Bizi sosial şəbəkələrdən izləyin:
Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən Sumqayıt şəhərində 9 nömrəli tam orta məktəbin 1176 şagird yerlik yeni binasının tikintisi həyata keçirilir.
Sumqayıt şəhərinin İnşaatçılar qəsəbəsində yerləşən və qəzalı vəziyyətdə olan 9 nömrəli tam orta məktəbin binası sökülərək yerində müasir tələblərə cavab verən yeni bina tikilir. Hazırda tikinti yüksək sürətlə davam edir.
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov təhsil müəssisəsinin tikintisi ilə yaxından taqnış olub.
Məlumat verilib ki, 1958-ci ildən fəaliyyət göstərən Sumqayıt şəhər 9 nömrəli tam orta məktəb 324 yerlik idi. Məktəb üçün 2008-ci ildə yeni korpus inşa edilib və 624 yerlik olub. Lakin məktəbin əsas binası yararsız vəziyyətdə olduğundan, yerləşmə mövqeyinə görə şagird kontingentinin çoxluğu, eləcə də məktəbin qədim tarixə malik olması yenidən əsaslı şəkildə yeni binanın tikintisinə zəmin yaradırdı. Ölkə prezidentinin də məlum sərəncamı bütün sadalananların öz həllini tapmasına imkan verdi. İndi artıq valideyinlər övladlarının müasir məktəbdə təhsil alacaqları üçün çox sevinclidirlər.
Bildirildi ki, 4 korpusdan ibarət yeni məktəb binasında 69 sinif otağı olacaq. Təhsil ocağı müasir istilik sistemi ilə təchiz ediləcək və burada fənn kabinetləri, laboratoriyalar, yeməkxana, idman və akt zalı, kompüter otaqları fəaliyyət göstərəcək. Bir sözlə məktəbdə şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılacaq.