Bizi sosial şəbəkələrdən izləyin:
“Görünür bunu yaradanlar nə at görüblər, nə də at miniblər. Bu millətin tarixi atla bağlıdır, bizim babalarımız, qəhrəmanlarımız at üstündə həyatlarını yaşayıblar”
Qazaxıstanın heykəltəraşı Murad Mansurov yaratdığı “Koroğlu” abidəsi Türkiyənin Bolu şəhərində qoyulacaq. Heykəlin çəkisi 500 ton, hündürlüyü 70 metrdir. Amma qazax heykəltəraş Koroğlunun Bakıdakı heykəlindən fərqli olaraq yeni bir Koroğlu heykəli yaradıb.
Bir neçə ildir ki, Koroğlunun Bakıda qoyulan abidəsinin ona oxşamamasından gileylənən xalq şairi Sabir Rüstəmxanlı Moderator.az-a açıqlamasında bununla bağlı bir sıra məqamlara toxundu:
“Bakıdakı Koroğlu heykəli Koroğlu deyil, rus nağıllarındakı “yeralaş”a bənzəyir. At pişiyə oxşayır, heykəl Koroğluya oxşamır, nə də qılıncı türk qılıncı deyil, bir sözlə heç bir şey yerində deyil. Əvvəllər biz çox arzulayırdıq ki, Koroğlunun Bakıda heykəli olsun, indi istəyirəm ki, ölkə başçısına müraciət edib deyəm ki, heykələ baxanda əsəbiləşirik, onu ordan götürsünlər. Bu heykəli qoyan adamlar gedib baxardılar da at necə olur, atın üstündə olan adamın ayağı hansı səviyyədə qalır. Görünür bunu yaradanlar nə at görüblər, nə də at miniblər. Bu millətin tarixi atla bağlıdır, bizim babalarımız, qəhrəmanlarımız at üstündə həyatlarını yaşayıblar. İndi Bakıda bir dənə normal at heykəli yoxdur. Koroğlu heykəlini Bakıda yaradan məşhur heykəltəraşdır, ona hörmətimiz var, amma bu onun işi deyil. Tahir Salahovun çox gözəl bir Koroğlu rəsmi var, qılınca söykənib oturub. Onu elə etmək lazım idi ki, Koroğlunun qəhrəmanlığı görülə bilsin. Dünyada onlarla at üstündə heykəllər var. Elələri var ki, atı türklərdən çox-çox sonralar görüblər, amma at üstündə heykəllər yaradırlar. Azərbaycanda bir dənə at üstündə normal heykəl yoxdur, belə olmaz axı. Hətta Naxçıvanda qoyulmuş at heykəlləri Koroğlu heykəlindən daha yaxşıdır”.
Vasif Əlihüseyn