Azərbaycan-Monteneqro Mədəni və İqtisadi Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə şahmat üzrə “Heydər Əliyev kuboku” turniri keçirilib.
Moderator.az xəbər verir ki, turniri Mərkəzin direktoru Seyran Mirzəzadə açaraq, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xidmətləri haqqında iştirakçılara məlumat verib. Seyran Mirzəzadə Ulu Öndərin 90-cı illərdə Azərbaycanın dövlət müstəqilliyini itirmək ərəfəsində olarkən xalqın istəyi ilə hakimiyyətə gəldiyini, ölkəni böyük təhlükədən xilas etdiyini diqqətə çatdırıb. O, Azərbaycan xalqının bu dahi şəxsiyyətin xidmətlərini heç vaxt unutmayacağını bildirib.
Mərkəzin direktoru Heydər Əliyevin Azərbaycanda şahmatın inkişafına xüsusi önəm verdiyini nəzərə alaraq, Ulu Öndərin anadan olmasının 95-ci ildönümü münasibətilə məhz şahmat turnirinin keçirilməsinin qərara alındığını söyləyib. Diqqətə çatdırılıb ki, dövlətin xüsusi diqqəti və dəstəyi sayəsində şahmat dünyasında Azərbaycanın özünəməxsus yeri var. Azərbaycan komandası 2017-ci ildə şahmat üzrə Avropa çempionu olub. Ölkəmizin bu titulu 8 il ərzində üç dəfə qazanması tarixi uğurdur.
Monteneqro Şahmat Birliyinin prezidenti Radoyicsa Qrba çıxışında Heydər Əliyevin Azərbaycan xalqının rifahı üçün göstərdiyi xidmətlərdən təsirləndiyini, xalqların böyüklüyünün öz tarixi şəxsiyyətlərinə verdiyi dəyərlə ölçüldüyünü və bu mənada azərbaycanlıların böyük xalq olduğunu bildirib. O, belə bir turnirin təşkilatçısı olmaqdan şərəf duyduqlarını ifadə edib. Vurğulayıb ki, Azərbaycan şahmat dünyasında sayılıb-seçilən güclü rəqiblərdəndir.
Turnirdə Monteneqronun ilk qrossmeysteri, dəfələrlə şahmat üzrə ölkə çempionu, keçmiş Yuqoslaviyanın 5 qat çempionu, bir sıra beynəlxalq turnirlərin qalibi, Monteneqronun sabiq idman naziri Bojidar İvanoviç, eləcə də Nikola Dukiç, Neboyşa Nikçeviç, Blajo Kaleziç, Boro Milyaniç, Predrag Nikaç, Vladimir Paykoviç, Andrey Sukoviç kimi tanınmış şahmat ustaları, Monteneqronun yığma və olimpiya komandasının üzvləri, qrossmeysterləri, beynəlxalq ustaları və FIDE ustaları iştirak ediblər.
Seyran Mirzəzadə şahmat turnirinin təşkilinə göstərdiyi dəstəyə görə Azərbaycan Respublikasının Monteneqrodakı diplomatik nümayəndəliyinə, Monteneqronun Şahmat Birliyinə və “Azmont Investments” şirkətinə təşəkkürünü bildirib.
Turnirdə “Heydər Əliyev kubokunu” Blajo Kaleziç qazanıb. Azərbaycan Respublikasının Monteneqrodakı diplomatik nümayəndəliyinin müşaviri Anar Əcəmov və Azərbaycan-Monteneqro Mədəni və İqtisadi Mərkəzinin direktoru Seyran Mirzəzadə qalib və iştirakçılara təltifləri təqdim ediblər. Təltiflərlə yanaşı, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, yazıçı-dramaturq Hüseynbala Mirələmovun və yazıçı-jurnalist Viktor Andriyanovun müəllifləri olduqları “Görkəmli insanların həyatı” silsiləsindən Monteneqro dilinə tərcümə edilmiş “Heydər Əliyev” kitabı da təqdim olunub.
Turnir böyük marağa səbəb olub və yerli KİV-də geniş işıqlandırılıb.