Bakıya yüzlərlə
“Daewoo” markalı iritutumlu avtobuslar gətirilib. Bu barədə Moderator.az-ı etibarlı mənbə məlumatlandırıb. Mənbənin sözlərinə görə,
gətirilən avtobuslar xırda tutumlu nəqliyyat vasitələrinin daha iritutumlu
avtobuslarla əvəzlənməsinə xidmət edəcək: “Hazırda gətirilən avtobuslar
Sədərəkdə, avtobuslar üçün ayrılan xüsusi meydançada saxlanılır. Hissə-hissə
dövriyyəyə buraxılacaq bu avtobuslar hazırda hərəkətdə olan xırda tutumlu
avtobusları əvəz edəcək. Lakin nəqliyyat sektorunda fəaliyyət göstərən özəl
şirkətlər bu əvəzlənmədə maraqlı deyil. Çünki onların istifadəsinə veriləcək
“Daewoo”ların qiyməti yüz min manatdan yuxarıdır ki, onların sahibkarlara
konkret hansı qiymətlərlə veriləcəyi hələlik bəlli deyil. Lakin sahibkarlar
hesab edir ki, bu avtobusların hətta ən minimal qiymətə belə onlara verilməsi
şirkətlərin büdcəsi üçün ciddi zərbə olacaq. Sahibkarları narahat edən digər
bir məsələ isə dövriyyədən çıxarılacaq xırda tutumlu avtobusların aqibəti ilə
bağlıdır. Sahibkarların sözlərinə görə, Nəqliyyat Nazirliyi bu marşrutların
istifadəsinə icazə vermədiyi kimi, onların sahibkarlardan alınmasını da həyata
keçirmir. Bu isə xırda tutumlu avtobusların alınmasına sərf edilən pulun
bütünlüklə israf olması, sahibkarların ikiqat ziyana düşməsi deməkdir”.