Podqoritsada “İpək Yolu” festivalı açılıb- FOTO
Cəmiyyət
1655
26 Mar 2017 | 11:31

Podqoritsada “İpək Yolu” festivalı açılıb- FOTO

Martın 24-də Podqoritsa şəhərində Monteneqro-Azərbaycan İqtisadi-Mədəni Mərkəzinin, Türkiyənin Yunus Əmrə və Çinin Konfutsi institutlarının birgə təşkil etdikləri “İpək Yolu” festivalının açılış mərasimi keçirilib.

Martın 30-dək davam edəcək festival çərçivəsində Azərbaycan Rəssamlar İttifaqının üzvü, tanınmış rəssam Darvin Vəlibəyovun “Təəssüratlar” sərgisi nümayiş olunur.

Tədbirdə Monteneqronun mədəniyyət naziri, dövlət və ictimai xadimləri, diplomatik korpusun təmsilçiləri, ziyalılar, mətbuat nümayəndələri iştirak ediblər.

Monteneqro-Azərbaycan İqtisadi-Mədəni Mərkəzinin direktoru Seyran Mirzəzadə tədbirdə çıxış edərək qədim İpək Yolunun bir sıra ölkələrin, o cümlədən Azərbaycanın tarixində rolundan, İpək Yolunun bərpasına dövlətimizin töhfələrindən, Azərbaycan və Monteneqronun multikulturalizm ənənələrindən danışıb. Azərbaycan, Türkiyə və Çin mədəniyyət mərkəzlərinin və institutlarının ilk dəfə müştərək tədbir keçirməsinin əhəmiyyətini vurğulayan natiq bu ənənənin davam etdiriləcəyinə ümidvar olduğunu bildirib. Direktor tanınmış rəssam Darvin Vəlibəyovun yaradıcılığı haqqında ətraflı məlumat verib.

Açılış mərasimində Türkiyənin Yunus Əmrə və Çinin Konfutsi institutlarının direktorları çıxış edib, ebru sənəti və çin rəqsləri nümayiş olunub.

Tanınmış rəssam Darvin Vəlibəyovun sərgisi, xüsusilə Azərbaycan və Monteneqro mənzərələri, həmçinin Xəzər və Adriatik motivləri əsasında çəkdiyi əsərlər böyük maraqla qarşılanıb. Azərbaycan mədəniyyətinin təbliğində töhfələrinə görə Darvin Vəlibəyova Monteneqro-Azərbaycan İqtisadi-Mədəni Mərkəzi adından təşəkkürnamə təqdim olunub.





Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər