Cəmiyyət
16645
25 Feb 2018 | 11:47

"Əsrin fırıldağı" ilə üzləşmiş yüzlərlə zərərçəkmişdən ölkə rəhbərliyinə ŞOK MÜRACİƏT

2011-ci ilin sentyabr ayında məlum oldu ki, “Birlik-İnşaat” MMC-nin direktoru Elman Həsənqulu oğlu Tağıyev bir mənzili 5-6 nəfərə sataraq 543 nəfər günahsız adamı aldadıb. Haqqında bəhs edəcəyimiz başıbəlalı bina Bakı şəhəri, Xətai rayonu, R. Məmmədov 20 ünvanında yerləşir. Bina 2 bloklu və 210 mənzildən ibarətdir. 

Zərərçəkmişlərin şikayəti əsasında 2011-ci ilin oktyabr aylarında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıldı və bütün zərərçəkmişlər rəsmi qaydada ifadə verdilər. İstantaq vaxtı müstəntiq Rasim Musayev biz zərərçəkmişlərə bildirdi ki, heç kim narahat olmasın, bu işdən rəhbərliyin xəbəri var və onun xüsusi nəzarəti altındadır. Müstəntiq Rasim Musayev dövləti təmsil etdiyi üçün hamımız ona inandıq. O hətta bizə Elman Tağıyevin doğma qardaşı Məhərrəm Məhərrəmovun zəmanət məktubunu göstərib bildidi ki, baxın, qardaşı bizim idarədə öhdəlik götürüb ki, ictimai-siyasi sabitliyin pozulmaması üçün bütün zərərçəkmişlərə dəymiş zərər son qəpiyinədək ödəniləcək. 

Nəhayət, 2012-ci ildə istintaq başa çatdı. 2012-ci ilin dekabr ayında bu iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə məhkəmə prosesi başladı. İstintaqda olduğu kimi, məhkəmə prosesində də bütün zərərçəkmişlər gəlib ifadə verdi. Hakim Novruz Kərimov bildirdi ki, heç kim özbaşına hərəkət etməsin. Binadakı mənzillər mübahisəlidir, biz məhkəmədə həmin binadakı 210 mənzilin həqiqi sahiblərinin kimliyi barədə qərar verəcəyik, odur ki, heç kim xaos yaratmasın. Hakim bildirdi ki, müqavilələrin tarixinə əsasən birinci alıcılar həmin binadakı mənzillərdə yerləşdiriləcək. Qalan zərərçəkmişlərdən də kim istəsə pulunu götürəcək, ya da Xırdalanda “Hasil-A” MTK tərəfindən tikilən binada mənzillər veriləcək. Müstəntiqin şirin vədlərinə inandığımız kimi Azərbaycan dövlətinin adından danışan hakimə də inandıq. Amma binanın ilk alıcılarından olsaq da mənzil bölgüsündə hər şey tərsinə oldu və kim “diribaş” tərpənib qabağa düşdüsə, mənzilə sahibləndi. Bizlərsə əli qoynunda Əli aşından da olduq, Vəli aşından da...

Nəhayət, 2014-cü ildə məhkəmə başa çatdı. Bakı Ağır Cinayətlər Məhkəməsinin 30.05.2014-cü il tarixli hökmü ilə E. Tağıyev 14 il 6 ay müddətinə azadlıqdan məhrum edildi. Amma məsələnin əcaib və acınacaqlı tərəfi bundan ibarətdir ki, hakim Novruz Kərimov hökmü oxuyanda E. Tağıyev artıq çoxdan zaldan qaçırılmışdı. Biz zərərçəkmişlər buna kəskin etirazımızı bildirdik ki, siz nə edirsiniz, hökmü kimin üçün oxuyursunuz, axı cinayətkar zalda yoxdur. Hakim bildirdi ki, onun zalda olub olmaması məni qətiyyən maraqlandırmır, mənim borcum hökmü oxumaqdır. 

Bir məsələ də çox maraqlı və düşündürücü idi. E. Tağıyevlə birgə bizlərə qarşı bu cinayəti törətmiş şəbəkənin digər üzvləri - mühasib, sürücü, iş icraçısı dəmir barmaqlıqlar arasında olsalar da əsas cinayətkar E. Tağıyev isə bir şef kimi prokurorun yanında otururdu. Elə bunun nəticəsi idi ki, məhkəmə proseslərinin növbəti mərhələsində o asanlıqla aradan çıxıb yağlı əppək olub qeybə çəkildi. 

Məhkəmənin hökmündə yazıldı ki, zərərçəkmişlərin birinci hissəsi 210 mənzillik həmin binada yerləşdirilir, 279 nəfərsə Xırdalandakı binada yerləşdirilir, guya qalanlarsa pullarını geri istədiklərindən onlara dəymiş zərər təqsirləndirlənlərə məxsus üzərinə həbs qoyulmuş əmlaklar hərracda satıdılqıdan sonra veriləcək. Beləliklə, zərərçəkmişlərin böyük əksəriyyəti elan olunmuş hökmdən suyu süzülü-süzülə hadisələrin sonrakı məcrasını gözləməyə məcbur oldular. 

Hal-hazırda 2018-ci ildir, amma hələ də məmur qapılarında qalmışıq və üzləşdiyimiz çoxpilləli dələduzluğun qurbanları kimi ancaq Prezident İlham Əliyevdən və Birinci Vitse-Prezident Mehriban Əliyevadan başqa kimsəyə inamımız qalmayıb. Həmin qurama məhkəmə prosesindən qaçıb gizlənən E. Tağıyevsə 3 il azadlıqda kef eləyərək ələ keçirdiyi milyonları yerbəyer elədikdən sonra 2017-ci ilin iyul ayında zühur etdi (daha doğrusu, qardaşları işləri bişirdikdən sonra könüllü olaraq E. Tağıyevi dövlətə təhvil verdilər) və bu dəfə Bakı Apellyasiya Məhkəməsində cəzasını yüngülləşdirmək üçün üzə çıxdığı gün kimi aydın oldu. Beləliklə, 2107-ci ilin sentyabrında Bakı Apellyasiya Məhkəməsində Tağıyevin Bakı Ağır Cinayətlər Məhkəməsindən şikayətinə baxılaraq hamımızın gözlədiyi “tarixi hökm” çıxarıldı və onun cəzası 14 il 6 aydan 5 ilədək azaldıldı. Zərərçəkmişlərin bu qərara üsyan etməsinə hakim Faiq Qasımovun şokedici şərhi oldu ki, Prezident İlham Əliyevin cəza təyin edilərkən humanizm prinsiplərinin əsas götürülməsi barədə müvafiq sərəncamı var  və buna görə də E. Tağıyevə humanist yanaşma sərgilənməsi zərurəti yaranıb. Amma kimsə yüzlərlə zərərçəkmişin dağılan evlərinə, itirilmiş sağlamlıqlarına, keçirdiyi stresdən ağır xəstəlik taparaq bu dünyadan köçmələrinə əhəmiyyət verilmədi. Soruşduq ki, heç olmasa o cinayətkarlara sərgilənən humanizmin 10 faizini də zərərçəkmişlərə göstərsəydiniz dünya dağılardı? Axı belə humanzim harada yazılıb ki, günahsıza dağ çəkilə, günahkarlar kef çəkə? Nəhayət Bakı Apellyasiya Məhkəməsinin hakimi Faiq Qasımov 11 noyabr 2017-ci il tarixli 1(103) – 08/17 saylı qərarı ilə E. Tağıyevə insanlığı şoka salan humanistlik göstərərək 14 il 6 aylıq cəzasını 5 ilədək azaltdı. 

Bu hələ harasıdır? Ən dəhşətli humansitlik sən demə, hələ qarşıda imiş. Belə ki, Faiq Qasımovun qərarından 1 həftə keçməmiş həmin məhkəmənin digər hakimi Namiq Məmmədov zərərçəkmişləri ələ salaraq bildirdi ki, gözünüz aydın olsun, bəs Ali Məhkəmənin sədri Ramiz Rzayevin təqdimatına əsasən E. Tağıyevin 3 milyon manatlıq əmlakının üzərindən həbs götürülərək özünə qaytarıldı. N. Məmmədov zərərçəkmişlərin məhkəmə iclas salonundakı etiraz səs-küyünə soyuqqqanlı şəkildə reaksiya verərək "biz nə edə bilərdik, Ramiz Rzayevin təqdimatı qarşısında boynumuz qıldan nazikdir" cavabını verdi. Təsəvvür edin ki, ona sərgilənən misligörünməmiş humanistlikdən həvəsə gələn E. Tağıyev Bakı Apellyasiya Məhkəməsinin 11 noyabr 2017-ci il tarixli qərarı ilə cəzasını 3 dəfə azaltmasına da qane olmayaraq Ali Məhkəməyə də şikayət vermək cəsarəti tapıb özündə. Zərərçəkmişlərə də xəbər göndərib ki, kiməsə bir qara qəpik də ödəmək niyyətində deyil, çünki əlində-ovcundakı bütün pullarını azadlığa qovuşması yolunda xərcləyib. Beləcə 279 nəfər “Hasil-A” MTK-dan mənzil gözləyən bədbəxtlər, 60 nəfər pulunu geri istəyən zavallı və 210 mənzillik binada hələ də mənzilinə qovuşa bilməyən bir çox zərərçəkmiş əli hər yerdən üzülmüş və son ümid yeri kimi Prezident və Birinci Vitse-Prezidentə fəryadlarının çatdırılmasını istəyirlər. Başqa çarəmiz yoxdur. Belə getsə, ya gedib özümüzü məhkəmə qapılarında yandıracağıq, ya da xarici ölkələrin səfirliklərinə müraciət edərək Azərbaycan vətənbdaşlığından imtina etdiyimizi bildirəcəyik. Çünki bu zülmü Allah da götürməz.

Redaksiyadan: Zərərçəkmişlərin böyük bir qrupunu dinləmişik və onların təqdim etdikləri məhkəmə qətnamələrinin çəkisi 10 kiloqramdan ağırdır. Müstəntiqlərin və hakimlərin məsələyə yanaşma tərzlərinə və çıxardıqları qərarlara baxdıqda adamı dəhşət bürüyür. Biz bacardığımız qədər yüzlərlə şikayətçinin bu fəryadını ictimailəşdirməklə qalmayacaq, ölkənin Ali rəhbərliyinə - Prezident və 1-ci Vitse-Prezidentə müraciət edərək xahiş edirik ki, sözün bütün mənalarında "Əsrin fırıldağı" adı almağa haqq edən bu işin tam ciddiyyəti ilə araşdırılmasına göstəriş versinlər. 

Mövzunu diqqətdə saxlayacağıq. Ümid edirik ki, heç olmasa seçki dönəmində minlərlə ailəyə göz yaşları və bədbəxtlik gətirən bu cinayətin baiskarlarının cəzalandırılaraq zərərçəkmişlərin rəğbətini qazanmaq üçün bir tarixi fürsətdən istifadə ediləcək. Müvafiq struktur rəhbərlikləri bununla ölkə rəhbərliyinə ən böyük yaxşılıq və sədaqət nümunəsi göstərmiş olacaqlar. 
Link kopyalandı!
Son xəbərlər