Akademik M.Mehdizadə müasirlərinin xatirələrində...
Cəmiyyət
2631
17 Jan 2017 | 21:55

Akademik M.Mehdizadə müasirlərinin xatirələrində...

18 yanvar görkəmli alim, pedaqoq, maarifçi, akademik Mehdi Mehdizadənin doğum günüdür.

“”¦Azərbaycanda bizim öyrənməyi öyrəndiyimiz böyük müəllimlərimiz olub: Üzeyir Hacıbəyov, Firudin Köçərli, Mehdi Mehdizadə, Mir Cəlal, Abbas Zamanov və adları bu şərəfli siyahıda davam etdirilən onlarla digər müəllim. Onlar dünən də olub, bu gün də var, gələcəkdə də olacaqlar”. - Mikayıl Cabbarov, Təhsil naziri

“Mehdizadə çox halal insan idi”, “Mehdizadə çox əməli-saleh insan idi”, “Mehdizadə son dərəcə xeyirxah insan idi” , “Mehdizadə əsl xalq adamı idi” ,” Mehdizadə əsl alim, əsl ziyalı, əsl pedaqoq idi” və s. Təhsilimizin korifeyi akademik Mehdizadə haqqında bu sözləri onunla təmasda olan hər kəsdən eşitmişik, həm sağlığında, həm də dünyasını dəyışdikdən sonra. Xalqın məhəbbətini qazanmış düha haqqında bu sözlərdə müəyyən şiddət görünsə də, onların hamısı Mehdizadə kimi nəhəngin şəxsiyyət biçiminə yaraşır. Məhz bu keyfiyyətlərinə görə hamı onu indi də “ziyalılıq etalonu” sayır. Çünki, onun gecə-gündüz düşündüyü, fikri-zikri Azərbaycan xalqının gələcəyi, böyüyən nəslin təhsili, təlim-tərbiyəsi idi.

Bu mənada Azərbaycan maarifinə düz 23 il rəhbərlik etmiş, hədsiz dərəcədə aydın, işıqlı, xeyirxah, qayğıkeş, gözütox, təmənnasız, millətsevər, xalqına bağlı bir insanın ”“ Mehdi Mehdizadə kimi bir görkəmli şəxsiyyət, təhsil fədaisi, ən nəhayət fəzilətli, böyük bir insan haqqında müasirlərinin heç də tam olmayan bəzi kiçik xatirələrini dəyərli oxucularımızla bölüşməyi özümüzə borc bildik.

Əlbəttə, bu parlaq şəxsiyyət haqqında söz demək nə qədər şərəflidirsə, bir o qədər də məsuliyyət tələb etdiyindən fikirlərimizi yığcamlaşdırmaq qənaətindəyik.Təkcə, onu əlavə etmək istərdik ki, onun müasirlərinin, onunla birgə çalışanların xatirələrini dinləyəndə, yaxud oxuyanda öz-özünə təsəlli tapırsan ki, nə yaxşı ki, təhsilimizdə Mehdi Mehdizadə olub, nə yaxşı cəmiyyətimiz bu cür örnək insanlardan xali deyil.

Bu gün təhsildə demokratikləşmənin, humanistləşmənin, aşkarlığın, şəffaflığın, sağlam pedaqoji təfəkkürün, mənəvi düşüncənin, tabeçilikdə olanlara diqqət və qayğının,müəllimə,onun nüfuzuna yanaşma tərzinin incəliklərini mənimsəmək üçün Mehdi müəllimin həyat yoluna, nəzəri irsinə dönə-dönə nəzər salmağımıza böyük ehtiyac duyulur.Onun müasirlərinin, onunla birgə çalışanların xatirələrini dinləyəndə, yaxud oxuyanda, onun nə qədər alicənab insan olduğunun bir daha şahidi olursan.

“Mehdi müəllimlə söhbətlərimizdən hiss edirdim ki, o, Azərbaycan diyarının gözəl bilicisi və bələdçisidir. Bu cəhət onun vətən torpağına məhəbbətindən irəli gəlirdi”¦”

Mikayıl Abdullayev, xalq rəssamı

“Azərbaycanın görkəmli elm, maarif, ictimai xadimləri arasında xüsusi mövqeyi və dəst-xətti olan akademik M.Mehdizadə eyni zamanda təbiətən yüksək ziyalılıq mədəniyyəti ilə daha çox diqqəti cəlb edirdi”¦”

Süleyman Ələsgərov, bəstəkar, xalq artisti, professor

“Akademik Mehdi Mehdizadə mənim xatirimdə güclü bir nazir, pedaqogika sahəsində tanınmış alim, şərəfli bir müəllim və şəxsiyyət, ləyaqətli insan, gözəl ailə başçısı kimi qalıb, özü də hər çeydən əvvəl, yüksək ixtisas biliyi, səriştəsi, işlədiyi və rəhbərlik etdiyi sahədə mötəbər nüfuzu, təcrübəsi və siqləti olan şəxs kimi”¦”

Fuad Qasımzadə, akademik

“Mehdi müəllim ömrünün son günlərinədək haqqa, ədalətə, sadiq qaldı.Haqqın,ədalətın carçısı oldu.Bu ali insani keyfiyyətlər onun canına, qanına hopmuşdu”.

Budaq Budaqov, akademik

“Akademik Mehdi Mehdizadə öz şəxsiyyəti, şəxsı nümunəsi ilə hər yerdə, hər zaman yüksək pedaqoji etikanı nümayiş etdirirdi.Yüksək dərəcədə mədənilik, düzlük, paklıqədalət, qayğıkeşlik, səmimiyyət, təvazökarlıq onun şəxsiyyətinin heyrətamiz cəhətləri idi”¦”

Hüseyn Əhmədov, akademik

“Mehdi müəllim UNESCO-nun maarif və mədəniyyət komissiyasına üzv seçilmişdi. Bu təkcə M. Mehdizadənin bir görkəmli alim kimi elmi nüfuzunun deyil, həm də Azərbaycan pedaqogikasının uğurlarının beynəlxalq səviyyədə təsdiq olunması idi”.

Əbdül Əlizadə, professor

“Bu qədər tanınmış, yüksək səviyyəli, böyük titullu alim olasan, amma Bəşiir kimi balacaların yazılarını oxuyub qiymət verməsini unutmayasan... Bunun özü Mehdizadənin böyüklüyünə dəlalət edir...”

Bəşir Əhmədov, professor

“Akademik Mehdi Mehdizadənin həyatına, ömür yoluna, geniş pedaqoji fəaliyyətinə diqqətlə nəzər yetirdikdə görürük ki, o, həmişə, hər an səmərəli nətıcə verən işlər görmüşdür.O, pedaqoji fəaliyyətin bütün sahələrində öz dəsti-xətti, səyi və təşəbbüskarlığı ilə diqqəti cəlb etmiş, xoş təəssürat yaratmışdır”¦”

Zahid Qaralov, professor

“Nazir Mehdizadə ilə ünsiyyətdə olmaq ona görə xoş idi ki,o, hər şeyi bilirdi.Bu və ya digər problemlə əlaqədar irəli sürdüyün ideyanı dərhal tutur, dərin elmı disskusiyaya girişir və onu inkişaf etdirirdi”¦”

Yəhya Kərimov, professor

Mehdi müəllim sözün geniş mənasında maarif fədaisi idi. O təcrübəli, işgüzar, ixtisasını dərindən bilən və lazımi tələblər səviyyəsində tədris edən müəllimlərə ehtiram göstərirdi. Əsərlərində belə müəllimlərin adını çəkir, iş təcrübələrini işıqlandırırvə təhlil edirdi”¦

Şəmistan Mikayılov, professor

“Bəzilərini səlahiyyətin böyüklüyü çaşdırır, xalqdan ayrı salır. M. Mehdizadə əsrin dörddə birini nazir oldu. Bu müddətdə o, sadəliyi özünə şüar elədi”¦”

İmanverdi Əbilov, professor

”Mirzə Fətəli Axundzadə nəsrdə, Səməd Vurğun poeziyada, Üzeyir Hacıbəyli musiqidə kim idisə akademik Mehdi Mehdizadə də təhsilimizdə o idi.“

Əjdər Ağayev, professor

“Onu son mənzilə yola salanda bir daha əmin oldum ki, xalqının xidmətində duranlar, qayəsi yaxşılıq, xeyirxahlıq etmək olanlar dünyasını dəyışsələr də mənən əbədi olaraq yaşayacaqlar”¦”

Rəfiqə Mustafayeva, professor

Mehdi müəllimin zəngin pedaqoji irsi, bir-birindən dəyərli, fundamental əsərləri xalq maarifinin, pedaqogika elminin ən müasir problemlərinin tədqiqi, həlli yolunda karımıza gəlir, ziyası tükənməyən bir mayak kimi bizə doğru, düzgün yol göstərir.

Vidadi Xəlilov, professor

””¦Yaxşı yadımdadır, 134 nömrəli məktəbin 7-ci sinfində oxuyurdum. Qışın oğlan cagı idi. Bərk qar yağırdı.Atam anamı məni məktəbə aparmağa qoymadı, özü apardı.Qapıdan içərı girdik. Gördüm ki, hamı əl-ayağa düşdü, narahat olmağa başladı. Atam isə təmkinlə dedi: Niyə qaçırsınız, gəlmişəm hal-əhvalınızı soruşum, məktəbin vəziyyəti ilə tanış olum”¦”

Zemfira Mehdizadə, M.Mehdizadənin qızı

“Xeyli vaxtdır ki, əzizimiz, mehribanımız əlçatmaz, ünyetməz bir aləmdədir. Biz isə Mehdi müəllimin hərarətli nəfəsini heç cür unuda bilmirik. Bu gün bizi onun əbədi xatirə qalan şəklindən boylanan mehriban və qayğılı baxışları ovundurur. Bu baxışların qarşısında baş əyib deyirik: Sənsiz Səninləyik, əzizim!”

Lətifə Mehdizadə, akademik M.Mehdizadənın həyat yoldaşı

Azərbaycanda orta təhsilin inkişafında müstəsna rolu olan akademik Mehdi Mehdizadənin o zaman gördüyü işlər və irəli sürdüyü ideyalar dövrü üçün çox böyük əhəmiyyət kəsb etməklə yanaşı, indiki orta təhsil sisteminə də önəmli töhfələr vermişdir. Belə insanların xatirəsi həmişə əziz olmalıdır.

Etibar Əliyev,
Nadir İsrafilov
Link kopyalandı!
Son xəbərlər