhum
generallara ehtiram göstərməyin hər şeydən öncə hakimiyyətin borcu olduğunu
qeyd etdi:
“Şübhəsiz ki, Azərbaycan dövlətçiliyi qarşısında xidməti olan mərhum
generallara qayğı göstərmək, ilk növbədə hakimiyyətin borcudur. Məhz hakimiyyət
bu məsələni diqqətdə saxlamalı, bunu ayrı-ayrı fərdlərin ümidinə
boşlamamalıdır. Bundan sonra bu sahəyə yaxın olan insanlar mərhum
generallarımızla bağlı məsələləri diqqətdə saxlamalıdırlar. Bir şeyi unutmaq
olmaz ki, generallarımız istər çar Rusiyası, istərsə də sovet dönəmində
Azərbaycanı təmsil ediblər. Lakin təəssüflər olsun ki, bu gün Azərbaycandakı
əksər generallarda başgicəllənmə var. Onlar çiyinlərində general-mayor,
general-leytenant və bəzən də general-polkovnik rütbələri daşıyaraq özlərini
Cümhuriyyət dövrünün generallarına bərabər tuturlar. Halbuki, onlar general
rütbəsini kabinet şəraitində, heç bir ciddi uğura nail olmadan alıblar və əsla Cümhuriyyət
və ya çar Rusiyası dövrünün Azərbaycan generalları ilə müqayisə oluna
bilməzlər”.
Seymur Əliyev