Dünyanın tanınmış alimlərindən biri olan professor Klaus Zimmermanla görüş...
Cəmiyyət
2511
13 Nov 2018 | 12:35

Dünyanın tanınmış alimlərindən biri olan professor Klaus Zimmermanla görüş...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) ölkəmizdə işgüzar səfərdə olan BMT Universitetinin Maastrixt Innovasiyalar və Texnologiyalar üzrə İqtisadi və Sosial Tədqiqatlar İnstitutunda POP Mərkəzinin direktoru, Qlobal Əmək Təşkilatının Prezidenti professor doktor Klaus F.Zimmermanla görüş olub. K.F.Zimmerman həmçinin Maastrixt, Bonn, Renmin Universitetlərinin fəxri professoru, Avropa İqtisadiyyat, Biznes və İdarəetmə bölməsinin rəhbəri, nüfuzlu “Journal of Population Economics” dərgisinin təsisçisi və naşiridir.

Moderator.az xəbər verir ki, görüşdə Qlobal İqtisadi Problemlər İnstitutunun qurucusu və rəhbəri Natiq Şirinzadə də iştirak edib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sosial-iqtisadi inkişaf strategiyasının nailiyyətləri barədə məlumat verib, respublikada əldə olunan iqtisadi inkişafın sosialyönümlü olduğunu bildirib. O, ölkədə bütün istiqamətlərdə dayanıqlı inkişafa xidmət edən islahatlar proqramının ilk növbədə elmi əsaslar üzərində, yeni iqtisadi və sosial çağırışlara uyğun, habelə nüfuzlu beynəlxalq institutlarla fəal əməkdaşlıq müstəvisində hazırlanaraq həyata keçirildiyini qeyd edib.

S.Babayev əmək münasibətləri, məşğulluq və sosial müdafiə sahələrində innovativ yanaşmalar, elmi-texnoloji yeniliklər əsasında aparılan islahatlar, həmçinin bu sahələrdə vahid platformadan yeni xidmət modelinin formalaşdırılması, “DOST” mərkəzlərinin yaradılması istiqamətində görülən işlər barədə məlumat verib.

Nazir həmçinin məcburi köçkünlərin və qaçqınların sosial müdafiəsinin gücləndirilməsi, məşğulluq problemlərinin həlli istiqamətində atılan addımları diqqətə çatdırıb. O, nazirliyin beynəlxalq əməkdaşlıq əlaqələrindən bəhs edərək, BMT qurumları, Beynəlxalq Əmək Təşkilatı ilə geniş əməkdaşlıq gündəliyinin olduğunu bildirib. S.Babayev nazirliyin elmi-tədqiqat və təlim potensialının inkişaf etdirilməsində BMT Universitetinin Maastrixt Innovasiyalar və Texnologiyalar üzrə İqtisadi və Sosial Tədqiqatlar İnstitutu, eləcə də digər nüfuzlu beynəlxalq dairələrlə geniş əlaqələrin qurulmasının da önəmli ola biləcəyini deyib.

K.F.Zimmerman Azərbaycanda bütün sahələrdə özünü göstərən inkişaf proseslərinin şahidi olmaqdan məmnunluğunu ifadə edib. Ölkəmizdə sosial sahədə aparılan islahatları maraqla izlədiyini bildirən K.F.Zimmerman Avropada sosial sahədə mövcud vəziyyət, qarşıya çıxan problemlər və onların həll mexanizmləri sahəsində təcrübələr, qaçqın və məcburi köçkünlərlə bağlı siyasətlər, yeni təşəbbüslər, miqrasiya proseslərinin tənzimlənməsində yanaşmalar və s. barədə məlumat verib.
Link kopyalandı!
Son xəbərlər