“İlk görüş iki insanın bir-birinə münasibətlərinin yaranmasında ciddi psixoloji rol oynayır...”
Cəmiyyət
2847
04 Sep 2019 | 11:15

“İlk görüş iki insanın bir-birinə münasibətlərinin yaranmasında ciddi psixoloji rol oynayır...”

“Toyların bu şəkildə keçirilməsi ölkənin həyatında xeyli xoşagəlməz hallar yaradır”

Bunu Moderator.az-a açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu deyib. Sosioloq bu cür mərasimlərin bizlər üçün utanc yeri olduğunu bildirib:

“Azərbaycanda indi ən ciddi sosial bəlalardan biri toy mərasimlərinin indiki şəkildə keçirilməsidir. Bu mərasimlər ölkəmiz, xalqımız üçün bir utanc yeridir. Toyların bu şəkildə keçirilməsi ölkənin həyatında xeyli xoşagəlməz hallar yaradır. Orta əmək haqqı evinin komunal xərclərini, yeməyini ancaq ödəyən hər bir kəs bir ayda bir neçə toya getməyə məcbur olur. Hər bir toya da indi tələb olunan qədər pul salmaq üçün kriminal işlərlə məşğul olmağa məcbur olursan. Bəs toyların özü necə keçir? Hədsiz dərəcədə ziyanlı, təhlükəli. 5-6 saat ərzində zövqsüz, əksər hallarda çox aşağı səviyyəli, çox səs-küylü musiqi əksəriyyət insanları təngə gətirir. Kişilərin çoxu bu səs küydən bezib, foyeyə çıxır, orada vaxt keçirir. Xəstə, yaşlı qadınlarsa içəridə olduqca gərgin halda toyun qurtarmasını gözləyirlər. Kütləvi şəkildə əhalinin musiqi zövqü korlanır. Bu isə mədəniyyət sisteminin aşınmasına səbəb olur, əhalinin mənəviyyatında, davranışında mühüm rol oynayır”. 

Sosioloq buna görə də qədim adət-ənənələrin geri qaytarılmasının vacibliyini vurğulayıb:

“Ən dəhşətlisi isə bəylə gəlinin vəziyyətidir. Onları tamada tez-tez oynadır ki, toyu qızışdırsın, həm də bu gurultu içərisində əsəbləri xeyli gərilir. Həm fiziki, həm də əsəbi yorğunluq toyun axırında onları çox yorğun bir hala salır. Belə bir vəziyyətdə, əksər hallarda onlar dünyaya bir uşaq gətirirlər. Tibbi nöqteyi nəzərdən yanaşsaq, həmin körpənin özünün sağlamlığı təhlükə altında olur. Ata-babalar əvvələr toy gecəsini, bəylə-gəlinin ilk görüşünün nağılvari bir əhval-ruhiyyə ilə keçməsini nahaqdan düşünməmişlər ki! Bəy öz dostları ilə bir tərəfdə nağıllar aləminə aparan ovqat içində, gəlin başqa tərəfdə rəfiqələri ilə başqa bir nağıllar aləmində ilk görüşə hazırlanırdı. İlk görüş iki insanın biri-birinə münasibətlərinin yaranmasında ciddi psixoloji, şüuraltı rol oynayır. Bir odur bu çox yüksək əhval-ruhiyyə ilə baş versin, bir də var, yorğun-ağrın, əsəblərin xeyli zərbə aldığı ovqatla. Əhali toylarda bu qədər pul xərcləməsə dövlətin büdcəsindən bir qəpik belə xərcləmədən əhalinin sosial müdafiəsini xeyli gücləndirmək olar. Bir daha təkrar edirəm, indiki vaxtda toylarımız ciddi bir sosial bəladır və təcili şəkildə qədim adət-ənənələrdən də istifadə edərək, ortaya yeni toy modelləri qoymalıyıq”.

Vasif Əlihüseyn
Link kopyalandı!
Son xəbərlər